Müsavat başqanının AXC-ni bərpa etmək təklifi ilə əlaqədar AXCP (i) sədri ilə meyxana demək istədiyi haqda xəbər radikal yönlü KİV-lərdə ildırım sürəti ilə yayılmışdı. Diktafonumuzu götürüb deyişmənin təşkil ediləcəyi yerə Ü Müsavat qərargahına getdik. Biz ora çatanda kvadrat stol ətrafında oturub rəqibinə öldürücü nəzər salan İsa Qəmbərov musiqi sədasının azalmasını gözləyirdi. Vəziyyət başqanın avazla oxuması ilə gərginləşməyə başladı. Müsavat funksionerləri barmaqlarını şaqqıldatmaqla liderlərini ruhlandırmaqda idilər.
İsa Qəmbərov:
Deyirlər ki, siyasətdə bir nərəm,
Çoxlarıyçün bir əlçatmaz minbərəm,
Məzhəb haqqı, başqan İsa Qəmbərəm,
21 il səksəkəylə yatmışam,
Axırda mən AXC yaratmışam.
Əli Kərimov:
Sənin təklifindən gəlmir xoş ətir,
Odur ki, tutmuşam başıma çətir,
AXC tarixin arxivindədir,
Mən aşığam, ancaq telli sazım yox,
AXC-ni yaratmağa lüzum yox.
İsa Qəmbərov:
Diqtə edir, fikirlərim, şüurum,
Sağda, solda, arxamda var uçurum.
Mən borcluyam yaratmağa bir qurum,
Sən desən də, Aşqabad tək batmışam,
Axırda da AXC yaratmışam.
Əli Kərimov:
Mən həm lYurd"çu, lislahatçı", Əliyəm,
Sədr kürsüsünə çökmüş zəliyəm,
Siyasətdə mən ağıllı dəliyəm,
Saçlarım sıx, başım da dazım yox,
AXC-ni yaratmağa lüzum yox.
İsa Qəmbərov:
Müsavatım hətta lSİDSUH"-dan qədim,
Başqanlıqda vardı kinli məqsədim,
Yaxşı günlər keçdi, qabaqda bədim,
Hər qurumda öz kökümü atmışam,
Axırda da AXC yaratmışam.
Əli Kərimov:
Dostlar qaçdı, məhrum oldum qanaddan,
Tük tək asılmışam fani həyatdan,
Əlim çıxıb, maliyyədən, qrantdan,
İndi xoş niyyətim, nə də arzum yox,
AXC-ni yaratmağa lüzum yox.
İsa Qəmbərov:
Yollarımı bürüyübdü duman, çən,
Atıb məni ayaqlara bu vətən,
Mən AXC sədri ollam qəflətən,
Onda billəm niyyətimə çatmışam,
Axırda da AXC yaratmışam.
Əli Kərimov:
Zaman-zaman çevrilərək qəmişə,
Hər funksioner yığışmaqda nəmişə,
Cəbhələri dağıtmısan həmişə,
Vallah, mənim sənin kimi nazım yox,
AXC-ni yaratmağa lüzum yox.
İsa Qəmbərov:
Bundan sonra addım atıb mən qəti,
Çevirərəm gerçəkliyə min vədi,
Dağıdaraq cəbhələri əbədi,
Müsavat tək bataqlıqda batmışam,
Axırda da AXC yaratmışam.
Əli Kərimov:
Kim deyib ki, başımıza vəkilsən,
Başqansansa, Müsavata çəkil sən,
Liberalsan, Avropaya əkil sən,
Bir qütbəm ki, bircə parça buzum yox,
AXC-ni yaratmağa lüzum yox.
İsa Qəmbərov:
AXC-ni ADP-yə vurmuşam,
Çox sizlərin başınızda durmuşam,
Xaricdən də çox qrantlar qırmışam,
Hamınızın məsləkini dadmışam,
Axırda da AXC yaratmışam.
Əli Kərimov:
Biz kötüyə sən olmusan əla mıx,
Ay İsa bəy, sən məkrinlə üzə çıx,
Biz də səni çox yaxşı tanımışıq,
İndi mənim əvvəlki tək qazım yox,
AXC-ni yaratmağa lüzum yox.
İsa Qəmbərov:
Təklifi var: qınınıza sığışın,
Mənim yeni qurumuma axışın,
AXC-də ətrafıma yığışın,
Mən sizlərə uzun müddət atmışam,
Axırda da AXC yaratmışam.
Əli Kərimov:
Aram tapmaz zəhərli bir civəsən,
Dağıtmağa hazır olan nüvəsən,
Sən bu gün də dağıdıcı qüvvəsən,
Ram etməkçün mənim magik tozum yox,
AXC-ni yaratmağa lüzum yox.
Biz Müsavatı tərk etməyə hazırlaşanda, tərəflər hələ də deyişməkdə davam edirdilər. Deyəsən, çənədən boşlar hələ ürəklərini tamamilə boşalda bilməmişdilər.