PDF Oxu

Müxalifət

  • 11

Pənah Hüseynov da İqbal Ağazadəni müxalifət hesab etmir

Pənah Hüseynov da İqbal Ağazadəni müxalifət hesab etmir
Müxalifət düşərgəsində böhranlı durum partiyalararası qarşıdurmalarla daha da ağırlaşmaqdadır. Bu da, bəzi siyasi şərhçilərin dediyi kimi, müxalifət üçün heç də yaxşı perspektiv vəd etmir. Çünki son dərəcə kritik daxili durumun nəticə etibarilə müxalifətin parçalanmasına gətirib çıxaracağı şübhəsizdir. Daha doğrusu, artıq müxalifət partiyalarının bəzilərinin dağılması işartıları görünməkdədir.
Xüsusilə də, bu daha çox ADP-də, Müsavatda, "Ümid" və "AXCP" (i)-də özünü göstərməkdədir. "AXCP" (i)-nin ötən ay 30-a yaxın kollegial orqan üzvünün istefa verməsi və 4 rayon təşkilatının buraxılması bu partiyanın perspektivini sual altına qoydu. Gözlənilməz hal olsa da, "AXCP" (i) sədri Əli Kərimov da partiyanın ağır proseslər yaşadığını etiraf etdi. "Yurd" şefi böhranlı vəziyyəti aradan qaldırmaq üçün bəzi müxalif partiya sədrləri ilə məsləhətləşmələr apardığını söylədi. Amma acı reallıq mövcuddur ki, əksər müxalifət partiyalarının vəziyyəti heç də "AXCP" (i)-dən fərqlənmir. Bu nöqteyi-nəzərdən "keçəl dərman bilsə, öz başına sürtər" məsəlinə uyğun olaraq, Müsavat, ADP, ALP və digər partiya sədrləri də çarə bilsəydilər, əlacı rəhbərlik etdikləri partiyaların dağılmasının qarşısını almağa yönəldərdilər. Ona görə də, batan gəmini xilas etmək mümkün olmadığı kimi, "AXCP" (i)-nin, eləcə də, digər partiyaların tarixin arxivinə atılmasının qarşısını almaq mümkün olmayacaq.
Hazırkı mərhələdə daxili proseslərin inkişafı, onu deməyə əsas verir ki, "AXCP" (i)-dən sonra siyasi səhnəni "Ümid" partiyası tərk edəcək. Çünki "Ümid" partiyasının sədri İqbal Ağazadə, ictimaiyyət arasında olduğu kimi, müxalifət düşərgəsində də, arzuolunmaz şəxs hesab olunur. Bu məxluq haqqında istər müxalifət funksionerləri, istərsə də, müxalifət qazanının dibini yalayan qəzetlər ən sərt təhqirlər deyir və yazırlar. Demək olar ki, İ.Ağazadə müxalifət düşərgəsində təcrid vəziyyətinə düşüb. Bunu heç də təsadüfi hesab etmək olmaz. Çünki İ.Ağazadə bugünkü qiymətini dünən etdiyi kobud səhvlərinə görə qazanıb. Hələ 2003-cü il 15-16 oktyabr hadisələri zamanı İ.Ağazadə Müsavat başqanı İsa Qəmbərovu, partiyanın başqan müavinləri Arif Hacıyevi, Sülhəddin Əkbəri, Rauf Arifoğlunu, ADP sədri Sərdar Cəlaloğlunu, AXP-nin keçmiş sədri Pənah Hüseynovu və digərlərini televiziya efirində çıxaraq, tənqid və təhqir etmiş, onları ölkədə iğtişaşlar yaratmaqda günahlandırmışdır. Elə o zaman bəzi qəzetlər İ.Ağazadəni hakimiyyətin sifarişi ilə fəaliyyət yolu tutmaqda günahlandırmışdılar.
Bir sözlə, "Ümid" sədrinin arzuolunmaz şəxsə çevrilməsinin kifayət qədər əsasları mövcuddur. İ.Ağazadənin bu əsasları həzm edə bilməməsi daxili durumun daha gərgin xarakter almasına gətirib çıxarır. Belə ki, əgər dünən İ.Ağazadəni ADP sədri Sərdar Cəlaloğlu, Müsavat funksionerləri Arif Hacıyev və Sülhəddin Əkbər ən kəskin söz və ifadələrlə tənqid edirdilərsə, artıq bu sıraya AXP-nin keçmiş sədri Pənah Hüseynov da qoşulub. P.Hüseynov oktyabrın 1-də keçirilən parlament iclasında "Azərbaycan müxalifətinin fəaliyyəti haqqında" layihəsindən söhbət açıb. Müxalifət texnoloqu faktlara əsaslanaraq, bildirib ki, o və onun əqidə yoldaşları heç zaman Müsavat, "AXCP" (i) və "KAXCP"-dən başqa müxalifət düşərgəsində hakimiyyətə müxalif partiya olduğunu görməyiblər: "Ümid" partiyası, ümumiyyətlə, müxalifət hesab olunmur. Çünki İ.Ağazadənin çoxtərəfli siyasi fəaliyyəti "Ümid"in qeyri- müxalifət partiyası olduğunu göstərir".
P.Hüseynovun dediyinə görə, növbəti həftə "Qarabağ və Respublika Uğrunda Hərəkat"ın toplantısı keçiriləcək və "Ümid" partiyası hərəkatdan çıxarılacaq: "İ.Ağazadə özünü qeyri-konstruktiv addımları ilə müxalifətin imicinə ciddi zərbələr vurur. Xüsusilə də, seçki komissiyaları ilə bağlı "Ümid"in tutduğu mövqe müxalifətin prinsiplərinə ziddir. Ona görə də, bu partiya "Qarabağ və Ruspublika Uğrunda Hərəkat"ın sıralarında qala bilməz".

Digər xəbərlər