Müsavatda yenidən ara qarışıb
Müxalifət partiyaları daxilində baş verən qarşıdurmalar son dərəcə kritik xarakter aldığından həmin partiyaların dağılması problemi yaranıb. Xüsusilə də, Müsavat, AXCP (i) və ADP-də cərəyan edən funksionerlərarası çəkişmələr qabarıq şəkildə daha çox diqqəti cəlb etməkdədir. AXCP (i)-nin ötən həftə dörd rayon təşkilatının buraxıldığını elan etməsi, eləcə də, Fuad Mustafayevin rəhbərliyi ilə 30-a qədər cəbhəçinin istefa verməsi partiyanın dağılma prosesini başa vurub məhvolma mərhələsinə adladığını söyləmək olar. Artıq müxalifətdən olan siyasi şərhçilər də AXCP (i)-nin yaxın vaxtlarda buraxılmasının reallığa çevriləcəyini söyləyirlər. Hətta partiyaya formal da olsa, sədrlik edən Ə.Kərimovun AXCP (i)-nin buraxılması məsələsində çoxluğun iradəsinə tabe olduğu söylənilir.
Müsavata gəlincə isə, bu partiyadan zaman-zaman istefalar baş verib. Son günlər isə istefalar daha kütləvi xarakter alıb. Bunun da səbəbi partiyanın ictimai-siyasi proseslərdən tamamilə kənarda qalması və İsa Qəmbərovun başqan kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməməsidir. Düzdür, İ.Qəmbərovun vuran əli hesab olunan partiyanın icra aparatının rəhbəri Arif Hacıyev başqan ətrafında yayılan məlumatları təkzib etməyə çalışır. A.Hacıyev sübut etməyə cəhd göstərir ki, guya İ.Qəmbərov siyasi cəhətdən tükənsə də, hələ də onda partiyanı idarə etmək qabiliyyəti qalır. Ancaq ötən həftə Müsavat Divanının iclasında Sülhəddin Əkbərin, Gülağa Aslanlının və Qubad İbadoğlunun İ.Qəmbərov haqqında səsləndirdikləri etik qaydaları aşan fikirləri, onu deməyə əsas verir ki, A.Hacıyevin söylədikləri boş və mənasız söz yığnağından başqa bir şey deyil.
Qeyd etmək yerinə düşər ki, 2010-cu ilin may ayında Müsavat partiyasının qurultayı keçirilməlidir. Qurultayda İ.Qəmbərov partiya başqanlığından istefa verməli və siyasətdən getdiyini bildirməlidir. Artıq başqanlıq uğrunda indidən savaşın başladığı müşahidə edilir. Bunu Sülhəddin Əkbər, Qubad İbadoğlu və Nəsib Nəsiblinin timsalında açıq şəkildə görmək olar. Sözügedən şəxslər Müsavat başqanı olmaq üçün rayon təşkilatları arasında öz təbliğatlarını qurmağa başlayıblar. N.Nəsiblinin mətbuata verdiyi açıqlamasında bildirilir ki, o, başqanlığa ən şanslı namizəddir: "Hesab edirəm ki, başqanlığa namizədliklərini irəli sürən şəxslər rayon təşkilatlarında ilkin seçkilər keçirməlidirlər. Əks halda, qurultayda süni namizədlərin peyda olması partiya nizamnaməsinin kobud şəkildə pozulması demək olacaq."
S.Əkbər isə Ali Məclisin sədri olduğunu əsas gətirərək başqanlığa real namizədin o, olduğunu qeyd edib. Onu da bildirib ki, subardinasiyanın pozulması Müsavatın özünün pozulması demək olacaq.
Q.İbadoğlu isə mətbuatda yayılan informasiyalara əsaslanaraq, bildirib ki, İ.Qəmbərov başqanlığa onu varis hesab edir. Ona görə də, kimlərinsə başqanlığa iddia etməsi yersiz və əhəmiyyətsizdir.
Müsavat funksionerləri arasında başqanlıq uğrunda aparılan savaş, onu deməyə əsas verir ki, partiyanı növbəti qarşıdurmalar gözləyir. Ola bilsin ki, bu qarşıdurmalar son nəticədə Müsavatın dağılmasına gətirib çıxarsın. Hər halda partiya daxilində yaşanan proseslərə əsasən, siyasi təhlilçilər də bu qənaətdədirlər.