Sərdar Cəlaloğlu: “Vəzifə uğrunda mübarizə aparmaq axmaqlıqdır”
- Sərdar bəy, 6 partiya yeni bir qurum yaradılmasına səy göstərir. Sizcə, bir-iki partiyanın bir qurumda birləşməsi müxalifətin bölünməsi və qüvvələrinin müəyyən qədər dağılması demək deyilmi?
- Əslində, cəmiyyətdə bütün siyasi qüvvələrin bir yerə yığılması totalitar təfəkkürün məhsuludur. Eyni zamanda, cəmiyyətdəki qüvvələrin hamısı eyni keyfiyyətli, idelogiyaya əsaslanan, oyun qaydalarına əməl edən eyni təmaüllü partiyalar deyil. Ona görə də, müxalifətdə güc mərkəzlərinin yaradılması oxşar qüvvələr arasında mümkündür. Düşünürük ki, 6 partiyanın birgə fəaliyyəti Azərbaycan reallıqlarına daha çox cavab verir, nəinki buna başqa partiyaları cəlb etmək. Təbii ki, blokların yaranması qətiyyən müxalifətin parçalanması deyil.
- 6 partiya bir araya gələrkən hansı prinsiplər əsas götürülüb?
- Əvvəla, bu partiyalların təşkilatlanma səviyyəsi, təcrübəsi, yəni bundan əvvəlki seçkilərdə siyasi fəaliyyətdəki əməkdaşlığının nəticələri nəzərdə tutulub. Partiyaların ideoloji baxışlarının, eyni zamanda, mənşələrinin yaxınlığı və amillər nəzərdə tutulub. Həmçinin, bu blokun bütövlükdə Azərbaycanı əhatə etməsi əsas götürülüb.
- "DUİ", və AMİP sadaladığınız kriteriyalara uyğun gəlmir?
- Təbii ki, biz onlara bir dəfə müraciət etmişik. Onlar bizimlə əməkdaşlıqdan imtina ediblər. ona görə də qarşılıqlı razılığa əsaslanan müəyyən mənada qarşılıqlı öhdəlik götürülmüş qüvvələrin birliyidir. AMİP bizi qəbul etmirsə, biz onu necə blokun üzvü edə bilərik?
- Vəzifələr nədən ibarət olacaq?
- Qarşıdan gələn vəzifəmiz birincisi seçki qanunvericiliyi, bələdiyyə seçkiləri, bələdiyyənin statusu, siyasi partiyalar və mətbuat haqqında qanunla bağlı layihələr hazırlayıb Milli Məclisə təqdim etməkdir. Sonra təşkilati fəaliyyətlə məşğulluq, bələdiyyələr üzrə namizədlərin siyahısını müəyyən etmək və bələdiyyə seçkilərində iştirak etməkdir. Təbii ki, Dağlıq Qarabağ məsələsini müzakirə etdik. Bu məsələ ilə bağlı fikir mübadiləsi apardıq.
- Düşünürsünüz ki, Müsavat birgə olduğunuz blokda axıra qədər bələdiyyə seçkilərində iştirak etməyə gedəcək?
- Hesab edirəm ki, hələlik, ayrı-ayrı bələdiyyədə iştirakımızın heç bir əsası yoxdur. Biz gərək fikirləşək ki, hansı situasiyada bu qüvvələr bir-birinə nail ola bilər. İndiki halda belə bir vəziyyət yoxdur. Gələcəkdə də belə bir vəziyyətin yaranacağını düşünmürəm. Ona görə də, çox güman ki, seçkiyə getmək lazım olsa da, lazım olmasa da, bu qüvvələr bir yerdə olacaq.
- "Azadlıq" blokunda təmsil olunan "VİP" sədri Əli Əliyev bəyan edib ki, bələdiyyə seçkilərini boykot edə bilərlər?
- Biz onunla söhbət etmişik. O bildirdi ki, onun fikirləri təhrif olunub. Sadəcə olaraq, deyib ki, konkret olaraq bələdiyyə seçkiləri başlamadığına görə, seçkilər ərəfəsində seçkilərdə iştirak edib, etməmək, demək olar ki, bərabər gücə malik meyillərdir. Amma bizim prinsipial qərarımız var ki, vahid qüvvə kimi bələdiyyə seçkilərində iştirak edək.
- Deməli, 6 partiya bir blokda seçkilərə gedəcək?
- Siyasi blok kimi fəaliyyətdəyik. Seçki Məcəlləsində blok şəklində bələdiyyə seçkilərində iştirak etmək problem yaradır. Təsəvvür edin ki, bələdiyyələrin yarısına belə namizəd versək, hardasa 20 minə yaxın namizəd verməliyik. Qanunda nəzərdə tutulur ki, bu namizədlərin bütün sənədləri hər bir partiya tərəfindən təsdiq olunmalıdır. Bu, o deməkdir ki, 120 min sənəd hazırlanmalıdır. Ona görə də, Milli Məclisə müraciət etmişik ki, blok şəkilində iştirakın qaydası asanlaşdırılsın. Ancaq ona kimi dəyişilməsə, biz çalışacağıq ki, partiya siyahıları şəkilində iştirak edək. Yəni, siyasi blok qalacaq, onun nəzdində partiya siyahıları əsasında ümumi iş aparılacaq. Amma qanunda dəyişiklik olsa, çox güman ki, blok şəkilində gedəcəyik.
- Bəyan etmisiniz ki, bələdiyyə seçkilərində iştirak edə bilərsiniz. Həmin mövqedə qalırsınız?
- Ölkə başçısı bəyanat etmişdir ki, iri şəhərlərdə bələdiyyə yaradılsın. Ona görə də, demişəm ki, əgər Bakı şəhərində bələdiyyə yaradılarsa, liderlər həmin vəzifəyə öz namizədliklərini verə bilər. Bu vəzifə çox yüksək vəzifədir.
- Seçkilərdə müəyyən qədər uğur əldə edə bilməyən hər hansı bir partiya sədrinin seçkilərdə iştirak etməsi qəbahətdir?
- Sadəcə olaraq, təsəvvür edin ki, partiya sədri Azərbaycan səviyyəsində partiyanı təmsil edir. Hansısa bir rayonda fəaliyyətini qurması isə ümumrespublika fəaliyyəti ilə ziddiyyət təşkil edir. O halda partiya prosesində iştirak etmək olar ki, həmin proses ümumrespublika əhəmiyyətlidir. İndki halda paytaxt olduğuna görə, Bakı şəhər bələdiyyəsi yaranarsa, onu ümumrespublika fəaliyyət sahəsi kimi qəbul edə bilərik.
- Seçki Məcəlləsinə payızda yenidən baxılması fikirləri səslədirilir. Deyildiyi kimi, iri şəhərlərdə bələdiyyələrin formalaşdırılması məsələsi gündəmə gətirilərsə, o halda, siz və əqidə yoldaşlarınız namizədliklərinizi verəcəksiniz?
- Əqidə yoldaşlarım adından heç bir şey deyə bilmərəm. Ancaq Bakı şəhər bələdiyyəsi yaranarsa, təbii ki, o halda özüm düşünərəm. Kifayət qədər məsuliyyətli vəzifədir.
- Son vaxtlar müxalifətin inteqrasiyası və bir-iki partiyada birləşdirilməsi ideyası səsləndirlir. Belə fikir də ortaya atılıb ki, Əli Kərimov ümumi müxalifət partiyasının sədri, İsa Qəmbərov lideri olmalıdır. Bu ideyaya münasibətiniz necədir?
- Şəxsən hesab edirəm ki, Azərbaycan cəmiyyətində partiyalar yarandığı kimi, birləşməyi də bacarmırdılar. ADP bu günə qədər 10-na yaxın birləşmə təhqiqatını həyata keçirib. Bunların bəziləri uğurlu, bəziləri uğursuz olub. Amma inteqrasiv meyillər bizdə güclü olub. Təbii ki, hər iki partiyanın inteqrasiya etməsi reallığa uyğundur.
- Sizcə, lider kürsüsünün bölünməsi məsələsində rəhbərlik ortaq məxrəcə gələ bilər?
- Bilirsiniz, iki cür lider var. Bir var vəzifə lideri ki, bu gün mən həm ADP-nin lideri, həm də sədriyəm. Bir də var ki, vaxtilə birinci müavin olmuşam, deyirəm ki, cəmiyyətdə lider kimi tanınım. Partiyada 2-3 lider ola bilər.
- Zaman-zaman müxalifətin birləşməsi ideyası səsləndirilir. Konkret addımlar məsələsində bu, reallığa çevirilmir. Siz də bir zamanlar ADP-nin Müsavata birləşməsinin mümkün olduğunu qeyd etmisiniz...
- 1995-ci ildə olub. İsa bəyə təklif etmişəm ki, gəlin birləşək. Sadəcə olaraq, birləşmə məsələsində Müsavatda bir az götür-qoy oldu. Ondan sonra biz Ədalət partiyası ilə birləşdik. Təbii ki, bu birləşmənin özünün də ağırlıqları, problemləri var. Ayrılıqdan doğan sensansiya sonradan inteqrasiyada ciddi problemə çevirilir. İndi də 17 ildir ki, Xalq Cəbhəsi iki yerə bölünüb. Bir vaxtlar bir olsalar da, indi onlar arasında kifayət qədər fərq var. Bu fərqlilik birləşmə prosesində problemlər yaradır. Liderlər, üzvlər qətiyyətli olsalar, birləşmə baş tutar.
- Deyirsiniz ki, müxalifətin güc mərkəzinə çevirilməsi uzaqda deyil?
- Real qüvvələr arasında real birlik həyata keçirilərsə, güc mərkəzi yarana bilər.
- Düşünmürsünüz ki, AXCP (i) Müsavatla birləşərsə, ADP artıq dördüncü, beşinci dərəcəli partiyaya çeviriləcək?
- Mənə elə gəlir ki, cəmiyyətimizin problemlərini həllinə xidmət edən məsələlərdə yer uğurunda mübarizə aparmaq axmaqlıqdır.