"MBH" lideri Lalə Hacıyeva "QRUH", "MƏM", "Altılar" və digər qurumlar daxilində bələdiyyə seçkilərinə gedənlərin səhv yolda olduqları bildirir. O, payız seçkilərinə getməyin yeganə düzgün yolunun "Azadlıq" siyasi blokundan keçdiyini söyləyir. Blokun AXCP (i) və "VİP" kimi üzv partiyalarının sədrləri Əli Kərimov və Əli Əliyev həmkarlarının bu fikirlərinə ikiəlli dəstək verirlər. Sözsüz ki, meyxana dilində. Papaq qafiyəsi Əli Əliyevdən gəldi:
Daim tələb edir diqqət, "Azadlıq",
Heç kəsdə doğurmur hiddət, "Azadlıq".
İlk bəndi Lalə Hacıyeva dedi. Onun ardınca blokun o biri üzvləri dilə gəldi.
Lalə Hacıyeva:
Davranmadı həmkarlar təpər ilə,
Çoxusu da başladılar şər ilə,
Çıxış etdim yaxşı təkliflər ilə,
Təəssüf, görmədi şəfqət, "Azadlıq".
Əli Kərimov:
Rus İvanı Semini bəyənmədi,
Radikallar dəmini bəyənmədi,
İsa elesemini bəyənmədi,
Bundan da az çəkdi ləzzət, "Azadlıq",
Əli Əliyev:
Cəmiyyətdə dilləndirdi hər kəsi,
"Liderlərin Strateji Mərkəzi",
Batmaqdaydı başqan İsanın səsi,
O vaxtdan da çəkdi zillət, "Azadlıq".
Lalə Hacıyeva:
Düşmən tək yox, biz dost tərzdə toplaşaq,
Mən dedim ki, bir mərkəzdə toplaşaq,
Dünən sizdə, bu gün bizdə toplaşaq,
Uduzmasın bu xalq, millət, "Azadlıq".
Əli Kərimov:
Xülyaların qəfəsində İsaydı,
Kütlələrin gur səsində İsaydı,
Birincilik həvəsində İsaydı,
Əvəzində çəkdi möhnət, "Azadlıq".
Əli Əliyev:
Etibar da o İsanın tayıdı,
Hər ikisi radikala dayıdı,
Uğursuzluq "cırtdanlar"ın payıdı,
Aldı neçə-neçə lənət, "Azadlıq",
Lalə Hacıyeva:
Bu adamlar bilmədilər bircə hədd,
Qarşılarına çox çıxıb baryer, sədd,
Hər biri istərdi olsun namizəd,
Keçiribdi xeyli heyrət, "Azadlıq".
Əli Kərimov:
Hər birində hövslə dar, qızışdı,
Etibarla, İsa naçar qızışdı,
Geri durdum, ehtiraslar qızışdı,
Qazanmadı birlik, vəhdət, "Azadlıq".
Əli Əliyev:
Etibar da baş qoyunca balınca,
Mən bloka getdim Əli dalınca,
Bu Etibar öz qaldı məni sanca,
Həm də çəkdi xeyli xiffət, "Azadlıq".
Lalə Hacıyeva:
Rəqiblərlə doldu hər yanım mənim,
Dərdə mübtəla oldu canım mənim,
Geniş idi o vaxt planım mənim,
Qazanardı bundan nemət, "Azadlıq".
Əli Kərimov:
İsa verdi mənə dərdi, sitəmi,
Dedi, dovşan kimi ye, bu kələmi,
Onlar idi dağıdanlar cəbhəni,
Bununla da, aldı töhmət, "Azadlıq".
Əli Əliyev:
Sanmayın ki, gedib ruzi dilənəm,
Ya da azıb künc-bucaqda iylənəm,
Mən blokda öz işimi bilənəm,
Nəhayət ki, alar qiymət, "Azadlıq".
Lalə Hacıyeva:
İsa məsləhətlə qane olmadı,
Ancaq başqaları mane olmadı,
Bu, mənimçün qəfil, ani olmadı,
Niyyətimdən aldı zinət, "Azadlıq".
Əli Kərimov:
Mən ətdənəm, nə dəmirdim, çuqundum,
Vaxt oldu ki, mən gülməkdən uğundum,
Axır gəlib mən Laləyə sığındım,
Mən gəlməmiş yığdı sürət, "Azadlıq".
Əli Əliyev:
Lalə məni ağışuna sıxıbdı,
Əli bəysə axırıma çıxıbdı,
Tale məni "Azadlığ"a yıxıbdı,
Bundan alıb bir əzəmət, "Azadlıq".
Bununla, "üçlüy"ün meyxanası başa çatdı. Biz isə şad-xürrəm evimizə qayıtdıq.