"Kim müxalifətdə durursa-dursun, ancaq vətəninə, xalqına, mənəviyyatına, məsləkinə müxalifətdə durmasın". Ulu öndər Heydər Əliyevin sözləridir. Ulu öndər hər zaman bildirirdi ki, nə qədər siyasi partiya olur-olsun, onların hamısı bir məqsədə- Azərbaycanın müstəqilliyini qorumaq, torpaqlarımızı düşməndən azad etmək işinə xidmət etməlidir. Təəssüf ki, bizim müxalifət bu məqsədi arxa plana keçirib, öz ambisiyaları naminə dövlətimizin qazandığı uğurları inkar etmək yolunu tutub. Lakin əlində heç bir arqumenti olmayanların dedikləri yalnız cəfəngiyyat ola bilər.
Müxalifətçiliyi şəxsi maraqlarının əsirinə çevrilib, ölkənin mənafeyini, milli maraqları zərbə altında qoymaqda görən radikal müxalifət və onlarla eyni məqsədlər naminə birlik nümayiş etdirən qeyri-hökumət təşkilatlarının əsas məqsədi Azərbaycanın beynəlxalq imicinə xələl gətirməkdir.
Həmin qüvvələr bu günədək müxalifətçiliyin mahiyyətini düzgün başa düşmədiklərinə görə nəinki ölkə ictimaiyyətinin, eyni zamanda, müxalif düşərgənin konstruktiv qanadının nümayəndələrinin də qınağına çevriliblər. Ümummilli məsələlərin həllində iqtidar-müxalifət münasibətlərinin bir kənara qoyulması vacib amillərdəndir.
Ölkəmiz bələdiyyə seçkiləri ərəfəsindədir. Seçkiyə gedən yol qısaldıqca radikal düşərgədə xaos və qarışıqlıq artır. Bu da onların hakimiyyətin gördüyü işlərin əhəmiyyətini azaltmaq istəyindən, bununla da, özləri barədə müsbət rəy formalaşdıracaqlarına olan inamdan irəli gəlir. Həmin qüvvələrin inhisarında olan mətbu orqanlarda dərc olunan yazılara diqqət yetirdikdə də, bu niyyət özünü qabarıq şəkildə büruzə verir.
Azərbaycanın sosial-iqtisadi durumunun son 5 ildə hansı səviyyəyə qalxdığı göz önündədir. Sözlə iş birliyinin dövlətin inkişafında oynadığı rol nəinki ölkə ictimaiyyəti, eləcə də beynəlxalq aləm tərəfindən yüksək qiymətləndirilir. Cənab İlham Əliyev ilk prezidentliyi öncəsi öz seçkiqabağı platformasında əsas diqqətin ölkənin iqtisadi qüdrətinin artmasına yönəldiləcəyini, işsizlik probleminin həllinin həyata keçirilən siyasətin prioritet istiqamətinə çevriləcəyini bəyan etmişdi.
Ölkə Prezidenti İlham Əliyev müsahibələrində iqtidarla müxalifəti fərqləndirən xüsusiyyətləri qeyd edərkən bu amili hər zaman önə çəkir ki, iqtidar müxalifət kimi boş vədlər vermir. Hər bir sözün arxasında əməli iş dayanır. Bunun nəticəsidir ki, cənab İlham Əliyevin və ölkəmizin reytinqi günbəgün artır. Bunu həm yerli, həm də beynəlxalq səviyyədə keçirilən sorğuların nəticələri də təsdiq edir.
Bir qədər öncə nüfuzlu beynəlxalq təşkilat olan "Gallup"un keçirdiyi sorğuda da məlum oldu ki, ölkə vətəndaşlarının 77 %-dən çoxu İlham Əliyevin rəhbərlik etdiyi hakimiyyəti dəstəkləyir. Bunun qarşılığında müxalifətin əlində heç bir əks-arqument yoxdur.
Bütün fəaliyyətləri boyu ümidlərini xalqa deyil, xarici dairələrə bağlayan radikal müxalifət isə, hər bir seçki ərəfəsində ictimai diqqəti özlərinə yönəltmək üçün yeganə yolu iqtidarın atdığı addımların əhəmiyyətini azaltmaqda, hər bir uğuru qara rəngdə təqdim etməkdə görür. Lakin bu həqiqəti unutmaq lazım deyil ki, xalq fərziyyələrə, onların yalanlarına deyil, gerçəkliyə daha çox üstünlük verir.
Gerçəklik isə budur ki, Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasətin əsasında əhalinin sosial-iqtisadi durumunun yaxşılaşdırılması dayanır. "Mənim bir məqsədim var- Azərbaycanı möhkəmləndirmək, ölkəmizin dünyadakı mövqelərini gücləndirmək, xalqın rifah halını yaxşılaşdırmaq, müxtəlif proqramların həyata keçirilməsi ilə Azərbaycanı müasir güclü ölkəyə çevirmək"-deyən Prezident İlham Əliyevin son 6 ildə həyata keçirdiyi tədbirlərə, imzaladığı fərman və sərəncamlara, təsdiqlədiyi Dövlət Proqramlarına diqqət yetirsək, onların hər birinin əsasında bu məqsədə nail olmaq istəyinin dayandığı özünü qabarıq şəkildə büruzə verir.
2004-2008-ci illəri əhatə edən "Regionların sosial iqtisadi inkişafına dair Dövlət Proqramı" uğurla başa çatdı. İndi isə bu proqramın 2-ci mərhələsi icra olunur. İşsizlik, yoxsulluq problemlərinin həlli istiqamətində mühüm addımlar atılır. Bu gün yoxsulluq həddinin bir neçə il əvvəlki 49 faizdən 13 faizə endirilməsi həyata keçirilən layihələrin uğurlu nəticəsidir.
Beynəlxalq Valyuta Fondunun qənaətinə görə Azərbaycanda bugünkü iqtisadi inkişaf saxlanılarsa, çox qısa zamanda ölkədə bir nəfər də yoxsul olmayacaq. "Azərbaycanda yoxsul olmamalıdır"- bu tezis Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasını təşkil edir. Ölkənin bugünkü iqtisadi inkişafı və maliyyə imkanları bunu qeyd etməyə əsas verir.
Böyük enerji layihələrinin əsas iştirakçısı və təşəbbüsçüsü olan Azərbaycan onların reallığa çevrilməsi ilə iqtisadi qüdrətini daha artırır, eyni zamanda, maliyyə imkanlarını genişləndirir. Bu isə əhalinin sosial-rifah halının yaxşılaşmasına zəmin yaradır. Əmək haqları, pensiyalar ildə bir neçə dəfə artır.
Müxtəlif kateqoriyalardan olan vətəndaşlara konpensasiyalar verilir. Təbii ki, bir neçə il bundan öncə xalqın yaşayışı ilə bu günü müqayisə etsək, görərik ki, radikal müxalifətin söylədiklərinin əksinə olaraq, iqtisadi göstəricilər rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapıb. Bunlar gerçəkliyin sərt üzüdür.
Ölkənin iqtisadi imkanlarını, beynəlxalq aləmdə yeri və rolunu inkar yolunu tutmaqla radikal müxalifət özlərinə qarşı formalaşdırdıqları mənfi rəyi birə on qat artırır, şəxsi istəklərinin əsiri olduqlarını nümayiş etdirirlər. Beynəlxalq təşkilatların və xalqın radikal müxalifətdən tələbi budur- inkarçılığa son qoymaq, reallığı qəbul etmək, ölkənin inkişafı üçün iqtidarla, xalqla həmrəylik nümayiş etdirmək. Başqa yol yoxdur.