Radikal müxalifət düşərgəsində “vətəndaş müharibəsi”
"Qarabağ və Respublika Uğrunda Hərəkat"a daxil olan partiyalar arasında yaranan mübahisələr hərəkatın parçalanması ilə nəticələnə bilər. Bələdiyyə seçkiləri öncəsi müxalifət düşərgəsində yaranmış arzuolunmaz durum müşahidə olunur. Son günlərdə Müsavatla "Ümid" arasında yaranmış qarşıdurma radikalların birlik ideyalarının utopiyadan başqa bir şey olmadığını göstərdi.
Məlum olduğu kimi, 28 sentyabr 2009-cu il tarixli "Yeni Müsavat" qəzetində "Müsavatçı deputatlar sərt danışdılar" başlıqlı yazıda "Ümid" partiyasının sədri, millət vəkili İqbal Ağazadənin Müsavat deputat qrupunun parlamentdən getməsi təklifinə münasibətləri çap olunub.
"Qarabağ və Respublika Uğrunda Hərəkat"ın daxilində baş verən "Ümid"-Müsavat gərginliyi fonunda "Ümid" partiyasının Müsavat deputat qrupunun geri çağırılması haqda bəyənatına cavab olaraq Müsavat funksionerlərindən adekvat olmayan cavablar gəldi. Müsavat "Ümid"in seçki komissiyalarındakı nümayəndələrinin dəyişdirilməsini təklif edib.
"Ümid" partiyası Ali Məclisinin sədri Ənvər Ağazadə Müsavat partiyasını müxalifətin birliyini pozmaqda ittiham edib: "Müsavat partiyası "Ümid" partiyasına seçki komissiyalarından nümayəndələrini geri çağırmaqla bağlı etdiyi təklifi sonradan müxalifətin birliyinin qalması üçün şərt kimi irəli sürməsi, əslində, bu birliyin dağıdılması üçün çox da yaxşı olmayan bir bəhanədir.
Birincisi, bu təklifi şərt kimi irəli sürənlər yaxşı bilirlər ki, seçki komissiyalarındakı nümayəndələri geri çağırmaq üçün bizim əlimizdə heç bir hüquqi mexanizm yoxdur. Əgər bu ajiotaj yaratmaq üçündürsə, onda parlamentdən imtina ilə bağlı bizim təklif etdiyimiz variant daha real və effektlidir. (Qeyd edək ki, bir qədər öncə, "Ümid" partiyası Müsavat deputat qrupunun geri çağırılması haqda təklif irəli sürmüşdü- E.B.)
Bundan öncə isə Müsavat funksionerləri iddia etmişdi ki, "Ümid" partiyasının komissiyalardakı nümayəndələri fəaliyyətləri ilə özlərini doğrultmayıblar. Ağazadə isə bunu əsassız ittiham adlandırıb.
Partiya sədrinin müavini "Ümid"ə edilən təkifi qeyri-səmimi və məntiqsiz hesab edir: "Bu təklif partiya maraqları naminə müxalifətin birliyini pozmaqdan ötrü bir bəhanədir". Ağazadə bildirib ki, partiya rəhbərliyinin Müsavatın təklifini qəbul etmək fikri yoxdur: "Bu gün "Ümid" partiyasında təmsil olunan şəxslərin böyük əksəriyyəti fədakar insanlardır. Lakin hamıdan eyni cür qəhrəmanlıq gözləmək doğru deyil. Əgər hərəkat dağılacaqsa, bunun məsuliyyəti Müsavat partiyasının üzərində qalacaq".
Ənvər bəy "hamıdan eyni cür qəhrəmanlıq gözləmək doğru deyil" ifadəsi ilə, əslində, Müsavat partiyasındakıların satqın və qorxaq olduğunu idda edib. Bu da qarşı tərəfi qəzəbləndirib və mətbuatda iki partiya arasında savaş başlayıb.
"Ümid" partiyası mətbuat və informasiya məsələləri üzrə sədr müavini Şəbnəm Karslı bildirib ki, partiya hərəkatın dağılma təhlükəsinin aradan qalxması, yolda olduğu yerdən davam etmək naminə məlum bəyənatı yayıb: "Lakin təəssüf hissi ilə qeyd etmək istərdim ki, "Ümid" partiyasının bəyanatı bəzi mətbu orqanlarda partiyanın şərtindən geri çəkilməsi kimi xarakterizə olunub. Təbii ki, bizim bu səmimi münasibətimizə qarşılıq olaraq hərəkat daxilində təmsil olunan Müsavat partiyasından da eyni dərəcədə səmimi olmasını tələb edirik. Biz şərtimizdən geri çəkilməzdən öncə, Müsavat partiyasının təklifindən geri çəkməsini tələb edirik. Yalnız bu halda, "Ümid" öz şərtindən geri çəkilə bilər".
"İlk öncə, bildirmək istərdim ki, Müsavat deputat qrupunun geri çağırılması məsələsini İqbal Ağazadə qaldırmayıb. Müsavat başqanının "Ümid" nümayəndələrinin MSK, dairə və məntəqələrdən geri çağırılması təklifinə cavab olaraq "Ümid" partiyası rəyasət heyəti bu qərara gəlib və təklifin hərəkat daxilində irəli sürülməsi "Ümid" sədri tərəfindən həyata keçirilib. İkram bəy bildirir ki, Müsavat deputat qrupunun parlamentdən imtina məsələsi İqbal bəyin şəxsi istəyi ilə həll olunmur.
O zaman sual yarana bilər ki, İsa bəy "Ümid" nümayəndələrinin seçki komissiyalarından imtina məsələsini qaldırarkən, bunun öz şəxsi istəyi ilə həll olunacağınımı düşünürdü? Bu məsələ də "Ümid" partiyasında müzakirə olunmuş və müzakirə zamanı İsa bəyin təklifi daha da inkişaf etdirilərək, bütün müxalifətin, nəinki seçki komissiyalarından, hətta parlamentdən imtina etməsi kimi yeni bir təklif irəli sürülmüşdü.
O ki qaldı, qeyri-səmimi müttəfiqlik etmək fikrinə, bu, sadəcə, yaxın keçmişi görə bilməməkdən irəli gəlir. Eyni blokda təmsil olunan AXCP (i) və ALP qazandıqları yerdən imtina edərək, parlamentə getmədikləri zaman fərqli mövqe tutan və blokdan çıxan müsavatçılar "Ümid" partiyasına müttəfiqlik dərsi keçə bilməzlər".
Qeyd edək ki, Müsavat funksionerlərinin mövqeyində bildirilir ki, "Ümid" partiyasının seçki komissiyalarındaki nümayəndələrinin fəaliyyəti səmərəsiz olub bir çox hallarda hakimiyyətin mövqeyindən çıxış edirlər.
Bu arada "Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı"nın təsisçilərindən biri "Azərbaycan Naminə İcimai Forum"un prezidenti Eldar Namazovun sözügedən qurumdan çıxacağı ilə bağlı məlumatlar gündəmə gəlib. Hərəkatın digər üzvlərinin açıqlamalarında da E.Namazovun qurumdan uzaqlaşacağı təsdiqlənir.
Müsavat partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacıyev məsələylə bağlı aparılan müzakirələrdə iştirak etmədiyini bildirib: "Ancaq bilirəm ki, referendum kampaniyası dövründə Eldar Namazov hərəkatın işində iştirak etmədi. Bu barədə səbəblər irəli sürülmüşdü, gah onun səhhətindəki problemlərdən, gah da Azərbaycanda olmamasından danışıldı. Onun hərəkatdan kənarlaşdırılması ilə bağlı fikirlərin motivi yalnız referendum kampaniyası dövründə hərəkatın işində iştirak etməməsi ilə bağlı ola bilər".
Öncədən fikir ayrılıqlarının olması ilə bağlı məsələyə gəlincə, A.Hacıyev deyib ki, E,Namazovun hərəkatda hansısa məsələylə bağlı fikir ayrılığının olması ilə barədə məlumatı yoxdur və onun özü də bu barədə heç vaxt heç nə deməyib. Bu səbəbdən də, Müsavat yetkilisi E.Namazovun fikirlərinin anlaşılmadığını söyləyib: "Əgər formatla bağlı, yaxud hansısa başqa problem var idisə, mənə elə gəlir ki, Eldar bəyin öz fikrinin bildirməsi üçün imkanları olub. Bu səbəbdən, onun açıqlaması mənim üçün qəribə göründü".
Zaman göstərir ki, müxalifət partiyalarının birlikləri müvəqqəti və dekorativ xarakter daşıyır. Müxalifətin heç bir zaman ciddi xarakter daşıyan birliyi olmayıb. Bu günə kimi müxalifətin müxtəlif birlikləri yaranıb, ancaq sonda parçalanıblar və heç nəyə nail olmayıblar. "Qarabağ və Respublika Uğrunda Hərəkat" yarandığı gündən dağılmağa məhkum idi. Çünki yaradılan bu birliklərin əsasında hər hansı bir konsepsiya yoxdur. Sadəcə, hər seçki ərəfəsində bir yerə yığışıb siyasi oyunlar çıxarır və gündəmə gəlməklə xaricdən 5-10 quruş qrant lamğa cəhd edirlər.