PDF Oxu

Müxalifət

  • 14

Müxalifət uğursuz liderlərdən qurtulmalıdır

Müxalifət uğursuz liderlərdən qurtulmalıdır
Müxalifət liderləri düşərgənin paxırını açmaqda davam edirlər. Artıq 5-6 ildən artıqdır ki, düşərgə ideoloqları müxalifətin perspektivi ilə bağlı bir dənə də olsun nikbin fikir səsləndirməyiblər. Ümidsizlik sindromu 2003-cü il prezident seçkilərindən sonra yaranıb. Həmin seçkidə müxalifətin parçalanmamış ən iri partiyası olan Müsavat ətrafına topladığı partiyalarla birgə uduzdu və nüfuzunu itirdi.
Ən pisi isə, o oldu ki, elektorata ünvanlanan vədlər və rəqibə ünvanlanan hədələr boşa çıxdı. Sıravi müxalifətçilərin illərlə "qəhrəman", "lider" kimi tanıdığı adamlar barəsində uydurulmuş miflər bir gecənin içində sabun köpüyü kimi partlayıb getdi.
Müxalifət o həddə qədər kiçildi ki, 2005-ci il parlament seçkilərində düşərgənin bütün qütbləri birləşsə də, əvvəlki enerjini, qüvvəni bərpa etmək mümkün olmadı. Seçkidən sonra Müsavatla "Azadlıq" bloku arasında düşmüş mandat davası ümidsizlik sindromunu daha da dərinləşdirdi.
Müxalifətçi elektorat bir neçə mandatdan ötrü bir-birini söyən sabiq müttəfiqləri bir daha tanımış oldu. Onlara bəlli oldu ki, bu liderlərin mübarizəsi mitinq tribunalarında deyilən "parlaq gələcək", "xalqın rifahı uğrunda" deyil, öz mənafeləri naminədir. Bu, dəfələrlə sınaqdan çıxmış məsələdir və sübuta ehtiyacı yoxdur.
Dəfələrlə qeyd olunub ki, müxalifət uğursuzluğunun kökünü başqa yerdə axtarmasın, son vaxtlar dəb halını almış "xalq günahkardır", "mübarizəyə hazır deyil" kimi deyimlərlə baş qatmasın. Düşərgənin uğursuzluğunun suçu siyasi arenanı tərk etmək istəməyən ənənəvi müxalifət liderlərinin özündədir. Artıq bu həqiqət düşərgənin öz daxilində dərk edilir və ara-sıra dilə gətirilir.
Maraqlıdır ki, ənənəvi müxalifət liderlərinin tənqidi elə düşərgənin öz içindən, liderlərə yaxın şəxslər tərəfindən səslənir. Bir müddət öncə ənənəvi müxalifət liderlərini uzun illər ayrı-ayrı partiyalara qarşı Müsavat başqanı İsa Qəmbərovla birgə "projelər" həyata keçirmiş Pənah Hüseynov sərt tənqid etməyə başladı.
Müxalifətin "ideyavericisi", hər seçkini bir partiyanın üzərində quran Pənah Hüseynov indi "ənənəvi müxalifətin köhnəlməsindən", "yararsızlığından", "ümumi inkişafa maneə olmasından" danışır. Deputat açıq-aşkar bəyan edir ki, o, təkbaşına müxalifət liderlərindən daha artıq fəaldır və daha çox iş görə bilir.
Yeri gəlmişkən, P.Hüseynov bu məqamı o vaxt Müsavat funksionerləri ilə savaşı zamanı bir daha səsləndirdi. Açıqca bildirdi ki, o və ya hansısa millət vəkili və ya QHT rəhbəri siyasi strukturları olan partiyalardan daha çox iş görə bilər. Qəribədir ki, onun bu fikri ciddi şəkildə təkzib edilmədi.
Mübahisələrin sonunda P.Hüseynov bir daha siyasi inkişafa mane olan, ətalətdən çıxmağa imkan verməyən liderləri kənara çəkilməyə çağırdı. Onun ötən prezident seçkisi öncəsi səsləndirdiyi "prezidentliyə namizəd bitərəf şəxs olsun" təklifi isə köhnə müxalifətin perspektivinə verilən ən doğru qiymət idi. Təşəbbüs onu sübut edirdi ki, P.Hüseynov hazırda siyasi düşərgədə mövcud ola müxalifət partiyalarının və onun liderlərinin heç birinin perspektivinə inanmır. Pənah bəy haqlı çıxdı...
Eyni tezisi ABŞ-da mühacir həyatı yaşayan "Açıq Cəmiyyət Partiyası"nın lideri Rəsul Quliyev də səsləndirib. Eks-spikerin fikirləri bəlkə də, müxalifət liderləri haqqında son illər səslənən ən ağır və aşağılayıcı ittihamlardır. "İndiki liderlərin nə vaxtsa prezident və ya nazir olacağına inanmıram" fikrini inamla söyləyən eks-spiker fikrini xırda detallarla izah edə biləcəyini də söyləyib. "ACP" liderinin açıqlamalarının davamı daha maraqlı və müxalifət liderləri üçün heç də xoş deyil.
Hazırkı müxalifət liderləri ilə 10 il çiyin-çiyinə mübarizə aparmış "ACP" lideri deyir: "...Əminəm ki, yaxın zamanda siyasi arenaya yeni şəxslər çıxacaq. Daha savadlı, öz maraqlarını ikinci plana keçirməyi bacaran, dünya siyasətindən başı çıxan və sair keyfiyyətlərə malik, xarici ölkələrdə təhsil almış yeni nəslin arasından çıxanlar xalqın gələcəyi uğrunda psevdo yox, əsil mübarizə aparacaqlar".
Sırf siyasi etika naminə açıq deyilməmiş bu fikir özündə bir çox mətləbləri ehtiva edir. Mister Rəsul demək istəyir ki, meydanı tutmuş və yerini gənc nəslə vermək istəməyən köhnə müxalifət liderləri xalqın gələcəyi uğrunda həqiqi mübarizə aparmır, öz mənafelərini güdürlər.
Amma onlar öz xoşuna deyillər, yaxın vaxtlarda siyasi arenanın tərk edib gedəcəklər, müasir siyasətdən baş çıxarmayan həmin liderlərin yerini isə gənclər, xaricdə təhsil almış mütəxəssislər tutacaq. Bu fikir yuxarıda söylənildiyi kimi, yeni deyil. Neçə ildir ki, milli demokratik düşərgəyə daxil olan ayrı-ayrı partiyaların liderləri, ziyalılar bu fikri səsləndirir, işi-gücü qrant silmək və xarici dairələrin tapşırığını yerinə yetirmək olan müxalifət liderlərindən can qurtarmağın zəruriliyini bildirirdilər. Amma düşərgə mətbuatı bu cür çıxışları beşiyindəcə boğur, həmin fikir sahibini "satqın" çıxarırdılar. Ancaq indi vəziyyət dəyişdiyindən bu cür çıxışlara cavab verilmir. Əslində, ənənəvi müxalifət liderlərinin verməyə cavabı, deməyə sözü yoxdur. Görünür, artıq sıravi müxalifətçilər də bu həqiqəti dərk etməyə başlayıblar.
Fikrimizcə, seçkiyə bir neçə ay qalmış bu cür fikirlərin ortaya çıxması müxalifətin sağlamlaşmasına yönəldilmiş addımdır. Çünki hələ hər şey itirilməyib. Əsil həqiqəti söyləyib, real durum anladıb, özünəvurğun liderləri ayıltmaq heç də gec deyil...

Digər xəbərlər