PDF Oxu

Müxalifət

  • 5

Radikalizmin siyasi iflası yaxınlaşır

Radikalizmin siyasi iflası yaxınlaşır
Müxalifətin bütün taktikası, strategiyası və planları boşa çıxdığından ortaya atılan təşəbbüs və təkliflərin sayı-hesabı bilinmir. Hərənin ağzından bir avaz gəlir. Cəmiyyətdə itirilmiş etimadı qaytarmaq üçün müxaliflər yeni formasiyalar və siyasi manevrlər etməklə məşğuldurlar. Bu kontekstdə diqqət çəkən məqamlardan biri də düşərgə daxilində yeni ittifaqların, blokların və s birgə fəaliyyət qurumlarının yaranması və ya yaddan çıxmışların bərpası cəhdlərinin vüsət almasıdır.
Bəziləri bununla cəmiyyətə guya yeni ruhda qüvvələrin və yeni strategiyanın ortaya qoyulması haqda məlumat ötürməyə çalışır və güman edirlər ki, bu manipulyasiyalarla kimisə aldatmaq mümkün olacaq.
Seçkilərə qalan vaxt azaldıqca müxalifət düşərgəsində çaxnaşma və vurnuxmalar şiddətlənir. Real olaraq heç bir iş görə bilməyən ənənəvi müxalifət funksionerləri ancaq müxtəlif ideya və təkliflər istehsal etməklə məşğuldurlar. Müxalifətin "ideya generatoru" Pənah Hüseynov da ekstravaqant və ziddiyyətli açıqlamalarını davam etdirir.
Müsavat deputat qrupunun üzvü hələ ötən ilin payızında verdiyi açıqlamasında 2008-ci il prezident seçkilərinin ənənəvi müxalifət və onun liderləri üçün son şans olduğunu bəyan etmişdi. Millət vəkili onların adlarını çəkmişdi. Onun siyahısında Müsavat başqanı İsa Qəmbərov, ALP lideri Lalə Hacıyeva, AMİP lideri Etibar Məmmədov, "ACP" lideri Rəsul Quliyev və AXCP(i) sədri Əli Kərimovun adları var idi.
Müxalif düşərgədə liderlərə qarşı ən çox ittihamlarla çıxış edən və onlara öz "dəyərli" məsləhətlərini verən Pənah Hüseynov bu adamların qarşısında çıxış yolu da qoyurdu: liderlərin yeganə çıxış yolu prezident seçkilərində vahid namizədlə olmasa da, vahid platforma ilə, vahid komanda şəklində iştirak etməkdir.
Lakin liderlər onun dedikləri saya salmadlar və seçkidə daha biabırçı duruma düşdülər. Bundan sonra da bu siyasətbazlar siyasi səhnəni tərk etmədilər və bununla da Pənah bəyin dediyi kimi sonuncu yox, hələ daha bir seçkiyə gedəcək qədər utanmaz olduqlarını göstərdilər.
Pənah Hüseynov əslində düz deyirdi- həqiqətən də 2008-ci il prezident seçkiləri radikallar üçün son şans idi. Bu seçkidən sonra müxalifət daha pis duruma düşdü və növbəti seçkidə artıq tamam yoxa çıxacağını göstərdi. Artıq yerli və xarici ekspertlər belə qarşıdakı bələdiyyə seçkilərində müxalifətin məğlubiyyətini proqnozlaşdırırlar. Açıq-aşkar bəyan edilir ki, YAP-ın və onun lideri İlham Əliyevin bu qədər uğurlarının fonunda müxalifətin seçkilərdə nəyəsə ümid etməsi anlaşılan deyil.
Bu kontekstdə "Azadlıq" liderlərini seçkiləri boykotdan danışmağa vadar edən təkcə tələblərin yerinə yetirilməməsi deyil, həm də seçkilərdə iştirakın perspektivsizliyini dərk etmələridir.
Müsavat başqanını seçkilərə göndərən partiya daxili qruplaşmalardır. Qruplaşma liderləri İsa Qəmbərovun və partiyasının bu seçkidə də rüsvayçı məğlubiyyətə uğrayacağını gözəl bildiklərindən İsadan sonrakı dövr üçün partiyaya sədrlik imkanlarını artırmağa çalışırlar.
Başqan da Müsavatın seçkidə iştirak edib məğlub olacağını bilir. Amma onun başqa yolu yoxdur. Bu seçkidə Müsavat iştirak etməsə müxalifət düşərgəsində nüfuzun tamam itirə bilər, nəticədə "ana müxalifət lideri" statusuna rəqiblərdən biri yiyələnə bilər.
Bundan başqa, başqan seçkidə iştirak etməsə partiyadaxili qruplaşmaların maddi və mənəvi dəstəyini itirə bilər. Nəticədə partiya elektoratı başqandan üz döndərər, xarici qrantlar əldən çıxar və siyasətdən rüsvayçı şəkildə gedə bilər. Heç bir variant başqana sərf etmədiyindən o, mümükn qədər daha çox siyasi səhnədə qalaraq meydanı tərk etmək istəyir.
Pənah Hüseynov ötən seçkiöncəsi vurğulayırdı ki, 2008-ci ildə ənənəvi müxalifət liderlərinin yeri boşalacaq. Onların əksəriyyəti siyasi səhnəni tərk edəcəklər. Yəni, 2008-ci il İsa Qəmbərov, Lalə Hacıyeva, Etibar Məmmədov, Rəsul Quliyev və digər partiya liderlərinin siyasi səhnədə son ili olacaq.
Lakin, Pənah bəy bir il səhv edib- liderlər üçün son vaxt 2009-cu il olacaq. Məsələnin maraqlı tərəflərindən biri də Pənah Hüseynovun son bir neçə ayda bir-birinə zidd açıqlamalar səsləndirməsidir. Bu adam əvvəl bəyan edirdi ki, növbəti seçkidə müxalifətin heç bir şansı yoxdur, ona görə də qüvvələrini qoruyub bir sonrakı seçkidə mübarizə aparmalıdır. İndi isə o, seçkiyə qatılmayanları fərarilikdə ittiham edir. Bildirir ki, onlar bu seçkidə iştirak etməsə siyasətdən birdəfəlik getməyə məcbur olacaqlar.
Bir sözlə müxalifətin düşdüyü vəziyyəti hamı kimi Pənah Hüseynov da görür və anlayır. Amma müxalifət liderlərini ittiham edərkən o özünü o sıraya aid etmir. Pənah Hüseynov seçkidə siyasətdən gedəcək liderlərin əvəzinə ümumi düşərgəyə ağsaqqallıq etmək iddiasındadır. Ki, bəlkə növbəti prezident seçkilərində bütün düşərgənin vahid namizədi kimi ortaya çıxa. Bu da ac toyuğun yuxuda darı görməsi kimi, real yox, ancaq virtual yaşantı ola bilər.

Digər xəbərlər