PDF Oxu

Müxalifət

  • 5

Müxalifətin son seçimi: ya seçkidə uduzub növbəti dəfə rüsvay olmaq, ya da strategiyanı dəyişmək

Müxalifətin son seçimi: ya seçkidə uduzub növbəti dəfə rüsvay olmaq, ya da strategiyanı dəyişmək
Getdikcə dağınıqlıq içinə girən, qrant bataqlığında boğulan, parçalanmalardan və didişmələrdən başı ayılmayan, sosial bazasını tamam itirən və seçkiqabağı gücsüz duruma düşən müalifət düşərgəsi bələdiyyə seçkilərinə "hazırlaşır". Bunu "seçkiyə hazırlaşmaq" imitasiyası da adlandırmaq olar. Hətta düşərgə daxilində "çay gəlməmiş çırmanan" partiyalar də var. Bu arada ortaya atılan birgə fəaliyyət ideyaları özünə tərəfdar tapmayıb. Bir sıra partiyalar hələ bir neçə ay öncədən heç bir birliyə qoşulmayacaqlarını bəyan ediblər. Bəzi partiyalar isə gözləmə mövqeyindədir.
Müsavatda funksionerlərarası mübarizədən, "Azadlıq" bloku ilə savaşdan baş açılmayır. Bir yandan da Rauf Arifoğlu problemi. Adam sanki öz üzərinə bütün siyasi düşərgəni Müsavata qarşı qaldırmaq missiyası götürüb. Ötən ildən partiyanın ağır artilleriyası "Yeni Müsavat" qəzeti ilə "Azadlıq" bloku arasında başlayan müharibə artıq yuxarı eşalonlarda davam edir.
Beləliklə, ən böhranlı dövrünü yaşayan Müsavat partiyası da seçkilərə "hazırlıq" görür. Partiyanın funksionerlərinin seçki məsələsində mövqeyi fərqlidir. Bəziləri Müsavatın seçkilərdə iştirak etməsini istəyir, digərləri isə bunun partiyanın tamam rüsvay olacağına gətirib çıxaracağını düşündüklərindən bunun əleyhinə çıxır.
Amma məsələ belədir ki, İsa Qəmbərov hələ ki, tərəddüd edir. Başqan bu günə qədər seçki mövzusunda bir neçə dəfə fərqli fikirlər söyləyib. Buna baxmayaraq, Müsavat böyük ehtimalla, seçkilərə qatılacaq. Müsavatı buna ümidləndirən amillərdən biri də "Azadlıq" blokunun seçkiləri boykot edəcəyi ilə bağlı gözlənitidir.
Partiya texnoloqları belə hesab edirlər ki, "Azadlıq" bloku kənarda qalsa, onların elektoratının dəstəyini də Müsavatın namizədi alacaq. Bu fikir Müsavat funksionerlərinin çıxışlarında aparıcı tezis kimi keçir.
Amma müxalif düşərgədə gedən proseslər göstərir ki, buna ümid etməyə dəyməz. Çünki seçkilərdə müxalifətin dağınıq halda iştirakı indidən görünür. Belə olan halda radikalların kiçik elektoratı daha çox yerə parçalanacaq və "bir nəfərin payı, iki nəfəri ac qoyacaq". Beləliklə də, qonşu işığına ümid edənlər qaranlıqda qalacaq.
Hazırda əksər partiyaların seçkilərdə iştirak edəcəyi bəyan olunub. Bu partiyalar hazırda ölkədə maddi-texniki imkanlarını və sosial bazalarını saf-çürük etməklə məşğuldurlar. Seçkidə iştirakı sual altında olan partiyalar isə, hələki ortalıqda döyükə-döyükə qalmaqda davam edirlər.
Hazırda müxalifət düşərgəsində yaranmış mövcud vəziyyəti nəzərdən keçirdikdə aydın olur ki, siyasi partiya və bloklarının heç birinin seçkidə YAP-a rəqib olacaq gücdə namizədləri və siyasi reytinqləri yoxdur. Bu səbəbdən də seçki prosesi müxalifət və onların liderləri üçün ancaq gündəmdə qalmaq və özünü reklam etmək imkanı qazanmaqdan başqa heç nəyə xidmət etməyəcək. Bunu artıq düşərgə təmsilçiləri dəfələrlə qeyd ediblər.

Digər xəbərlər