PDF Oxu

Müxalifət

  • 16

Müxalifətin seçki hazırlığı necə gedir?

Müxalifətin seçki hazırlığı necə gedir?
Bələdiyyə seçkiləri yaxınlaşdıqca, partiyaların fəaliyyətində canlanma başlayıb. Artıq Yeni Azərbaycan Partiyasında (YAP) müvafiq konseptual proqram hazırlanıb. YAP-ın İcra katibi Əli Əhmədov mətbuata açıqlamasında bildirib ki, proqramın yerinə yetirilməsi üzərində iş gedir: "Hazırladığımız konsepsiyada əsas diqqət verdiyimiz məsələlərdən biri partiyanın yerli strukturlarının bələdiyyə seçkilərinə hazırlığını təmin etməkdən ibarətdir. Bu yöndə də əhəmiyyətli işlər görülməkdədir".
Bəs görəsən, hazırda müxalif partiyalarda bununla bağlı işlər nə yerdədir? Müsavat partiyasının mərkəzi icra aparatının rəhbəri Arif Hacıyevin bildirdiyinə görə, artıq partiya strukturlarına seçkidə iştirak ediləcək bələdiyyələrin və namizədlərin siyahısının hazırlanması ilə bağlı tapşırıq verilib: "Bilirsiniz ki, "Qarabağ və Vətəndaş Hərəkatı Uğrunda" qurumuna daxil olan partiyalar, o cümlədən, Müsavat partiyası bələdiyyə seçkilərində iştirakla əlaqədar qərar edib. Hazırda seçkiyə hazırlıq işləri sürətlə davam edir. Bu istiqamətdə partiyanın strukturlarında iş getməkdədir. Eyni zamanda, seçki prosesində iştirak edəcək üzvlər, müşahidəçi olan şəxslər təlimatlandırılır. Hesab edirəm ki, proses yaxın günlərdə yekunlaşacaq".
Hacıyevin sözlərinə görə, seçkidə hazırlıq mərhələsində əsas problem namizədlərin seçkinin nəticələrinin saxtalaşdırılmayacağına inamının az olmasıdır: "Seçki Məcəlləsinin dəyişdirilməməsi, seçki komissiyalarının hakimiyyət qurumlarının nəzarətində olması partiya üzvlərində seçkinin nəticələrinə etimadsızlıq yaradıb. Buna görə də, partiya üzvləri namizədliklərini irəli sürməyə həvəs göstərmirlər",- deyən A.Hacıyev, bununla belə, Müsavat Partiyasının seçkilərdə kifayət qədər namizəd irəli sürəcəyini bildirdi.
"Ümid" partiyası Ali Məclisinin sədri Ənvər Ağazadə isə deyir ki, bələdiyyələr üzrə namizdlərin əksəriyyəti artıq müəyyənləşib. "Ümid" partiyası bütün ölkə üzrə 3700 namizəd müəyyənləşdirib. Artıq həmin şəxslərlə görüşlər keçirib, müzakirələr aparmışıq".
Ə.Ağazadənin sözlərinə görə, təmsil etdiyi partiya bələdiyyə seçkilərinə hazırlığa sonuncu prezident seçkilərindən sonra başlayıb: "2008-ci ilin prezident seçkisinin nəticlərini müzakirə edərək, həmin ilin noyabr ayından bələdiyyə seçkilərinə başlamışıq. Bu istiqamətdə regionlarda görüşlər keçirməyə başlamışıq".
"Ümid" sədrinin sözlərinə görə, seçkilərə hazırlıq mərhələsində çətinlik həm bələdiyyələrin cəmiyyətdə nüfuzunun aşağı düşməsi, həm də seçkilərin demokratik keçirilməsinə inamın az olmasından irəli gəlir: "Bələdiyyə üzvlüyünə iddialı olan şəxslər də tərəddüd edirlər ki, seçkilər saxtalaşdırılacaq".
Yuxarıda qeyd etdiklərimiz radikalların hansısa yeni oyuna başlamaq niyyətində olduqlarını göstərir. Gülməlisi isə odur ki, bu adamlar hələ keçirilməmiş seçkinin demokratikliyini şübhə altına almağa çalışırlar. Belə bir analoq dünya təcrübəsində rast gəlinməyən hadisədir. Çünki seçkilər bitməmiş onun nəticələri barədə kimsə nəsə deyə bilməz.
Hazırkı siyasi vəziyyəti və cəmiyyətdəki rəyləri nəzərə alsaq, möcüzə baş verərsə, bələdiyyə seçkilərində müxalifət ümumilikdə maksimum 1 faiz səsə ümid edə bilər. Bunu da 5 yerə böləndə, hər birinə orta hesabla 0,2 faiz səs düşür. Belə olacağı təqdirdə, Pənah bəyin "müxalifətin 50 faizi siyasətdən getməlidir" arzusu artıqlaması ilə həyata keçə bilər. Çünki növbəti fiaskoya uğrayan radikal müxalifət siyasi səhnədən tamam silinəcək və yeni konstruktiv müxalifət meydana çıxacaq.

Digər xəbərlər