Bir müddətdir ki, müxalifətin siyasi gündəmində müzakirə olunan məsələlərdən biri də, builki bələdiyyə seçkilərində iştirak edib-etməməklə bağlıdır. Əksər müxalifət partiyaları və blokları seçkidə iştirak edəcəklərini bəyan etsələr də, bəzi qüvvələr hələ də boykotdan danışır. AXCP (i) sədri Əli Kərimov boykot taktikasını irəli sürür və bu prosesə digər müxalifət liderlərini də qoşmağa can atır. Burada Əli bəyin bir sıra məqsədləri və planlarının olduğu gün kimi aydındır. Bu yazıda həmin məsələlərə aydınlıq gətirməyə çalışacağıq.
Məğlub strategiya
Hələ ötən seçkilərdən sonra ölkənin ənənəvi müxalifət partiyalarının və onların əməkdar sədrlərinin ictimai reytinqinin az qala sıfır səviyyəsində olduğu ortaya çıxmışdı. Öncəki seçkilərdə də müxalifət böyük uğursuzluğa düçar olmuşdu və cüzi səs faizi toplayaraq özlərinin ölkədəki reytinqlərinin nə dərəcədə aşağı olduğunu özləri də istəmədən cəmiyyətə çatdırmışdılar.
1993-cü ildə artıq iflasa uğramış radikal strategiya özünün labüd məhvə düçar olduğunu həmin vaxtdan bəri keçirilən bütün seçkilərdə göstərmişdi. Ölkə müxalifəti nəinki prezident və parlament seçkilərində, hətta bələdiyyə seçkilərində belə nəzərəçarpacaq nəticə göstərə bilmirdilər. Müxalifət üçün ən vacib əhəmiyyət kəsb edən seçki prezident seçkiləri olduğundan biz sonuncu analoji prosesdən sonrakı vəziyyəti analiz etməyə çalışacağıq.
Azərbaycanda, məlum olduğu kimi, son prezident seçkiləri 2008-ci ilin payızında keçirilib. Həmin seçkiyə müxalifət, xüsusilə də, radikal müxalifət qurumları və onların ambisioz liderləri çox ciddi hazırlaşmışdı.
Artıq bir dəfə xalqın etibarını itirmiş və ölkəni fəlakətlərə sürükləmiş siyasətbaz müxalifət liderləri düşünürdülər ki, ölkədə onlarla rəqabət aparacaq şəxsiyyət yoxdur.
Radikallar çoxdan bəri gözlərində qalan arzularını gerçəkləşdirmək üçün ən ideal şansın yarandığını güman etməyə başlamışdılar. Amma onlar bir amili nəzərdən qaçırmışdılar- xalq artıq çoxdan ayılmışdı və tükü-tükdən seçirdi. Azərbaycan xalqı artıq 90-cı illərdəki sadəlövh kütlə deyildi.
Dünya ölkələrində hakimiyyətə gəlməyin yeganə yolu olan seçkilər yolu ilə hakimiyyətə gəlməyin mümkün ola bilməyəcəyini görən radikal liderlər başqa yollar axtarırdılar.
Kapitan batan gəmini
birinci tərk edir?
Ölkədə sabit ictimai-siyasi mühiti pozmağa, iğtişaşlar yaratmağa cəhd edən müxalifət hakimiyyəti qəsb etmək üçün bütün qanunsuz və qeyri-sivil variasiyaları nəzərdən keçirir, hakimiyyət hərisliklərini, nəyin bahasına olursa-olsun, həyata realllaşdırmağa çalışırdılar.
Bunların fonunda YAP-ın liderləri vaxtını xalqın içinə girərək, ona daha yaxın olmağa, əhalinin fikir və rəylərini öyrənməyə həsr edirdi. Bunun nəticəsində YAP getdikcə daha böyük təşkilatlanmağa və öz nüfuzunu daha böyük miqyasda artırmağa nail olmuşdu. Ölkənin bütün aktiv əhalisi sürətlə Yeni Azərbaycan Partiyasına üzv olmağa başlamışdı.
Müxalifət düşərgəsində isə sıralar getdikcə seyrəlir, parçalanma və didişmələr düşərgəni uçuruma aparırdı. Bu proseslərdə (müxalifətdaxili parçalanmalar və xəyanətkarlıq) ən aktiv rol oynayan radikallardan biri də Əli Kərimov idi- bir vaxtlar öz lideri və ağsaqqalı Əbülfəz Elçibəyə belə xəyanət etmiş adam!
Özünün liderlik ambisiyalarını hər şeydən üstün tutan Əli Kərimov digər rəqiblərini ləkələmək, partiyalararası qarşıdurmalar yaradaraq, onları zəiflətmək və son nəticədə müxalifətin perspektivli liderini yaratmaq üçün çalışan siyasətbazlardan biri idi.
Əli Kərimovun üzdəniraq fəaliyyətinin necə davam etməsi haqda bir qədər sonra, hələlik isə, son vaxtlar partiya funksionerləri tərəfindən ortalığa atılan açıqlamalara diqqət yetirək. Bu açıqlamalarda Əli Kərimovun partiya sədri postundan istefa verə biləcəyinin mümkünlüyü bildirilir. Paralel olaraq mediaya belə məlumatlar ötürülür ki, "AXCP" sədri hesab edir ki, bunun üçün tərəfdarlarının qərarı olmalıdır. İndiyədək müxtəlif insanlar haqda belə "əvəzedilməzlik" fonu yaradılsa da, son nəticədə bunun doğru yanaşma olmadığı üzə çıxıb"-məlumatlarda deyilir.
Maraqlı orasıdır ki, indiyədək öz siyasi fəaliyyətini heç kimə güzəştə getmədən quran və yalnız öz ambisiyalarına uyğun işlərlə məşğul olan Əli bəy indi nədən bu mövqeyindən geri çəkilir? Bəlkə o da gənclərə şərait yaratmaq istəyir və ya Etibar Məmmədov kimi yaxasını məsuliyyətdən kənara çəkərək, daha yüksək status hesab olunan liderlik həvəsinə düşüb? Yox, bunların heç biri deyil. Məsələ bir az başqa cürdür.
"Mister Fiks"in yeni planı
Məsələ ondadır ki, Əli yoldaş hətta normal bir qərargahı belə olmayan nüfuzsuz bir partiyanın sədri olmaq "şərəfindən" imtina etmək və həmin postdan qovalanmazdan öncə, getmək fikrindədir. Burada bir sıra başqa məqamlar da var.
Əvvəla, artıq tamamilə siyasi iflasa düçar olan radikal liderlərin hamısı kimi Kərimov da builki seçkidə heç bir şey edə bilməyəcəklərini gözəl anlayır. O zaman özünü daha da rüsvay etməyə, seçkidən sonra hətta siyasətdən danışmaq haqqını belə itirməyə nə hacət var? Axı seçkiyədək "bizim böyük elektoratımız var", "sosial bazamız böyükdür", "tərəfdarlarımız çoxdur" kimi sərsəmləmələrdə bulunan liderlərdən seçkidən sonra soruşacaqlar ki, bəs hanı sizin dedikləriniz?
Bunu həm də beynəlxalq təşkilatlar və qrant verən qurumlar da soracaqlar. O zaman təkcə siyasi ölüm deyil, həm də mənəvi ölüm anı olacaq və bu adamlar siyasi səhnədən birdəfəlik və rüsvayçı şəkildə silinib, ən yeni siyasi tariximizin qara səhifələrində yaşayacaqlar.
Bunları cənab Kərimov yaxşı bilir. Elə o səbəbdən də, yeganə çıxış yolu kimi boykotu seçir. Axı yarışda iştirak etməyənə necə demək olar ki. sən uduzmusan? Məsələnin məntiqi izahı və səbəbləri məhz bundadır. Bəs partiyasının iştirak etməyəcəyi seçkidə ciddi-cəhdlə digər müxalifət partiyalarını da iştirak etmək fikrindən daşındırmağa çalışmasını necə şərh etmək olar?
Çox rahat bir məntiqlə. Əli Kərimov ortalıqda rəqib partiyaların heç birinin namizədliyini ona görə görmək istəmir ki, onların seçki kampaniyasından istifadə edərək özlərinə və partiyalarına müəyyən reytinq yığmalarına çalışacaqlarını gözəl bilir. O zaman Əli yoldaş özü və partiyası kölgədə qalacaq və demək olar ki, unudulacaq. Çünki rəqib partiyalar onlara yaradılmış imkanlardan maksimum istifadə edərək özlərini təbliğ edəcək və ən azı bir neçə ay televiziya və mətbuatın tribunasından çıxış edərək, gündəmdə qalmağa çalışacaqlar.
"Azadlığ"ın boykotundan və Əli Kərimovun iştirak etməməsindən asılı olmayaraq Azərbaycanda növbəti dəfə demokratik seçkilər keçiriləcək. Seçkiyə qədər isə beynəlxalq donor təşkilatlar müxalifət liderləri qismində iştirak edənləri tanıyacaqlar və onların partiyalarına qrantlar və "yardımlar" ayıracaqlar. Qısa desək, müxalifətin ümumi boykotunun baş tutmadığı istənilən durumda Əli bəy seytnot vəziyyətinə düşür.
Doğulmazdan
öncə ölən taktika
İlk olaraq planın incə məqamlarının toplaşdığı detallara nəzər salaq. Boykot taktikasını müxalifət dəstəkləsə, o zaman proseslər Kərimovun xeyrinə cərəyan edə bilər. Birincisi, o, bu ideyanın müəllifi kimi əsas fiqur olaraq görünəcək, axı digər liderlər onun təklifini qəbul etmiş sayılacaqlar.
İkincisi, yuxarıda qeyd etdiyimiz imkanlardan məhrum olmaları həmin liderlərin siyasi reytinqini zəiflədəcək. Ən azı gündəmdən kənarda qalıb unudulacaqlar.
Üçüncüsü, Əli Kərimovun strateji taktikasına görə, gələn dəfəki seçkilərədək artıq qoca siyasətçilər səhnədən getməyə məcbur olacaqlar və o özü ortayaşlı nəslin nüməyəndəsi kimi meydanda qala bilər.
Dördüncüsü və sonuncusu odur ki, Əli Kərimov seçkidə iştirak halında müxalif düşərgə partiyaları arasında ən az səs topalayacaq partiya kimi rüsvay olmaqdan özünü sığortalaya biləcək. Bu da onun siyasi ölümünü bir qədər də ertələyəcək.
Amma nəzərə alsaq ki, artıq əksər müxalifət qurumları seçkilərdə iştirak edəcəklərini bəyan ediblər və bu məsələdə israrlı görünürlər. O səbəbdən də, Əli bəyin növbəti planı da baş tutmayacaq. Görünür, proseslərin inkişafı və məntiqi düşüncə bunu deyir.
Bu yazıda "Azadlığ"ın qazanında aşpaz Əli tərəfindən bişirilən "boykot taktikası" adlı duzsuz "xörəyin" dadına və mahiyyətinə obyektiv yanaşmalar çərçivəsində subyektiv fikirlərin qeyd olunmasına baxmayaraq, bu, heç də proqnoz xarakteri daşımır. Bu, sadəcə, reallıqlar və həqiqətləri xatırlamağımız üçün idi.