Radikallar vahid mövqe nümayiş etdirə bilmirlər
Radikal müxalifət düşərgəsində "bəy"lərin vahid mövqe nümayiş etdirə bilməməsi onların siyasi bacarıqsızlıqlarından irəli gəlir. Onlar yalnız öz mövqeləri naminə, daha doğrusu, 5-10 manat pul uğrunda mübarizə aparırlar. Satqınçılıq, özgəsinə quyu qazmaq müxalifət liderlərinin çoxdankı peşələridir. Onlar gah biri-biriləri ilə dost olurlar (daha doğrusu, dost cildinə girirlər), gah da biri-birilərinin düşmənlərinə çevrilirlər. Əgər bir düşərgədə təmsil olunan müxalifət liderləri öz dostları ilə düşmənlərini ayırd edə bilmirlərsə, belələri hakimiyyəti necə idarə edə bilərlər? Çünki bunların idarəetmə sistemindən, siyasətdən xəbərləri yoxdur. 90-cı illərin əvvələrində radikal müxalifət "bəy"lərinin bir illik hakimiyyəti dövrində xalqın hansı bəlalarla üzləşdiyini, anarxiya, məmur özbaşınalığı, müharibə şəraitində yaşamasını heç kəs yaddan çıxarmayıb. Heç bir azərbaycanlı bir də o günləri yaşamaq istəmir. Əgər hazırkı müxalifət yenidən hakimiyyətə gələrlərsə, (bu, onsuz da, heç zaman baş tutan deyil) yenidən ölkəmizin başı üstünü qara buludlar alacaq. Yenə də müharibə, aclıq, səfalət və s.
Sosial bazası tükənən, ümumiyyətlə, iflic vəziyyətdə olan düşərgədə vəziyyət olduqca ağırdır. Artıq həm partiyalararası, həm də partiyadaxili mübarizələr pik nöqtəyə çatıb. "Bəy"lərin gizlin savaşı indi də açıq müstəviyə keçib. Bir müddət öncə, bu mübarizədə fəallıq nümayiş etdirən "ACP" lideri Rəsul Quliyev artıq geri çəkilməyə məcbur olub. Səbəb ondan ibarətdir ki, bir zaman Akif Şahbazovla Zəminə Dünyamalıyevanı müxalifətdəki rəqiblərinə qarşı savaşa cəlb edən R. Quliyev adıçəkilən şəxslərin "ACP"-dən getməsindən sonra mübarizədən kənarda qaldı. Onu da nəzərə almaq lazımdır ki, "bəy"lərin mübarizəsi yalnız qarayaxma, böhtan və təhqirdən ibarətdir.
Müsavat başqanı İsa Qəmbərov həm partiyadaxili mübarizədən, həm də partiyalaraarası mübarizədən yaxasını qurtarmaq üçün xarici qüvvələrdən aldığı pullar hesabına tez-tez xaricə üz tutur. Bunu da "siyasi səfər" adlandırır. Siyasətdən uzaq olmaqda ondan heç də geri qalamayan AXCP (i) sədri Əli Kərimov isə yaxın gələcəkdə, ümumiyyətlə, siyasət aləmi ilə vidalaşmaq istəyir. AXCP (i)-dən istefa verən siyasi partiya üzvləri, o cümlədən, adıçəkilən partiyanın rəhəbrliyində çalışan Cəmil Həsənli, Qüdrət Həsənquliyev, Fuad Mustafayev ənənəsini davam etdirmək istəyində olan "Yurd" şefi bu istəyini tezliklə reallaşdıracaq.
"Ümid" partiyasının sədri İqbal Ağazadə isə nə Ə. Kərimovu, nə də İ. Qəmbərovu müxalifət hesab etmir. Məhz bunun nəticəsidir ki, Müsavat başqanı "Ümid" rəhbəri ilə mübarizəsini daha da genişləndirməkdədir. İ. Qəmbərov, ilk öncə, bu mübarizəsini Pənah Hüseynov vasitəsi ilə həyata keçirdi. İndi isə, özü bu mübarizənin önündə gedir.
Qarşıdan bələdiyyə seçkiləri gəlir. Radikal müxalifət bu seçkilərdə də qalib gələ bilməyəcəyini anlayaraq, biri-biriləri ilə savaşa giriblər. Bu, da onu göstərir ki, radikal düşərgənin bələdiyyə seçkilərində də qalib gəlmək şansı yoxdur. Belə olduğu tədqirdə, onlar- Müsavat başqanı İ. Qəmbərov, AXCP (i) sədri Ə. Kərimov, "MBH" lideri Lalə Hacıyeva və bu tip "siyasətçilərin" prezident və parlament seçkilərində qalib gəlmələri nə qədər real, inandırıcı görünür?