Müxalifətin fiasko konsepsiyası
Qarşıdan bələdiyyə seçkiləri gəlir. Bu seçkidə məğlubiyyətə uğrayacağına 100 faiz əmin olan radikallar müxtəlif bəhanələr və böhtanlarla ölkədə siyasi qarışıqlıq yaratmağa çalışırlar. Amma bu, elə də effekt vermir. Çünki ötən seçkiqabağı əsas bəhanələri olan nə Seçki Məcəlləsi, nə proporsional seçki sistemi məsələsi, nə də komissiyaların tərkibi məsələsi ölkə ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndi. Məhz bu səbəbdən də müxalif düşərgədə mübarizə müxalifət-iqtidar müstəvisindən, müxalifət-müxalifət müstəvisinə keçib.
Artıq müxalifət düşərgəsində normal təfəkkürə malik insanların səsləri gəlir. Real vəziyyəti doğru qiymətləndirib siyasi mübarizənin sivil formada aparılmasını düzgün sayan belə müxalifətçilər radikallıqdan imtina edib konstruktiv müxalifət kimi fəaliyyət göstərəməkdə israrlıdırlar.
Destruktiv müxalifətdən fərqli olaraq belə qüvvələr milli mənafelərin və dövlət maraqlarının əleyhinə getmirlər. Amma bu radikal düşərgədə heç də birmənalı qarşılanmır. Radikallar belə siyasətçiləri satqınlıqda və əsil müxalifət olmamaqda ittiham edirlər.
Son bir neçə seçki göstərdi ki, radikallıq cəmiyyət tərəfindən qəbul olunmur. Amma radikal qüvvələr hələ də bunun fərqində deyillər. Əslində, onlar heç də real vəziyyəti bilməmiş deyillər. Amma radikallıq bir növ xislətə çevrilib və bunu dəyişdirmək hər adamın işi deyil.
Radikal təmayülün dəyişdirilə bilməməsində hakimiyyət hərisliyinin, maddi mənfəət güdülməsinin, bir sözlə, ambisioz maraqların da böyük mənfi rolu olmamış deyil. Üstəlik, burada burada bir ciddi amil də var ki, bu da Mirmahmud bəyin dediyi kimi, xarici ağalardan asılılqıdır.
Hazırda müxalifət düşərgəsində daxili çaxnaşmalar, döyüşlər, qarşılıqlı ittihamlar, parçalanmalar nəinki səngimir, əksinə, getdikcə şiddətlənir. Bu durumdan çıxış kimi yalnız bir yol var- radikallıqdan imtina edib konstruktivliyə meyil etmək, ümummilli maraqlar və dövlət mənafeyi üçün sivil mübarizəyə keçmək. İkinci yol isə, siyasi səhnədən birdəfəlik silinməkdir. Bu dilemma qarşısında seçim vaxtı da azdır.
Qəribədir, bir halda ki, müxalifət qüvvələrin birləşmə planları baş tutmur, ikitərəfli sazişlərdən də imtina edilir, bəs onda bu partiyalar nə işlə məşğuldur və ya "lider"lər mətbuatı və xalqı niyə ələ salır?
Bəzi "cücə"lər yuxuda özlərini "əjdaha"larla döyüşdə qalib kimi görür. Belə yuxular görmək, təbii ki, günah deyil. Məsələn, mən də bir dəfə yuxuda özümü BMT-nin baş katibi kimi görmüşdüm. Amma yuxudan ayıldıqdan sonra mən özümü heç də baş katib kimi aparmadım. Lakin bəzi radikal "cücə"lər yuxuda özünü prezident kimi, bir az zəifləri isə müxalifəti birləşdirən "qəhrəman lider" kimi görür, ayıldıqdan sonra da uzun müddət yuxunun təsiri altında olurlar.
Başı girməyən yerə bədənini dürtən siyasətbazlar nə yardan doyur, nə əldən qoyur. "Böyük-böyük" partiyaları və ambisiyalı "lider"ləri birləşdirmək prosesi adi adamın girə biləcəyi kol deyil. Necə deyərlər, "böyük" işləri kiçiklər bacara bilməz.
Bu kimi işi bacarsa ancaq Pənah Hüseynov bacara bilər. Bu adamın özünü radikal düşərgədə yeganə "lider" kimi təqdim etmək üçün çıxardığı həngamələrin heç bir faizini başqası etməyib. Pənah bəyin isə şərti ağırdır- müxalifəti yalnız özünün liderliyi ətrafında birləşdirmək. Bunu da heç bir qüvvə qəbul etmir.
Belə olan halda, məlum olur ki, müxalifət bələdiyyə seçkisi öncəsi bir blokda birləşə bilməz və seçkilərə qədər müxalifət düşərgəsində bir neçə blok yaranacaq. Mənim təxminlərimə görə isə, ən azı 5 blokdan söhbət gedə bilər. Çünki müxalifətin ağsaqqalı adına iddialı olan "lider"lərin sayı bundan az deyil. Təcrübə və məntiqə əsaslansaq, ehtimal etmək olar ki, hər "lider" bir blok təşkil edəcək, çünki təşəbbüsü başqasına vermək olmaz.
Hazırkı siyasi vəziyyəti və cəmiyyətdəki rəyləri nəzərə alsaq, möcüzə baş verərsə, bələdiyyə seçkilərində müxalifət ümumilikdə maksimum 1 faiz səsə ümid edə bilər. Bunu da 5 yerə böləndə hər birinə orta hesabla 0,2 faiz səs düşür. Belə olacağı təqdirdə, Pənah bəyin "müxalifətin 50 faizi siyasətdən getməlidir" arzusu artıqlaması ilə həyata keçə bilər. Çünki növbəti fiaskoya uğrayan radikal müxalifət siyasi səhnədən tamam silinəcək və yeni konstruktiv müxalifət meydana çıxacaq. Bəlkə o zaman radikal "lider"lər yuxudan və ya onun təsirindən ayıla.
P.S. Belə yuxu sahiblərinə tövsiyə xarakterli resept: yuxudan ayıldıqdan sonra onun təsirindən qurtarmaq üçün təğyiri-libas olub ölkə ərazisində (xarici təşkilat ofisləri və səfirliklərdə yox) bir qədər gəzib-dolaşmaq və vətəndaşlarımızla söhbətləşmək kifayət edər.