İsa Qəmbərovun Avropa macərası bitmir
Müsavat partiyasında baş verən son olayalar və kritik durum hamının gözü önündə baş verir. Qurumda daxili prosesləri tənzimləyəcək bir "başıpapaqlı" tapılmadığından, burada vəziyyət tamam dəyişkən olub. İndi kimsə Müsavat daxilində baş verənlərə görə məsuliyyəti öz üzərinə götürmək istəmir. Əslində isə, partiyanın məhz belə bir kritik vəziyyətə düşməsində quruma rəhbərlik edən şəxslər cavabdehdir. Onlar isə biri-digərini ittiham etməklə məsuliyyətdən yaxa qurtarmağa çalışırlar. Elə bu səbəbdən də, düşərgədən heç də fərqli olmayaraq, Müsavat partiyası daxilində, sözün əsil mənasında, didişmə davam edir. Bu qarışıqlığın yaranmasında isə, əsasən, iki-üç şəxsin rolunu önə çəkmək lazımdır.
Birincisi İsa Qəmbərovdur ki, o, bir partiyaya başqanlıq etməyi bacarmaya-bacarmaya 16 ildir ki, müsavatçıları barmağına dolayıb. Digər tərəfdən isə, başqanlıq müddətinin 2010-cu ildə bitəcəyini bilə-bilə özünü qanmazlığa vurur. Başqa bir tərəfdən isə hər kəsin əsəblərinin oyaq olduğu bir ərəfədə özünün varisi adlandırdığı Müsavatın Divan üzvü Qubad İbadoğlunu başqanlığa gətirmək istəyir. İkinci bir məqam isə Müsavat partiyasının mətbu orqanı olan "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun partiya üçün başağrısına çevrilməsidir. Bununla yanaşı, R.Arifoğlu davamlı şəkildə qurumda öz maraqları təmin edilməyəcəyi təqdirdə, özü üçün tərfədarlara ilə birlikdə "Yeni Müsavat" partiyasını yaratmağı bəyan edir. Üçüncü prinsip isə Müsavat icra aparatının rəhbəri Arif Hacıyevin başqanlığa gedən yolunun müəyyən şəxslər tərəfindən kəsilməsidir. Hər vəchlə başqan olmaq və İ.Qəmbərovdan sonra ondan qeyrisinin Müsavata başqanlıq edə biləcəyinə şübhə ilə yanaşdığın qeyd edən A.Hacıyev bu istiqamətdə ona maneçilik edənləri zərərsizləşdirməyə çalışır.
Müsavat daxilində bu cür əməliyyatların olması Q.İbadoğlunun varislik məsələsinin ortaya atılması qurumdakı əsəbləri daha da gərginləşdirib. Artıq qurum daxilində heç kəs bir-birinə güzəştə getmək istəmir. Ona görə də partiya daxilində əməlli-başlı qarışıqlıq yaranıb. Bütün bunlara göz yuman öz maraqları müstəvisində hərəkət trayektoriyasını dəyişməyən İ.Qəmbərov isə bu yaxınlarda Avropa ölkələrinə səfərə hazırlaşır. Onun Hollandiyanın paytaxtı Amsterdamda bir sıra gizlin təşkilatlarla görüşüb danışıqlar aparacağı barədə məlumatlar dolaşmaqdadır. Həmçinin, bu səfərin davamı olaraq İ.Qəmbərovun Rusiyanın paytaxtı Moskva şəhərində də bir sıra görüşlər keçirəcəyi gözlənilir. Həmin görüşlərin isə ümumilikdə anti-Azərbaycan mövqeli təşkilatlarla və onların rəhbərləri ilə keçirilməsi başqanın hələ də köhnə əməllərindən uzaqlaşmaqda çətinlik çəkməsinə işarədir. Adətən, ölkəmizin ictimai-siyasi həyatında böyük önəm kəsb edən seçkilər ərəfəsində Avropa və digər xarici ölkələrə səfər çıxaraq oradakı erməni "dost"ları ilə həmsöhbət olan başqan, bu yaxınlarda idmançılarımızın Yerevanda keçirilən beynəlxalq yarışda qələbə qazanaraq himnimizin səslənməsinə və bayrağımızın qaldırılmasına da heç də sevinməyib. Bu da onun öz xalqına və millətinə sevgisinin səviyyəsini müəyənləşdirmiş olub.