Rauf Arifoğlu Müsavatdan ayrılır
Müsavat partiyası tərkibində fəaliyyət göstərməyi özünə ar bilən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, nəhayət ki, ürəyində uzun müddət daşıdığı arzusunu gerçəkləşdirmək qərarına gəlib. Mətbuata verdiyi açıqlamalarında onun özünə partiya yaratmağının daha məqbul variant olduğunu bildirən R.Arifoğlu sonrakı mərhələlərdə daha çevik qərarlar verəcəyini də gizlətməyib.
R.Arifoğlunun gözlənilən və gözlənilməz məqamda Müsavat partiyasından imtina etməsi buradakı vəziyyətin də daha kritik olduğuna işarədir. Çünki normal mühit olan yerdən kim imtina edər?! Görünür, R.Arifoğlu indiyə qədər canını dişinə tutub Müsavat partiyasında qalırmış. Əgər belə olmasaydı və onun bu quruma bağlayan hər hansı bir şey olsaydı, Rauf "bəy" bu cür addım atmazdı. İndi isə o, ancaq gələcək partiyasının istiqamət palanları haqqında düşünür. Onun gözünə Müsavat daxilində diş-dişə dayanmış qüvvələr görünmür. Əgər görünsəydi, soyuqqanlılıqla kəskin şəkildə Müsavatdan ayrılacağını R.Arifoğlu dilə gətirməzdi. Amma görünür, Arifoğlu bu qurum daxilində olduğu müddətdə nə qədər rəzalət çəkib ki, buradan tez və asanlıqla yaxa qurtarmağa çalışır.
Bir müddət öncə, rəhbərlik etdiyi qəzetin adına uyğun olaraq "Yeni Müsavat" partiyası yaradacağını bildirsə də, sonradan bu barədə bir söz demədiyi üçün, hələlik, Arifoğlunun yaradacağı partiyanın adı heç kəsə bəlli deyil. Hər halda zaman R.Arifoğlunun qəlbində uzun müddət nə kimi gizlinləri saxladığını sübut edəcək. Maraqlısı budur ki, R.Arifoğlu ilə Müsavat başqanı İsa Qəmbərov iki ildən artıqdır ki, küsülüdürlər. Onların küsülülüyünə səbəb isə R.Arifoğlunun təklifi olmuşdur. O zaman Arifoğlu Qəmbərova təklif etmişdi ki, başqanlıqdan getsin və daha perspektivli və gənc kadr bu kürsüyə gətirilsin. Elə həmin məsələnin üstündə bir-birinə dəyən tərəflər sonradan qəti şəkildə düşmənçilik edəcəklərini gizlətməli oldular. Bu prosesin üstündən az müddət keçməmiş R.Arifoğlu öz başqanına yenidən bu kürsüdən uzaqlaşmağı və artıq onun təqaüd yaşının çatdığını bildirdi. Hətta Arifoğlu iddia edirdi ki, başqanlığa hazırkı məqamda ondan perspektivli və bacarıqlı ikinci bir şəxs mövcud deyil. Müsavat daxilindəki intriqalarda həmişə başqanın əleyhinə çıxan R.Arifoğlu sonralar İ.Qəmbərovun başqanlıqdan bərk yapışdığını görüb, özünün buranı tərk edəcəyi qərarını qətiləşdirdi. Belə olacağı təqdirdə isə R.Arifoğlu partiyadan öz maraqlarını tələb edəcəyini də dilə gətirib. Neçə il Müsavat üçün çoxlu sayda işlər gördüyünü bildirən R.Arifoğlu məhz buna görə də öz payını almamış heç yerə getməyəcəyini bildirib. Onun sözlərinə görə, siyasi düşərgədə olanlardan və fəaliyyət göstərənlərdən heç də geri qalmır. Artıq Müsavatla bir çox işlərinin yekunlaşdığını bildirən R.Arifoğlu özü üçün yaradacağı partiyanın məqsəd və məramının cəmiyyət üçün aydın olacağını idda edir. Onun bütün bu iddiaları, onu deməyə əsas verir ki, müxalifət düşərgəsində və xüsusən də, onun bu günə qədər çalışdığı partiyada da abı-hava normal şəkildə olmayıb. Artıq zaman keçdikcə və yay gəlib buzlar əridikcə, müxalifətin əsil sifəti üzə çıxır. Bundan sonra isə düşərgədən daha ilgin məqamlar və tükürpədici söhbət eşidiləcək. Sadəcə olaraq, hər şeyi öz istəyinə uyğun formada görmək istəyən müxalifətçilər sonda əsil həqiqətlə barışmalı oldular.