PDF Oxu

Müxalifət

  • 10

Müsavat AXCP (i)-ni yedəyə alır

Müsavat AXCP (i)-ni yedəyə alır
Siyasi arenada maraqlı proseslər fonunda müxalif partiyalararası qarşıdurmaların yenidən alovlanması diqqət çəkilən əsas mövzuya çevrilib. Demək olar ki, əksər partiyalar bir-birinə qarşı ən ikrah doğuran ittihamlarla çıxış edirlər. Bu isə bələdiyyə seçkiləri ərəfəsi müxalifət üçün heç də arzuolunan nəticələr vəd etmir. Çünki pərakəndə və dağınıq halda seçkiyə qatılmaq müxalifətin növbəti məğlubiyyətini şərtləndirən amil olacaq.
Düzdür, baş verə biləcək rüsvaçılığı, qismən də olsa aradan qaldırmaq üçün "Demokratiya Uğrunda İttifaq" və AMİP müxalifətin inteqrasiyasına hesablanan müxtəlif ideyalarla çıxış edirlər. Hətta "KAXCP" sədri Mirmahmud Fəttayev siyasi dividend qazanmağın ən optimal yolu hesab olunan Qarabağ məsələsindən yararlanmağa cəhd edir. Daha doğrusu, bu məsələ ətrafında, yararsız halda olan müxalifət partiyalarını cəlb etməklə, böhranlı vəziyyəti aradan qaldırmağa ümid edir. Ancaq ADP sədri Sərdar Cəlaloğlunun "bu cür ucuz siyasi şoular partiya sədrlərinə başucalığı gətirməz", Müsavat icra aparatının rəhbəri Arif Hacıyevin "toplantı xatirinə toplantı keçirmək yolverilməzdir" və bu kimi digər açılamalar onu göstərir ki, M.Fəttayevin ideyası iflasa uğrayacaq. Bu arada diqqətçəkən məqam ondan ibarətdir ki, Müsavat başqanı İsa Qəmbərov bələdiyyə seçkiləri ərəfəsi partiyanın dağılan durumunu AXCP (i)-nin sosial bazası hesabına aradan qaldırmağa çalışır. Çünki Müsavat başqanı AXCP (i)-ni partiya qərargahında yerləşdirməklə, onun üzərində təsir imkanlarını möhkəmlətmək istəyir.
Verilən məlumata görə, İ.Qəmbərov Ə.Kərimovla müəyyən sövdələşmələr əsasında AXCP (i)-nin Müsavat qərargahında yerləşdirilməsinə razılıq verib. Təbii ki, bu razılaşma AXCP (i)-nin sonu olacaq. Ən azı ona görə ki, AXCP (i)-nin tör-töküntülərdən ibarət olan rayon təşkilatları tam şəkildə Ə.Kərimovun fəaliyyətindən narazıdırlar. Hətta bir neçə dəfə Ə.Kərimovun sədrlikdən getməsini tələb ediblər. Bütün bunlar, onu deməyə əsas verir ki, narazı rayon təşkilatları vəziyyəti düzgün qiymətləndirərək, İ.Qəmbərovla sövdələşmələrə gedəcəklər. Bu isə nəticə etibarilə AXCP (i)-nin parçalanması prosesinin başa çatması olacaq.
"Səs"ə verilən məlumata görə, AXCP (i)-yə Müsavat qərargahının birinci mərtəbəsində 4 otaq ayrılıb. Bu otaqlar vaxtilə "Yeni Müsavat" qəzetinin fəaliyyət göstərdiyi otaqlar olub. Mənbəmizin dediyinə görə, AXCP (i)-nin bu otaqlarda yerləşməsi Müsavat başqanının keçmiş müavini Rauf Arifoğlunu da qəzəbləndirib. O, bu cür hörmətsizliyi həzm etməyəcəyini və İ.Qəmbərova qarşı sərt mübarizə aparacağını söyləyib. R.Arifoğlu yaxın günlərdə "Yeni Müsavat" qəzetinin təsisçiliyindən İ.Qəmbərovun imtina etməsi üçün müvafiq addım atacaqlarını qeyd edib.
Bir sözlə, müxalifətin dağılma prosesi Müsavatın pərakəndəliyinin qarşısının alınmasına yönəlsə də, R.Arifoğlunun ultimativ bəyatı bu partiya üçün arzuolunmaz nəticələr verəcəyini deməyə əsas verir. Hər halda, aparılan müşavirələr və inkişaf etməkdə olan proseslər də bunu göstərir.

Digər xəbərlər