Lalə Hacıyeva Əvəz Temirxanı başqası ilə əvəz edəcək
Müxalifət daxilində uzun müddətdir davam edən dava-qırğın radikalların bəzi "sürpriz"lərlə qarşılaşmalarına səbəb olub. Artıq istər AXCP (i) sədri Əli Kərimov, istər Müsavat başqanı İsa Qəmbərov, istərsə də "MBH" lideri Lalə Hacıyeva ən yaxın silahdaşlarını itirmək təhlükəsi ilə üzləşib. Belə ki, Ə.Kərimovun müavini Fuad Mustafayev AXCP (i) sədri ilə yollarını ayırdıqdan sonra digər müavini Həsən Kərimov da bu qərara gəlib. Ən maraqlısı isə budur ki, partiyadan ayrılanlar bələdiyyə seçkiləri ərəfəsi xarici donor axtarmaqla özlərinə yeni bir partiya yaratmaq üçün canfəşanlıq edirlər. Əslində, onu deyək ki, AXCP (i) sədri Ə.Kərimova öz tərəfdaşlarının zərbələri dəyir. Belə ki, Zahid Xəlilov, Ruslan Bəşirli olayları buna bir misal ola bilər. Təbii ki, bütün bunlar "Yurd" şefinin özünün öz başına gətirdiyi bəlalardır. Yəni, öz çirkin əməllərinin nəticəsidir ki, Ə.Kərimov belə hadisələrə rastlaşır. Qulamhüseyn Əlibəylinin ayrılararaq yeni partiya yaratması ən ağır zərbə oldu. Elə həmin gündən "Yurd" şefinin tifaqı dağıldı. Beləliklə də, Q.Əlibəylinin AXCP (i)-dən ayrılması və bunun arxasınca partiyanın rayon təşkilatlarının Ə.Kərimova "əlvida" deməsi, AXCP (i) rəhbərini pis vəziyyətlə üzləşdirdi. Bu proses hələ də davam edir.
"MBH" lideri Lalə Hacıyevanın da vəziyyəti yaxşı deyil. O da artıq bir zaman sədri olduğu ALP-dən ümidini üzüb. Belə ki, adıçəkilən partiyanın sədr əvəzi Əvəz Temirxan L.Hacıyevaya yollarının ayrıldığını xatırladıb. Buna səbəb isə xarici donorlardan aldığı puldan "MBH" liderinin Ə.Temirxana pay verməməsidir. Ə.Temirxan da L.Hacıyevanın bu hiyləgərliyini açıq-aydın faktlarla sübut edib. Ə.Temirxan mətbuata açıqlamasında bildirib ki, "MBH" sədri neçə illərdir ki, mənim kölgəmdə yaşasa da, xarici donorlardan aldığı pulları asta-asta əridərək partiyanın maliyyə xərclərinə bir manat belə sərf etməyib: "İndi də meydanda özü təklənən L.Hacıyeva mənim yerimə hansısa əfəlin birisini qoymaq istəyir və elə zənn edir ki, bələdiyyə seçkilərində nəyəsə nail olacaq. Ancaq L.Hacıyeva bir şeyi unudur ki, o, nə müxalifət funksioneri, nə də düşərgədə sonuncu yerlərdə duran lider sayılır. Qaldı ki, L.Hacıyevanın partiyada lider olmasına, o özü çoxdan ALP-dən uzaqlaşdırılıb."
Digər bir acınacaqlı və gərgin vəziyyət isə müxalifət daxilində baş verən hadisələrdir. Belə ki, çirkin, ikili siyasət yürüdən adıçəkilən partiya və onun başqanı İsa Qəmbərov Müsavat daxilində vəziyyəti normaya sala bilməyib. Bir sözlə, başqan partiyaya nəzarəti ələ ala bilməyib. Rauf Arifoğlu partiyadan çıxsa da partiya daxilində Müsavat başqanı İ.Qəmbərovun əleyhinə kampaniyanı aparmaqda davam edir. Bu günlərdə "Yeni Müsavat"ın baş yazarı bildirib ki, İ.Qəmbərovun başqanlıq müddəti 2010-cu ildə başa çatır: "Lakin bütün bu olanlardan sonra o, partiyadan, başqanlıqdan gedişini tezləşdirmək qərarına hələ də gəlməyib. Görünür, İ.Qəmbərovun yaxasından özüm tutub birdəfəlik lazım olduğu yerə tullayacağam".
Göründüyü kimi, müxalifətdaxili durum acınacaqlı xarakter alıb. Bu isə düşərgədaxili durumun parçalanma prosesinin məhvolma mərhələsinə adlamaqdan xəbər verir. Qısası, bələdiyyə seçkilərinin rəsmi startı verilənə qədər əksər müxalifət partiyalarının tarixin arxivinə atılacağı şübhəsizdir.