Ölkədə keçirilən seçkilərdə ağır məğlubiyyətə uğrayan müxalifət partiyaları sırasından hamıdan qabaq AXCP (i) və onun sədri Əli Kərimov "başlıca hədəfimiz bələdiyyə seçkiləridir" - deyə bəyan edib. Prezidentliyə namizəd kimi seçkiyə qatılan başlıca rəqibləri Müsavat partiyasının başqanı İsa Qəmbərovun və AMİP sədri Etibar Məmmədovun ciddi uğursuzluğundan sonra müxalifət düşərgəsində birincilik iddiasına düşən Ə.Kərimov elə zənn etdi ki, artıq onun "zamanı yetişib".
Görünür, "Yurd" şefinin bələdiyyə seçkilərindən umacağı böyükdür və bu dəfə mütləq "qələbə" qazanacağına böyük ümüd bəsləyir. Ona görə də, seçkiyə qatılıb-qatılmamaq məsələsi onlar üçün aktual deyildi. Bəzi partiyalar gələcək məğlubiyyətlərini ənənələrinə uyğun olaraq sığortalamaq üçün müxtəlif bəhanələr ortaya atsalar da, AXCP (i) seçicilərin böyük əksəriyyətinin dəstəyini qazanacağına ümid etdiyini bildirir və seçkiyə qatılmaq niyyətində olduğunu birmənalı şəkildə ortaya qoyur.
Təbii ki, müxalifət düşərgəsində birincilik iddiası heç bir reallığa əsaslanmır. Sadəcə, partiyanın rəhbərliyi belə hesab edir ki, prezident seçkilərinə AXCP (i) öz namizədi ilə qatılmayıb və həmin seçkilərdəki məğlubiyyətin onlara dəxli yoxdur. Əslində isə, AXCP (i) seçkilərdə rəsmi şəkildə AMİP-in lideri Etibar Məmmədovu, qeyri-rəsmi şəkildə isə Müsavat partiyasının başqanını dəstəkləyirdi və hər iki partiyanın rəhbərinin seçkidə topladığı səslərin faizi AXCP (i)-nin də dəstəyinin, yəni tərəfdarlarının hansı nisbətdə olduğunu göstərirdi.
Deməli, AXCP (i)-nin bələdiyyə seçkilərində qələbə qazanması üçün sosial bazası yetərli deyildir. Lakin "Yurd" şefi hər seçkidə biabırçı uğursuzluğunu seçkilərin demokratik keçirilməməsi ilə əlaqələndirsə də, partiya funksionerləri Əli Kərimovu şərəfsiz və əqidəsiz adlandırırlar. "Yurd"çu Vahid Məmmədov, Taleh İbrahimov və Seymur Dadaşov qəzetimizə verdiyi açıqlamalarında bildirdilər ki, Ə.Kərimovun cismində bütün alçaqlıqlar cəmləşib. İnsan hansı oyunlardan çıxar? Ə.Kərimovun çıxmadığı oyunlar qalmayıb. Belə olan halda, o, hansı üzlə seçkilərdən danışır: "Seçkilər ərəfəsində müxalifət düşərgəsində birincilik iddiasını ortaya qoyan AXCP (i)-nin, əslində, siyasi qüvvə kimi iflasa uğradığı, partiya rəhbərliyinin apardığı qərəzli siyasət nəticəsində sosial bazasını getdikcə itirməyə başladığı ötən il keçirilən parlament seçkilərinin rəsmi nəticələrinə əsasən də, təsdiqləndi. Bundan sonra isə əvvəllər seçkiləri boykot etmək məsələsində tərəddüd edən və belə bir təkliflə çıxış edən müxalifət partiyalarını müdafiə etməyən AXCP (i)-nin rəhbərliyi mövqeyini dəyişdi. İndi seçkiyə təcrübə toplamaq, sosial bazasını artırmaq vasitəsi kimi baxmadıqlarını bildirməyə başladılar. Bu yaxınlarda isə partiyanın sədri Ə.Kərimov seçki komissiyaları paritet əsaslarla formalaşmayacağı təqdirdə, 2008-ci ildə keçiriləcək prezident seçkisinə də qatılmayacağını açıqladı.
Prezidentliyə namizəd kimi qatılmaqla heç bir şansının olmadığını bəri başdan göz önünə alan Ə.Kərimov mənasız şərtlər irəli sürməklə biabırçı uğursuzluqla üzləşdi. İndi də bələdiyyə seçkiləri ərəfəsi oynadığı oyunu oynayır. Bilir ki, indiki durumlarında istər başçılıq etdiyi partiya, istərsə də, özü ölkədə keçirilən istənilən siyasi kampaniyada müvəffəqiyyətə ümid bəsləyə bilməz. Çünki müxalifət düşərgəsində təmsil olunan partiyaların əksəriyyəti seçkilərdə iştirak etməyə insanlarla ünsiyyət qurmaqda bir vasitə kimi baxırlar. Ona görə də, bələdiyyə seçkilərinə qatılmaması və seçkiləri boykot etmək fikrini irəli sürməsi ilə AXCP (i)-nin insanlarla ünsiyyətdən qaçmaq istədiyi bəlli olur. Belə olan halda, əvvəlki seçkilərdə olduğu kimi, AXCP (i)-nin özünün boykot vəziyyətinə düşəcəyini müəyyənləşdirmək çətin deyil.