PDF Oxu

Müxalifət

  • 10

Mirmahmud Fəttayevin ideyası puç oldu

Mirmahmud Fəttayevin ideyası puç oldu
Nəhayət, uzun sürən müxalifətarası dartışmalar və münaqişələr özünün kulminasiya nöqtəsinə çatmalı oldu. Bir neçə ildir ki, tamamilə süst düşən müxalifət partiyaları qış yuxusundan oyanmış kimi özlərini cəmiyyətə nümayiş etdirməyə çalışırlar. Bəziləri öz aralarında qalmaqal yaratmaqla, digərləri öz partiya həmkarlarını ifşa etməklə, bir başqaları isə yalan bəyanatlar yaymaqla cəmiyyətə öz mövcudluqları barəsində mesaj göndərmək istəyindədirlər. Amma bu yazıqlar başa düşmürlər ki, indi Azərbaycan cəmiyyətini onlar öz bəd niyyətləri və çirkin əməlləri ilə aldada bilməzlər. Çox təəssüflər olsun ki, indi cəmiyyətimiz 1990-cı illərin əvvələrindəkindən çox-çox fərqlidir. İnteqrasiya və sürətli inkişaf dinamikası sosial təbəqənin formalaşmasında və daha mütərəqqi ideyalarla yüklənməsində vacib amil olub.
Bədbəxt müxalifət isə hələ də, nə istədiyini və hansı amala xidmət etdiyini anlamaqda çətinlik çəkir. Ona görə də, onlar başlarını demək olar ki, birdəfəlik itiriblər. Əgər belə olmasaydı, müxalifət düşərgəsində normal mühit yaranardı. Düşərgədə belə bir mühitin olmamasındadır ki, burada bir nəfər sıravi müxalifətçi qalmayıb. Qalanlar da öz məkrli məqsədlərinin quluna çevrilib burada ilişib qalıblar. Digər tərəfdən isə, müxalifət düşərgəsində, ümumilikdə, heç kəs buranı tərk etmədiyindən bəziləri ayrı-ayrılıqda buradan uzaqlaşmağı bacarmırlar. Çünki bir-birlərinin çirkin əməllərini həmişə açıb danışan müxalifətçilər bu dəfə yenidən biabır olmaqdan ehtiyat edirlər. Düşərgədə isə həmin biabırçılıqda daha ötərli olaylar baş verməkdədir. Qarşıdan gələn bələdiyyə seçkilərinin vaxtı yaxınlaşdıqca müxalifət düşərgəsi növbəti qalmaqallara, qarşılıqlı ittihamlara və didişmələr yaxınlaşır. Burada ağız deyəni qulaq eşitmədiyindən, heç kim özünü digərindən asılı hesab etmir. Nəyin bahasına olur-olsun, liderliyi ələ almağa çalışan müxalifət sözçüləri arasında, sözün əsil mənasında, körpə uşaq kimi didişmə gedir. Buna misal kimi lap bu yaxınlarda "Demokratiya Uğrunda İttifaq"ın Dağlıq Qarabağ probleminin həlli məsələsinə dair mitinq keçirmək üçün müxalifət partiyalarına müraciətini göstərmək olar. Özünü hamıdan ağıllı göstərməyə çalışan "DUİ" rəhbəri bu metodla müxalifət partiya liderləri arasında nüfuz qazanmağa çalışırdı. Çox təəssüflər olsun ki, onun bu təklifi az sayda partiyalar tərəfindən dəstəklənsə də, əksər müxalifət partiyaları M.Fəttayevi gözümçıxdıya saldılar. Bir çoxları M.Fəttayevin indi yuxudan ayıldığını əsas gətirərək, özü üçün başqa məşğuliyyət tapmalarını məsləhət görsələr də, Müsavat partiyası daha açıq şəkildə Mirmahmud "ağa"nı tənqid və təhqir atəşinə tutdular. Müsavatın icra aparatının rəhbəri Arif Hacıyevin deyimincə, düşərgədə bu cür qeyri-ciddi və qeyri-peşəkarcasına atılmış addımlar, sadəcə olaraq, gülüş predmetidir. Ona görə də, "DUİ"-nin bu cür addım atmaq niyyətini pisləyən A.Hacıyev onlara daha münasib bir işlə məşğul olmağı da məsləhət görüb.
Mətbuata açıqlamasında M.Fəttayevin və onun ətrafındakıların piket keçirmək məqsədilə özlərini kimə göstərmək niyyətində olduqlarını qeyd edən A.Hacıyev Müsavatın nəinki belə məsələlərə, ümumilikdə, bu cür şəxslərlə əməkdaşlığının olmasını da mümkünsüz sayıb. Özünü həmişə başqalarından yüksəkdə görməyə adət etmiş A.Hacıyevin reallıqda heç nə olduğunu hər kəs çox gözəl bilir. Amma nədəndirsə, o, M.Fəttayevi və ona yaxın olan müxalifət partiyalarının ümumilikdə müxalifətə aidiyyatının olmadığını qeyd edib. Guya əsas müxalifət partiyalarının "Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı"nda cəmləşdiyini söyləyən A.Hacıyev kənarda qalan müxalifət partiyalarını qeyri-ciddilikdə ittiham edib. Onun təbirincə bu birlikdə təmsil olunmayan müxalifət partiyalarının böyük əksəriyyəti cib partiyalarıdır. Elə bu ittihamlar və digər mətləblərin ortalıqda olması onu göstərir ki, müxalifət düşərgəsini yaxın zamanlarda daha böyük çaxnaşmalar gözləyir. Çünki 16 ildir ki, eyni ssenaridən kənara çıxa bilməyən müxalifət partiyaları, elə həmişə olduğunu kimi, biri digərini xırda, cılız, cib partiyaları adlandırmaqla aralarında normal mühiti təmin edə bilmirlər.

Digər xəbərlər