PDF Oxu

Müxalifət

  • 11

Müsavatda Pənah Hüseynova qarşı quruplaşma yaranıb

Müsavatda Pənah Hüseynova qarşı quruplaşma yaranıb
Uzun müddət Milli Məclisdə Müsavat deputat qrupunun üzvü kimi özünü göstərən keçmiş "AXP" sədri bir müddət öncə, bu qurumdan incik halda "Demokratiya Uğrunda İttifaqa" pənah aparmış Pənah Hüseynov, yenidən Müsavata qayıtmaq qərarına gəlib. Bu qurumda ona qarşı olan qüvvələrin bir müddət zəifləməsindən istifadə edən P.Hüseynov "DUİ"-ni növbəti dəfə tərk etməli olub. Doğrudur, müəyyən zaman çərçivəsində "DUİ"-də özünü sınamış, hətta "KAXCP" sədri Mirmahmud Fəttayevlə yaxınlıq etmiş P.Hüseynov müxalifət düşərgəsində harada bir balaca işıq gördü ora qaçır.
Müsavat deputat qrupunda təmsil olunan və bir çox hallarda həmin qurumun iclas və konfranslarında fəallıq nümayiş etdirərək başqalarına nümunə olmağa çalışan P.Hüseynov sonradan böyük qəbahət etmiş kimi partiyanı tərk etmək barəsində qarar verdi. Müxalifət düşərgəsində yeri-məkanı bəlli olmayanlardan olan Pənah "bəy" hara pənah aparırsa, orada mütləq bir münaqişə çıxmalıdır. Çünki bu adamın qalmaqal yaratmaq və daima konfliktdə olmaq həyat amalına çevrilib. Eyni zamanda, AXC-Müsavat dövründə bir müddət baş nazir kimi çalışmış P.Hüseynov, deyəsən, köhnə avazından qala bilmir. Əgər belə olmasaydı onu ev yiyəsi kimi qəbul edən müxalifət partiya sədrləri sonradan onun əlindən dad eləməzdilər. Görünür, Pənahın köhnə avazından əl çəkməsi mümkün olmadıqca, onun bir yerdə qarar tutması da baş tutmur ki, tutmur. Həmçinin, qeyd edək ki, P.Hüseynov bir müddət özünü Azərbaycan Xalq Partiyasının sədri kimi də sınaqdan keçirməli oldu. Lakin sonradan bu işi bacara bilmədiyini etiraf edib, onun-bunun qoltuğuna sığınmağa üstünlük verdi. Elə bundan sonra da onun üçün tüfeyli həyat anlamı məsələsi ortaya çıxmış oldu. Çünki müxalifət düşərgəsində hər kəsdən üz döndərib sonradan onların ətəyinə çökmək P.Hüseynov üçün heç də yaxşı imic formalaşdırmadı. Hazırda müxalifət düşərgəsində olub-qalan nüfuzunu da tamamilə itirmiş P.Hüseynov nə etdiyini özü də anlamaqda çətinlik çəkir. Əgər belə olmasaydı, Müsavatdan imtina edib "DUİ" -də qararlaşan Pənah buradan da imtina edib yenidən Müsavata üz tutmazdı. Bütün bunlar isə P.Hüseynovun bir müxalifətçi kimi mənsub olduğu düşərgədə nüfuzunun daha da aşağı düşməsinə imkan yaradır. hər bir partiyada özünü qonaq yox, ev yiyəsi kimi apararaq sonradan qovulan P.Hüseynov nədənsə bu olanlardan nəticə çıxara bilmir. O, nəticə çıxarana qədər isə daha gülünc olayların olacağı qaçılmaz görünür. Bu yaxınlarda yenidən İsa Qəmbərovun razılığı ilə Müsavata qayıtmış P.Hüseynov keçən həftənin 4-cü günü Müsavatın Divan iclasında başada əyləşməyi də unutmayıb. Müsavat deputat qrupunun üzvləri ilə eyni masada əyləşmiş P.Hüseynov sonradan onlarla aralarında mübahisə yaradıb. Müsavat başqanının müavini Arzu Səmədbəyli partiya üzvü olmayan şəxslərin Divanın iclaslarında iştirakının əleyhinə olduğunu bildirib. Açıq şəkildə P.Hüseynovun bu iclasda iştirakını arzuolunmaz və partiya nizamnaməsinə zidd adlandırıb. P.Hüseynov isə öz növbəsində, onun bu iclasda iştirakına İ.Qəmbərovun razılıq verdiyini və digər şəxslərin fikirlərinin önəmli olmadığını dilə gətirib. Bunlar isə onu göstərir ki, P.Hüseynov Müsavatda uzun müddət qala bilməyəcək. Əgər o, burada müəyyən bir müddət qalası olsa belə, Müsavat daxilində daha kəskin münaqişələrin olması qaçılmaz olacaq.

Digər xəbərlər