Əli Kərimov Razi Nurullayevin ümidinə qalıb
Müxalifət düşərgəsində təmsil olunan partiyalar daxilində böhranlı vəziyyət özünün kulminasiya nöqtəsinə yüksəlib. Artıq durumun son dərəcə kritik olması səbəbindən partiyaların böyük əksəriyyəti tarixin arxivinə atılmaq ərəfəsindədir. Bu sırada Əli Kərimovun rəhbərlik etdiyi AXCP (i)-nin daha yaxın vaxtlarda dağılacağı proqnozlaşdırılır. Çünki payız gəlməmiş saralan yarpaq kimi AXCP (i) də parçalanma prosesinin geniş sferasındadır. Bir həftə ərzində dörd rayon təşkilatının buraxılması və Fuad Mustafayev, Zöhrab İsmayıl, Nəriman Qasımoğlu, Akif İslamzadə başda olmaqla 30 nəfər kollegial orqan üzvünün partiyadan istefa verməsi AXCP (i)-nin dağılmasının real olduğunu ortaya qoydu.
Bəzi siyasi analitiklər hesab edirdilər ki, nəhayət, Ə.Kərimov siyasi mədəniyyət nümayiş etdirərək, AXCP (i)-nin bundan sonra fəaliyyət göstərməyinin qeyri-mümkün olduğunu bildirərək, partiyanın buraxılmasına qərar verəcək. Ancaq Ə.Kərimovun keçdiyi siyasi fəaliyyət yoluna nəzər saldıqda, bu tipdə hər hansı bir fəlakətə qarşı etik davranış nümayiş etdirdiyini görən olmayıb. Ona görə də, Ə.Kərimov ənənəsinə uyğun olaraq, AXCP (i)-nin buraxılması ilə bağlı siyasi mədəniyyət göstərmədi. Əksinə, AXCP (i)-nin dağılan sosial bazasını pulla ələ aldığı insanlarla doldurmaqla, siyasi fəaliyyətini davam etdirmək fikrində olduğunu nümayiş etdirib.
Qeyd etmək yerinə düşər ki, Ə.Kərimov bir neçə QHT rəhbərini AXCP (i)-nin kollegial orqanlarına üzv qəbul edib. Hətta son vaxtlara qədər müxtəlif siyasi təşkilatlarda siyasi oyunbazlıqlarla məşğul olan Razi Nurullayev də Ə.Kərimovun müavini təyin olunub. Halbuki partiyanın nizamnaməsinə görə, AXCP (i) üzvü olmayan şəxslərin kollegial orqanlarda təmsil olunması mümkün deyil. Ancaq Ə.Kərimov nizamnaməni ayaqlar altında tapdalamaq yolu tutaraq, R.Nurullayevi AXCP (i) sədr müavini təyin edib. Məsələni şərh edən partiyanın idarə heyətinin üzvü Gözəl Bayramova yeni təyinatın Ə.Kərimov üçün maddi xeyir gətirsə də, siyasi cəhətdən rüsvayçılıq gətirəcəyini söyləyib: "Hələ bu günə qədər Azərbaycan siyasi səhnəsində partiya üzvü olmayan şəxsin rəhbər orqanlara təyin olunması halı baş verməyib. Bu rüsvayçılıq da Ə.Kərimovun siyasi qərarından çıxdı. Bu səhv düzəldilməsə partiyadan getmək haqqında fikirləşməli olacam".
Ə.Kərimovun acınacaqlı durumla üzləşdiyi məqamda R.Nurullayevi özünə müavin təyin etməsi onun ətrafında dolaşan şübhələri bir qədər də genişləndirib. Çünki Ə.Kərimovun adı bir zaman əməkdaşlıq etdiyi, ancaq sonradan problemlərlə üzləşdiyi xarici maraqlı qüvvələrin qara siyahısında olduğu bildirilir. O da qeyd edilir ki, Ə.Kərimov üzləşdiyi böhranlı durumu aradan qaldırmaq üçün hər zaman vasitəçilər axtarıb. Nəhayət, Ə.Kərimovun Qərbin bir sıra fondları ilə yaxşı əlaqələri olan üzdəniraq hüquq müdafiəçisi R.Nurullayevi vasitəçi qismində tapdığı bildirilir. Yəni Ə.Kərimov ümidini R.Nurullayevə bağlamaqla Qərbin anti-Azərbaycan mövqeli qüvvələri ilə üzləşdiyi problemi həll etməyə çalışır. Ancaq Ə.Kərimovun bu niyyətinin baş tuta biləcəyi inandırıcı görünmür. Çünki maraqlı qüvvələr istifadə etdikləri fərdlərdən yenidən istifadə etmirlər. Ona görə də, Ə.Kərimovun niyyətinin də iflasa uğrayacağı şübhəsizdir.