MÜXALİFƏTİN QƏLƏBƏ XÜLYASI
Amma, bu çağırışın heç bir effekt verməyəcəyi şübhəsizdir. Əgər müxalifət sivil mübarizə metodu olan seçkilərdə iştirak etmirsə (və ya iştirak etməyə cəsarət edə bilmirsə), onda niyə fəaliyyət göstərir? Axı indi başqa zamandır, indi güc yolu ilə, hərbi çevrilişlər və s metodlarla hakimiyyətə gəlmək mümkün deyil.
Demokratik mübarizə vasitəsindən- seçkilərdən imtinaya, demək olar ki, heç bir partiya getməz. Çünki bu halda, həmin partiya cəmiyyətdə ciddi qəbul oluna bilməz. Bir çox müxalifət partiyaları kənardan hay-həşir salırlar ki, ən güclü bizik, bizim lider ən nüfuzlusudur və s. Amma seçkidə uduzacaqlarını bildiklərindən, ya meydandan qaçır, ya da səslərini kəsib dururlar bir kənarda, guya ki, boykot aksiyası keçirirlər. Düzdü, hələ seçkilərə bir az zaman var, amma bu, əksər siyasi qüvvələrə seçkidə iştirak edəcəkləri və öz namizədlərini müdafiə edəcəklərini bəyan etməyə mane olmayıb.
Müsavat partiyası bələdiyyə seçkilərini boykot etməyəcək. Bu barədə məlumat verən Müsavat Məclisinin sədri Sülhəddin Əkbər bildirib ki, Müsavat partiyası seçkilərin boykot olunmasına dair çağırışları yanlış və zərərli hesab edir: "Müsavat partiyası hesab edir ki, cəmiyyətdə seçkilərə böyük inamın olmadığı və cəmiyyətin fəallığının aşağı səviyyədə olduğu bir dövrdə seçkilərin boykot olunacağına dair fikirlər səsləndirmək olmaz. Çünki bu cəmiyyətə xeyir gətirmir və əhalinin onsuz da aşağı səviyyədə olan fəallığına zərbə vurur".
Burda qəribə məqam ondan ibarətdir ki, əhalinin aşağı fəallığı deyildikdə, nəyin nəzərdə tutulduğu məlum olmur. Birincisi, əhali yalnız 5-10 müxalifmövqeli vətəndaşdan ibarət deyil. İkincisi, əhali heç də qeyri-fəal deyil.
Məsələn, Yeni Azərbaycan Partiyasının üzvləri çox aktivdirlər. Partiya tərəfindən hər gün müxtəlif tədbirlər, aksiyalar və s ictimai fəaliyyət yönündə işlər həyata keçirilir və bu tədbirlərdə yüz minlərlə üzv (yəni, əhali) iştirak edir. Siyasi fəaliyyətlə məşğul olmayan vətəndaşlarımız isə işgüzar və ya humanitar fəaliyyətlə məşğul olurlar.
Bu arada millət vəkili Pənah Hüseynov maraqlı açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, əgər müxalifət qüvvələri maliyyə dəstəyi tapa bilsələr, bu il onların qələbə ili ola bilər. Maraqlı fərziyyədir, amma Pənah bəy bu maliyyə dəstəyinin məbləği və onun qaynağı haqda heç zad deməyib.
Əvəzində bildirib ki, müxalifət qüvvələri ən qısa müddətə seçki strategiyası və taktikasını işləyib hazırlamalıdır: "Bizim 15 illik seçki təcrübəmiz var və konkret olaraq, seçkilərdə iştirak etmək istəyən qüvvələrin və onların namizədlərinin bir araya gəlməsi, indiki halda, Seçki Məcəlləsinin təkmilləşdirilməsi istiqamətində səylər, müxalifətin istər intellektual, istər maddi, istərsə də, siyasi resurslarının mobilizasiya edib birləşdirilməsi olduqca vacibdir. Təəssüf ki, bu istiqamətdə problemlər həll edilməmiş qalır və bəzi siyasi partiyalar, ümumiyyətlə, sonraya saxlayırlar".
Ümumiyyətlə, Pənah bəy düz deyir. Necə yəni yaydır, nə bilim payızdır? Bu partiyalar mövsümi fəaliyyət göstərməlidir ki? Qışda soyuqdur, yayda istidir, yazda vaxt yoxdur. Zatən Azərbaycan müxalifətində çoxdandır ki, bir tendensiya hökm sürür. Siyasilər payızda fəallaşırlar, sonra qiş yuxusuna gedirlər, sonra ayılıb özlərinə gələnə kimi yaz da qurtarır və yenə də payız gəlir.
Bəziləri hətta bu seçkidə də heç nə əldə edə bilməyəcəklərini bildiklərindən, fəaliyyətlərini starteji planda qurmağa üstünlük verirlər, yəni sonrakı (2010, 2013) seçkilərə ümid edirlər. Amma o vaxtadək meydanda qalmaq üçün hərdənbir bəyanatdan-zaddan vermək lazım gəlir.
Pənah müəllimin dediyinə görə, müxalifətdə elə qüvvələr var ki, onlar iqtidarla müxalifət arasında mübarizənin ciddi mərhələsi kimi 2010-cu ili hesab edirlər və 2009-cu ildə isə buna hazırlıq mərhələsi kimi baxmağı təklif edirlər.
"Öncəki seçkilərdə vəziyyət qələbəyə imkan vermədi. Ona görə də, hesab edirəm ki, vəziyyət daha ciddiləşdirilməlidir. Sadəcə, mübarizə formaları bir qədər dəyişdirilməlidir, seçkidən-seçkiyə hazırlanmış strategiyadan əl çəkilməlidir və seçkinin özünə də strateji hədəf kimi baxılmalıdır. Şans həmişə var. Amma ortaya tezliklə siyasi iradə qoyulmalıdır. Əgər siyasi iradə olsa, müxalifətin kifayət qədər ciddi şansları olacaq.
Amma gərək öncə bir suala cavab tapaq: müxalifət bizim yuxarıda dediyimiz və demədiklərimizi etmək üçün lazım olan maliyyəni tapa biləcəkmi? Bələdiyyə seçkilərində müxalifətin iştirakının taleyini əhəmiyyətli dərəcədə bax, bu həll edəcək"-deyə P.Hüseynov bildirib.
Pənah müəllimin fikrincə, seçkiyədək "yaz gəlsə", yağış yağmasa, yonca bitsə və "eşşək" ölməsə, qələbə qazanmaq olar. Bu, çox asandır- bir kəllə qənd, 3 manat pul, bir də molla. Bu şeylər keçmişdə kəbin kəsmə zamanı lazım olurdu, indi isə tamam başqa mərasimdə lazım olur...