İqbal Ağazadə müxalifətin hədəfinə çevrilib
Uzun sürən müxalifət düşərgəsindəki süstlüyə, nəhayət ki, son qoyuldu. Həmişə ölkəmizinin istənilən bir vacib tədbir ərəfəsində olması müddəti yaxınlaşdıqca müxalifət də qış yuxusundan oyanmağa çalışır. Amma onların budəfəki oyanışı isə tamamilə fərqlidir. Doğrudur, onlar istənilən ümumilli məsələdə bir nəticəyə gələ bilməsələr də, öz aralarında satqınların üzə çıxması baxımından mühüm irəliləyişlərə nail olurlar. Elə bu səbəbdən də, hər vacib proses sonrası müxalifət bunu özü üçün yenilik kimi qimyətləndirir.
Çünki müxalifət özü tamam başqa məqsədə və amala xidmət etdiyini heç özü də bilmir. Bütün proseslərin gedişində eyni mövqe tutan radikal düşərgə artıq öz yararsız ömrünü başa vurmaq üzrədir. Onların bu yaramaz fəaliyyətləri dövründə isə cəmiyyət ancaq özünə qarşı həqarət və riyakarlıq görmüş oldu. İstənilən halda öz maraqları naminə fəaliyyətə keçən müxalifət sonda nəyin hakim olduğunu dərk etmədən layiq olduğu qiyməti alır. Amma nədənsə bu düşərgədə lövbər salmış başıpozuqlar bunu anlamaqda çətinlik çəkirlər. Əgər belə olmasaydı, düşərgə indiyə qədər normal bir müstəvi üzərində fəaliyyət xəttini qura bilərdi. Görünür, burada isaların, əlilərin, namazların və digərlərinin həl də qalmaları bu müşkülün bir qədər də uzanmasını labüd edəcək. Çünki indiki halda nə Müsavat başqanı İ.Qəmbərov, nə də ki, AXCP (i) Ə.Kərimov siyasi arenadan uzaqlaşmaq istəmir. Baxmayaraq ki, hər iki şəxsin rəhbərlik etdiyi qurumda vəziyyət heç də ürəkaçan deyil. Amma onlar yenə də öz çirkin əməllərindən əl çəkmək niyyətində deyillər. Əgər belə olmasaydı, artıq başqanlıq vaxtı sona yetmiş İ.Qəmbərov üzüsulu buranı tərk edərdi. Eyni ilə AXCP (i)-nin təkcə adından və papkasından başqa bir şey qalmadığından Ə.Kərimov da xəcalət çəkmədən düşərgədən bərk yapışıb.
Müxalifət düşərgəsində bu cür anormallıqların baş verməsi adi haldır. Digər tərəfdə isə, bu ilin mart ayında ölkəmizdə keçirilmiş refrendumun gedişində yaradılan "Qarabağ və Respublika Uğrunda" təşviqat qrupları sonradan "müxalifət hərəkatı" adlandırıldı. Həmin hərəkatda iştirak edən Müsavat, ADP, "Ümid", "VİP", AXCP (i) və ALP üzvləri isə indi daha çox qarşılıqlı ittihamlarla bir-birinin ünvanına bəyanatlar səsləndirirlər. Keçən həftə "Ümid" partiyasının qərargahında keçirilən toplantıda qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqla bağlı müəyyən məsələləri müzakirə etməyə çalışan hərəkat üzvləri yenə də hisslərinə hakim ola bilmədilər. Seçkidə hər bir partiyanın öz namizədi ilə iştirakı məsələsini önə çəkən ADP sədri Sərdar Cəlaloğlunun təklifi Müsavat başqanı İ.Qəmbərov tərəfindən hay-küylə qarşılanıb. S.Cəlaloğlu hər bir partiyanın ayrılıqda namizədlə iştirakını məqbul hesab etsə də, İ.Qəmbərov ümumi hərəkat şəklində seçkiyə qatılmağın daha münasib olduğunu önə çəkib. Qarşılıqlı ittiham şəklində davam edən müzakirələrin gedişində "Ümid" partiyasının sədri İqbal Ağazadənin 10 min namizədlə bələdiyyə seçkilərinə qatılacağını bildirməsi hərkat üzvləri arasında böyük səs-küyə səbəb olub. "VİP" sədri Əli Əliyev ümumi bələdiyyələr üçün 14 min bələdiyyə yerinin ayrıldığını bildirməklə İ.Ağazadəni yenidən düşünməyə dəvət edib. Digər tərəfdən, həmişə olduğu kimi, daha çılğın davranmaqla diqqəti özünə yönəltməyi bacaran Ə.Kərimov İ.Ağazadəni öz xeyri naminə nə etmək istəyində olduğunun açıqlamasını tələb edib. ALP lideri Lalə Hacıyeva isə İ.Ağazadəyə qarşı hərəkat üzvlərinin kobud davrandığını əsas gətirərək, hər kəsi qarşılıqlı anlaşmaya dəvət edib. Bütün bunlar isə İ.Ağazadənin adıçəkilən hərəkatdan ayrılmasını bir qədər də tezləşdirib.
Ümumi müxalifətin mənzərəsinə və yaratmış olduqları birlik və toplumların aqibətinə nəzər saldıqda "Qarabağ və Respublika Uğrunda Hərəkat"ın da eyni yolla gedəcəyini söyləmək daha münasib olardı. Çünki hərəkatın artıq adından başqa heç nəyi qalmayıb. İ.Ağazadənin ardınca İ.Qəmbərovun da buradan uzaqlaşdığı bildirilir. Amma bir həqiqət də ondan ibarətdir ki, ümumi müxalifət nədənsə İ.Ağazadəni gözümçıxdıya salıb. Bunun isə hansı sonluqla bitəcəyini söyləmək çox çətindir. Çünki düşərgənin özü kökündən çürüyüb.