Müxalifət vahid halda seçkiyə qatıla bilməz
Ənənvi müxalifət didişmələri bələdiyyə seçkiləri ərəfəsi daha da kəskinləşib. Müxalifət daxilində yaranmış didişmələr yağışdan sonra göbələklər kimi artan radikalların yaratdığı növbəti parçalanma "Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkat"da baş verməkdədir. Bələdiyyə seçkilərinə hazırlığın nə səviyyədə olduğunu bu hərəkatda cəmləşən partiya sədrləri məsələ ilə bağlı fikirlərini açıq-aydın bildirdilər. ALP sədri Əvəz Temirxan müxalifətin birliyinin mümkünsüz olduğunu qeyd edərək, vurğuladı ki, şəxsi ambisiyaları üstün tutan insanların birləşməsi mümkün deyil. Çünki hər bir partiya sədri layiq olmadığı iddiadadır.
Müsavat partiyasının icra aparatının rəhbəri Arif Hacıyevin sözlərinə görə isə, əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də partiya sədrlərinin sözlərinə etibar olmadığını qeyd edib. Bildirib ki, bu gün bu hərəkatda birləşən partiyaların liderləri özlərini hərəkata rəhbər edən lider kimi göstərməklə hansısa daha yüksək iddialar irəli sürürlər. O cümlədən, "Ümid" partiyasının sədri İqbal Ağazadənin düşünülməmiş təklifi bir çox partiya sədrlərinin əsəbinə səbəb olub. Buna görə də, hərəkatda İqbal Ağazadə kimilərin təmsil olunması və müəyyən istədiyi məqsədləri həyata keçirməsinə imkan vermək olmaz.
Politoloq Cümşüd Nuriyev isə bildirdi ki, ölkədə keçirilən hər seçkiərəfəsi radikal müxalifətin mənasız və əhəmiyyətsiz birliklər və qurumlar yaratmasını özlərinin varlıqlarını nümayiş etdirmək məqsədi güdürlər. C.Nuriyev bu hərəkatda da parçalanmanın labüd olduğunu qeyd edib: "Çünki əslində, hərəkatda olan partiya rəhbərləri bir-birilərini qəbul etmir. Onların birgə fəaliyyəti ancaq görüntüdür. Bu görüntünün arxasında isə maliyyə mənbələrini axtarmaqdan başqa bir şey yoxdur."
C.Nuriyev bu hərəkatda birləşən partiyaların nüfuzlarının da aşağı olduğunu və xalq tərəfindən qəbul edilmədiklərini bildirdi. Vurğuladı ki, ADP neçə illərdir ki, dağılma prosesi yaşayır: "Eyni ilə "Ümid" partiyası da parçalanmışların zərrəciklərindən yaranmaqla özlərinin varlıqlarını nümayiş etdirməklə xəyalda canlandırdığı istəklərini həyata keçirmək istəyir. Lakin müttəfiqləri İqbal Ağazadənin satqın, xəyanətkar olduğunun dəfələrlə şahidi olublar. Belə olan halda, İ.Ağazadənin də hərəkatda qalması mümkünsüzdür."
Politoloq C.Nuriyev 17 ilə yaxın yol gedən müxalifətin yaratdığı bütün hərəkat və qurumların kağız üzərində qaldıqlarını və fəaliyyətlərinin sıfır dərəcə olduğunu bildirdi. Həmçinin, radikal müxalifətə bunu da məsləhət gördü ki, üzüsulu hər kəs gedib özünə layiq işlərin qulpundan yapışsın.