PDF Oxu

Müxalifət

  • 5

Başqanın yeni siyasi fırıldaqları

Başqanın yeni siyasi fırıldaqları
Müxalifət düşərgəsində təmsil olunan partiya sədrlərinin daim istifadə etdikləri bircə metodları var. O da yolları üstünə çıxmaq istəyən özlərindən güclü siyasi təcrübəsi olanları uzaqlaşdırmaqdır. Qarşıdan gələn bələdiyyə seçkiləri ərəfəsi bu metoddan istifadə etməyi lazım bilən Müsavat başqanı İsa Qəmbərov daha çox düşərgə daxilində özlərini "lider" kimi göstərməyə çalışanları, nəyin bahasına olursa-olsun, uzaqlaşdırmağa başlayıb.
Son günlər müxalifət daxilində baş verən nüfuz savaşının getdikcə kəskin hal almasının nəticəsidir ki, müxalifət partiyalarından istefalar artmaqdadır. Maraqlı məqam ondan ibarətdir ki, müxalifət liderləri 2009-cu ilin dekabrında keçiriləcək bələdiyyə seçkiləri ərəfəsi fəallıq nümayiş etdirməyə, zorən ictimai rəyə daxil olmağa səy göstərirlər. Onlar gah qeyri-ciddi sonluqla nəticələnən toplantılar keçirməyi planlaşdırır, gah da rayonlarda məzhəkələr qurub, şoular yaratmaq istəklərini bildirilər. "Yeni Müsavat"ın baş yazarı Rauf Arifoğlu bütün bu oyunların başında Müsavat başqanı İ.Qəmbərovun dayandığını bildirib. R.Arifolğunun sözlərinə görə, İ.Qəmbərov bu gün də köhnə ssenari ilə işləyir: "Əvvəllər olduğu kimi, Müsavat başqanı öz fırıldaqlarını həyata keçirmək üçün qarşıdakı bələdiyyə seçkiləri ərəfəsi belə bir açıqlama verir ki, guya hakimiyyət tərəfindən təzyiqlərə məruz qalırlar. Xüsusilə də, seçkilərə hazırlıqla bağlı təşkil olunmuş komissiya üzvlərinin bölgələrdə iş aparmalarına mane yaradılır. Lakin bu faktı heç cürə gizlətmək olmaz ki, radikal müxalifət, o cümlədən, Müsavat başqanı İ.Qəmbərov həmişə çirkin vasitələrin bütün incəliklərindən istifadə etməyə səy göstərib. Bu gün də bu əməlindən əl çəkmir və davam edir. İ.Qəmbərov kimi səviyyəsiz partiya sədri hansı üzlə bugünkü demokratik şəraitdən gileyənir? Müsavat başqanı yaxşı olar ki, demokratik dəyərlər nədir, onu gedib araşdırsın və bu partiyada onu tətbiq etsin. Ancaq bu, mümkün olan şey deyil. Çünki "lider" olmaq xəstəliyi İ.Qəmbərovun qanına, bütünlüklə canına hopub".
Müsavat funksionerlərindən Samir Hümbətov, Vüqar Şəbiyev və Zəminə Kərimova bildiriblər ki, Müsavat başqanı bələdiyyə seçkiləri ərəfəsi növbəti fırıldaqlarını həyata keçirmək istəyir. Bölgələrdə təşviqat kampaniyası adı altında, heç bir görüş keçirilməyib. Yalançılıq və qaryaxma ilə məşğul olmaq istəklərini həyata keçirmək üçün qabaqcadan hay-küy salırlar. Görünür, cəmiyyətin mövqeyini həzm etmək istəməyən İ.Qəmbərov seçki ərəfəsi hay-küy yaratmaqla diqqət mərkəzinə çevrilməyə daha çox səy göstərir. Başqan xaricdən aldığı maddi və mənəvi dəstəyə arxalanaraq, hər cür primitiv ideyalarla çıxış etməkdən çəkinmir. İ.Qəmbərov bu seçkilər ərəfəsi bölgələrdə qruplar şəklində iğtişaş törədəcəklərini, mərkəzdə isə, kütləvi aksiyaların keçirilməsinə çalışacaqlarını bildirir. Müsavat funksioneri Zəminə Kərimova bildirdi ki, İ.Qəmbərov bütün seçkilər zamanı öz maraqlarının təmin olunması üçün bütün çirkin oyunlardan çıxmağı bacarıb. Ancaq istər Müsavat başqanının, istərsə də digər radikal partiya sədrlərinin xəyanətkar və satqınlığı artıq xalqa bəllidir. Bu cür qarayaxmalar onu deməyə əsas verir ki, İ.Qəmbərov bu günə qədər siyasi fəaliyyəti ərzində tətbiq etmədiyi və ya edə bilmədiyi hər cür cəfəngiyyatı bundan sonra həyata keçirmək niyyətindədir. Bu niyyətin reallaşması İ.Qəmbərov üçün problemlər yaşadacağı şübhə doğurmasa da, başqan ruhdan düşmək niyyətində deyil.
Partiya funksionerləri İ.Qəmbərovun ifrat dərəcədə radikallıq nümayiş etdirməsinin partiya üçün acınacaqlı nəticələrə səbəb olacağı qənaətindədirlər. Ona görə də, Müsavatın əksər rayon təşkilatları ictimai sifarişə uyğun olaraq, İ.Qəmbərovla birgə siyasi mübarizəyə son qoyacaqları qənaətindədirlər.

Digər xəbərlər