Siyasi dəyişikliklər dövrünü yaşayan müxalifət düşərgəsində qəribə proseslər gedir. Radikal düşərgədə gedən proseslər, onu deməyə əsas verir ki, onların ümumi məqsədi və maraqları yoxdur. Hazırda radikal müxalifət partiyaları bir neçə blokda və qurumda birləşsələr də, aralarında birlik yaratmaq cəhdləri heç bir nəticə vermir. Üstəlik, belə ittifaqlarda birləşən partiyalar belə, öz aralarında vahid mövqeyə gələ bilməyirlər.
Özlərinin də etirafı etdikləri kimi, həqiqətən də, müxalifət partiyalarının özlərinin bir-biri ilə ciddi münaqişələri var və bu hamının bir yerdə olmasını əngəlləyir. Nəticədə "Əli aşından da, Vəli aşından da olurlar". O zaman belə bir sual ortaya çıxır: bəs bölünməyən nədir? Axı, bu qüvvələrin hər biri yaxşı anlayır ki, nəinki təklikdə, hətta bütün müxalifət birləşsə belə, heç bir şansları yoxdur.
ASDP həmsədri Zərdüşt Əlizadə düşərgədə yaranmış vəziyyətlə bağlı açıqlamasında bildirib ki, liderlər, sadəcə, siyasi oyun oynayırlar. Məqsəd, həmişə dediyimiz kimi, eynidir - özünü xarici ağalara real müxalifət qurumu və siyasi güc mərkəzi kimi satmaq və bununla da, ölkəyə axan qrantları ələ keçirmək. Məhz buna görə də, bir çox partiyalar müxalifətin ümumi marağı naminə özlərinə edilmiş müraciətə rədd cavabı heç bir qurumda müsbət qarşılanmadı. Elə buna görə, bəzi partiyalar ayrıca qurumlar yaradıb digərlərini iqtidara satqınlıqda ittiham etdi.
Bu fikirləri təsdiqləyən AXCP (i)-nin Sabirabad rayon təşkilatının sabiq üzvlərindən Ramiz Hümbətov, Dövlət Nəsibov, Məhəmməd Cəfərov "Səs"ə verdikləri açıqlamalarında bildirdilər ki, bütün müxalifləri siyasi mübarizə yox, yalnız pul və şöhrət maraqlandırırdı. AXCP (i) funksioneri Dövlət Nəsibov düşərgə liderlərinin simasız olduğunu vurğuladı: "Məsələn, Əli Kərimovun nə vecinədir ki, AXCP (i) dağılır?! Simasız adamdan nə gözləmək olar? Bu adamın əlindən satqınlıqdan və xəyanətdən başqa nə gəlir ki? Görmədinizmi, o vaxt bu uşağı götürüb qoydular dövlət katibi, nə həngamə çıxardı. O boyda Xalq Cəbhəsini necə parçaladı. Deyilənə görə, xasiyyəti də yaman pisdir, heç kimlə yola getmir. Bu xasiyyətinə görə, onu heç müxalifət düşərgəsində də "priznavat" eləmirlər. Başını oralarda güclə girləyir. Yaxud da, Müsavat başqanı İsa Qəmbərovun nə qulağına ki, partiyanı tərk edənlər çoxalır, silahdaşları pis vəziyyətdə qalır. Bu adamın Novxanıda bir villası, bağı-bağçası var ki, iki (və ya dörd) göz istəyir ki, tamaşasına dura. Eyni ilə, AMİP lideri Etibar Məmmədov da daha tamam qurtarıb. Yəni, siyasi cəhətdən. İqtisadi cəhətdən isə, durumu fənadır. O, qədər onu-bunu aldatdı, nala-mıxa döydü ki, indi bir köpəyoğlu ona yaxın durmur. O da işini başa düşüb, partiya sədrliyindən əkildi və özünü AMİP-in lideri elan etdi. Mühacir ömrü yaşayan "ACP" sədri Rəsul Qulieyvə gəldikdə isə, bu adam haqda siz məndən də çox bilirsiniz. Amerikada şellənən bu adam Azərbaycanda ara qarışdırmağa can atır. İqtidardan qurtardı, keçdi müxalifətə, ağzına gələni yağdırır okeanın o üzündən. Bəzi "badbaxtlar" da onu özlərinə lider seçmişdilər. İndi peşman olublar, amma gecdir. Yerdə qalır bir neçə böyük iddiaya malik kiçik "lidercik" ki, onlar haqda da heç yazmağa belə dəyməz. Bu adamlar dərəni xəlvət hesab eliyib, ortalığa atılıblar. Amma heç bir "zad" yeyə bilməyiblər".
Bu fikirləri "Vəhdət" partiyasının sədri Tahir Kərimli də təsdiqlədi. Bildirdi ki, müxalifət düşərgəsində bir əməlli adam yoxdur. Olanlar da yorulub-usanıb, meydanı tərk etmək istəmirlər. Amma bu "qoca qurdlar"ın çıxış yolu qalmayıb. Bələdiyyə seçkilərinə kimi, yaratdıqları hər hansı qurumun yaranmasının yenə heç bir əhəmiyyəti yoxdur. Nə qədər ki, gec deyil və azacıq qanacaqları varsa, üzüsulu gedib bacardıqları işlə məşğul olsunlar. Elə vəziyyət yaratmasınlar ki, qoca liderlər xalq tərəfindən fitə basılaraq, siyasi səhnədən birdəfəlik qovulmasınlar. Doğrudur, belə hallar çox olub. Ancaq, düşərgədə baş verənlər, onu deməyə əsas verir ki, görünür, "qoca qurdlar" adət etdikləri əməllərindən əl çəkmək istəmirlər. Amma artıq zaman və siyasi situasiya öz sözünü deyir. Radikallar isə artıq "siyasi meyit" adlanırlar. Necə deyərlər, onlar tarixin zibilliyinə atılıblar.