Müxalifətin növbəti puç eyforiyası
Son vaxtlar müxalifət düşərgəsində baş verən olaylara biganə yanaşa bilmirsən. O qədər yalan-palan danışırlar ki, adamı əsəb qarışıq gülmək tutur. Elə bil ki, bu ilin payızında keçiriləcək bələdiyyə seçkiləri bunlar üçün özlərini yenidən gözə soxmaq və yenidən beynəlxalq təşkilatlara "sırımaq" üçün əməllicə fürsətə çevrilib.
Bu fürsəti əldən verməmək məqsədilə elə hay-küyə düşüblər ki, gəl görəsən. Müxalifət qəzetlərində belə bir yazı veriblər ki, guya bazar günü "Təbriz" kinoteatrına min nəfərə kimi funksioner toplaşaraq qarşıdakı bələdiyyə seçkilərinə hazırlıqla bağlı müzakirələr aparıblar. Bu faktı eşidən kəsə necə də gülməyəsən? Axı, adama deyərlər ki, kinoteatr cəmi yüz əlli, iki yüz nəfər adam tuta, ya tutmaya. Sən bu min nəfəri haradan çıxardın? Hətta "Yeni Müsavat" yazır ki, Müsavat başqanı İsa Qəmbərov dəhşətli bir "nitq" də irad edib və müxalifəti əməllicə "inqilab" əhval-ruhiyyəsinə qaldırıb. Əgər belə bir çıxış edibsə, belə görünür ki, başqan özünü bir anlığa bolşeviklərin lideri rəhmətlik Vladimir İliç Leninin keçmiş "Zim" maşının üstündə nitq söyləməsinə bənzədib və "bütün radikallar, birləşin" şüarını səsləndirib. Ancaq vəziyyət tamam başqadır və başqanın dörd-beş saniyəlik xəyalı elə xəyal olaraq qalıb. Adının gizli saxlanılmasını deyən Müsavat funksionerini verdiyi məlumata görə, əslində, həmin görüşdə başqanını müavini Arif Hacıyev çıxış edib. Onun zaldakı AXCP (i) və "Ümid" funksionerlərinin sözlərini tez-tez kəsməsi, onları gözlətməyə məcbur etməsi situasiyanı əməllicə gərginləşdirib. Hətta vəziyyət o yerə çatıb ki, Müsavat funksioneri A.Hacıyev tez-tələsik bşqana söz verərək, sonrakı prosesləri sığortalamağa çalışıb. Amma nəticə heç də yaxşı olmayıb. Göründüyü kimi, müxalifət rəhbərləri özlərini "xilaskar obrazında" təqdim etsələr də, məlum oldu ki, bunlar yenə də bir-birlərini qırıb- çatmaq adətindən əl çəkməyiblər. Verilən məlumata görə, "Yurd" funksionerləri açıq şəkildə Müsavatın mərkəzi icra aparatının rəhbərinə etiraz və təpki göstərərək, bu görüşün Müsavatın məclisi olmadığını xatırlatmağa çalışırdılar. Hətta yerdən replikalar atılaraq "görüşü meydanda keçirərlər, kinoteatrda yox" deyirdilər. Sözsüz ki, bu atmacalar hər şeydən əvvəl, özünü müxalifətin lideri kimi aparamağa çalışan Müsavat başqanı İ.Qəmbərova yönəlmişdi. Doğrudan da, A.Hacıyev özünü sanki müxalifətin vahid lideri olan İ.Qəmbərovun vəkili kimi aparırdı və bununla da, onun yanında əyləşən "Yurd" lideri Əli Kərimova acıq verirdi. Bundan isə "Yurd" funksionerləri qəzəblənərək, başladılar başqanın çıxışını ələ salmağa. Hətta qabaq sırada oturan Ə.Kərimovun müavini Nurəddin Məmmədlinin arxaya çönüb göz ağartmasının da xeyiri olmadı. Başqanın çıxış etdiyi vaxtda isə "Yurd"çularla müsavatçılar arasında əməllicə gərginlik yaşandı. Eyni situasiya Ə.Kərimovun çıxışı zamanı da yaşandı. Müsvatçılar da "Yurd"çulara eyni cavabları qaytardılar. Elə bu zaman ALP lideri Lalə Hacıyevanın hər iki tərəfə sərt şəkildə təpki göndərməsi, bu gedişlə müxalifətin heç vaxt bir araya gələ bilməyəcəyini deməsi, Ə.Kərimov, İ.Qəmbərov içi qarışıq bütün radikaları pis duruma saldı. Çünki bir neçə dəqiqə əvvəl Müsavat başqanı çıxışında deyirdi ki, bəs müxalifət artıq yumruq kimi birləşib və öz gücünü göstərəcək. Məlum oldu ki, bunların birləşmələri ancaq və ancaq gorda mümkündür. Bu arada isə Əvəz Temirxanla A.Hacıyev arasında ciddi bir qarşıdurma yarandı. Məlum oldu ki, ALP-nin sədr müavini A.Hacıyevin bu tədbiri özününküləşdirməsini və müsavatçılardan ibarət dəstəyə söz verməsini "həzm" edə bilmir. Ona görə də A.Hacıyevə sərt şəkildə etiraz etdi. Musavat funksionerinin verdiyi məlumatları olduğu kimi sizə çatdırdıq. Çatdırdıq ki, radikalların əsil siması hamıya bəlli olsun.