“ANİF” sədrinin yeni “ssenarisi”
Artıq səs-səmiri gəlməyən "ANİF" rəhbəri Eldar Namazovun bələdiyyə seçkilərinə hazırlıq ərəfəsində baş verən proseslərə münasibəti ortaya çıxıb. Belə ki, AXCP (i) Əli Kərimov, AMİP lideri Etibar Məmmədov və Müsavat başqanı İsa Qəmbərovun müxalifətdə təsir dairələri üstündə didişdikləri bir vaxtda, daima radikal düşərgənin "kükrəyən qolu" olan "ANİF" sədrinin kənarda qalması təəccüblü idi.
Bir çoxları artıq E.Namazovda ciddi süstlüyün baş verdiyini bildirirlər. Xüsusilə də, bir sıra müxalifət funksionerlərinin ona qarşı ikitirəlik yaratmaq və müxalifəti bölüşdürmək ittihamlarını hələ də "həzm" edə bilməyən E.Namazov, sanki baş verənlərdən sonra bir müddət kölgəyə çəkilmiş oldu. Radikal kəsimin bir sıra partiya rəhbərləri bu vəziyyətindən istifadə edib, onu "siyahıdan silməyə" qalxsalar da, sonda E.Namazov proseslərə münasibət bildirməyə başlayıb. Son günlər mətbuata açıqlamalarla çıxış edən E.Namazov, yenə də bir sıra müxalifət rəhbərlərinin ünvanına kəskin ittihamlar irəli sürməklə yanaşı, müxalifətin siyasi proseslərdən kənarda qaldığını etiraf etməyə başlayıb. "ANİF" rəhbəri müxalifətin belə bir durumunda bir sıra partiya rəhbərlərinin hələ də illərlə oturduqları kabinetlərdən bayıra çıxmadıqlarını, bununla da, düşərgənin bütün beynəlxalq təşkilatların gözündə artıq ölü siyasi hissəyə çevrildiyini vurğulamaqdadır. Hələ də bir sıra müxalifət rəhbərlərinin baş verənlərdən nəticə çıxarmadıqlarını və baş çıxarmaq səviyyəsində olmadıqlarını deyən E.Namazov, onu da bildirib ki, bir sıra partiya rəhbərlərinə elə belə vəziyyət sərf edir. Görünür, E.Namazovun birdən-birə müxalifətə dair belə açıqlamaları, həm də yuxarıda qeyd etdiyimiz kimi, onun fəallaşmaq və radikal düşrgədəki proseslərə təsir etmək niyyətindən irəli gəlir. Özü də nəzərə alanda ki, artıq "ANİF" rəhbərinin yaradılmasında iştirak etdiyi "MƏM" ətrafında yaman "bazarlıq" başlayıb, onda onun keçirdiyi hissləri də başa düşmək olar. Lakin bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinin vaxtının azalmasını görən E.Namazov da boş-bekar dayanmayıb.
"Səs"ə yaxın mənbənin verdiyi məlumata əsasən, deyə bilərik ki, artıq o da yeni qurum yaratmaq istəyir, amma tamam başqa yöndə. Neçə illərdir ki, müxalifət düşərgəsində mənasız blok və qurumlarla "iş birliyi" qurmağın heç nəyi dəyişmədiyini görən E.Namazov, indi də yeni "ssenari" üzərində baş sındırmağı planlaşdırır. Belə ki, siyasi blokla qrant alınması və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməsinin mümkün olmadığını aydın şəkildə hiss edən "ANİF" rəhbəri bir sıra QHT-ləri başına toplayıb blok yaratmaq istəyini bildirib. Görünür, E.Namazov radikalların "siyasi məhbus" "ssenarisinin" bir nəticə verməyəcəyini, nəhayət ki, anlayıb və özünə xilas yolu axtarmağa çalışır. Verilən məlumata əsasən, deyə bilərik ki, bir sıra beynəlxalq təşkilatlar və qrant qurumları ilə aparılan müzakirələrdən sonra, E.Namazov məhz "monitorinqlər" keçirib "rəylər" dərc etdirməklə nəyəsə nail olmağı qərarlaşdırıb.
Baş verən hadisələr, onu göstərir ki, E.Namazov müxalifətdəki "dostlarının" hazırkı gününü və onların xislətini bildiyi üçün onlarla əməkdaşlığı bir kənara tullayıb real çörək yolunu axtarmağa qərar verib. Yəqin ki, seçkilərə kimi E.Namazovun rəhbərlik etdiyi "QHT koalisiyası"nın müxalifət partiyaları üçün başağrısına çevrildiyinin şahidi olacağıq. Daha doğrusu, növbəti vurvahurlar başlayacaq.