Müxalifət ideoloji və strateji seçim qarşısında
Azərbaycan böyük siyasi dəyişikliklər dövrünü yaşayır. Bu ərəfədə müxalifət düşərgəsində qəribə proseslər gedir. Ölkə müxalifətinin böyük bir hissəsinin konstruktiv mövqeyə keçməsi fonunda bir neçə siyasi partiyanın radikallığını davam etdirməsi heç kimin diqqətini cəlb etmir. Sonuncu dəfə mart referendumunda bir neçə radikal qurum ümumxalq səsverməsini boykot etmə taktikası tətbiq etməyə cəhd etməklə diqqəti özlərinə cəlb etmək fikrindəydi, amma onlar buna nail ola bilmədilər. Çünki bu qurumlar artıq çoxdan cəmiyyət tərəfindən unudulub. İndi cəmiyyətin bütün diqqəti qarşıdan gələn bələdiyyə seçkilərinə və seçkilərdə iştirak edəcək qurumların fəaliyyətinə yönəlib.
Radikal düşərgədə gedən proseslər, onu deməyə əsas verir ki, bu qüvvələrin ümumi məqsədi və maraqları yoxdur. Hazırda radikal müxalifət partiyaları bir neçə blokda və ya digər qurumda birləşib. Bu qurumlar arasında birlik yaratma cəhdləri heç bir nəticə vermədi. Üstəlik, belə ittifaqlarda birləşən partiyalar belə heç öz aralarında belə vahid mövqeyə gələ bilmədilər.
Son vaxtlar radikal partiyalar arasında baş verən çəkişmələr, bir-birilərinə yağdırdıqları ittihamlar onu göstərirdi ki, ümumi maraqlar naminə vahid mövqe sərgiləmək haqda heç kim düşünməyib, hər bir "lider" öz ətrafında blok yaratmaqla məşğul olub.
Radikal liderlər hələ prezident seçkilərində öz namizədliklərini irəli sürəcəklərini bildirirdilər. Bu da çoxdandı ki, ortalığa atılmış "müxalifətin vahid namizədi" məsələsinin də üstündən xətt çəkdi. Eyni təmayüllü, hətta eyni blokda birləşən partiyalar belə vahid namizəd məsələsində bir araya gələ bilmədilər, o zaman "bütün müxalifətin namizədi ideyası" gülünc bir təşəbbüs kimi tarixin arxivinə atıldı.
Özlərinin də etirafı etdikləri kimi, həqiqətən də, müxalifət partiyalarının özlərinin bir-biri ilə ciddi münaqişələri var və bu, hamının bir yerdə olmasını əngəlləyir. Axırda "Əli aşından da oldular, Vəli aşından da". Bəs bölünməyən nədir? Axı bu qüvvələrin hər biri yaxşı anlayır ki, nəinki təklikdə, hətta bütün müxalifət birləşsə belə, heç bir şansları yoxdur.
Məntiqlə düşünəndə belə çıxır ki, liderlər sadəcə oyun oynayırlar. Məqsəd həmişə dediyimiz kimi eyni idi- üzüağ xarici ağalara real müxalifət qurumu və siyasi güc mərkəzi kimi güstərmək və bununla da ölkəyə axan qrantları ələ keçirmək.
Məhz buna görə, bir çox partiyalar müxalifətin ümumi marağı naminə özlərinə edilmiş müraciətə rədd cavabı verib, heç bir ümumi qurumda birləşmədilər. Məhz buna görə, bəzi partiyalar ayrıca qurumlar yaradıb digərlərini iqtidara satqınlıqda ittiham etdilər. Yeganə məqsəd və məram həmişə pul olub müxalifət düşərgəsində.
Əvvəllər bu sıraya hakimiyyətə gəlmək də daxil idi. Lakin xalq qarşısında ifşa olunandan sonra və son bir neçə seçkidə rüsvayçı məğlubiyyətə uğrayandan sonra bu məsələ bir kənara atıldı.
Bütün müxalifləri siyasi mübarizə yox, yalnız pul və şöhrət maraqlandırırdı. Məsələn, Rauf Arioğlunun nə vecinədir ki, Müsavat dağılıb gedir, silahdaşları pis vəziyyətdə qalır. Bu adamın Novxanıda bir villası, bağı-bağçası var ki, iki (və ya dörd) göz istəyir ki, tamaşasına dura. Tanrı özünə qismət eləsin, handa bir milyonçunun elə bir həngaməsi yoxdur.
İmanımı yandıra bilmərəm, bu haqda məlumatlı adamların dediyinə görə, azı 2 milyon qiyməti var(!). Adam ən bahalı xarici avtomobillərdə gəzir, əlinin altında qulbeçələr, mühafizəçilər-filan, həftə səkkiz- mən doqquz xarici səfərlər və s. Hələ deyilənlərə görə, kefi istəyəndə də eyş-işrət məclislərində o məsələ...
Yainki İsa Qəmbərovun başqa yolumu var? Bu adam da eynən onun kimi, öz kefindədir. Vəzifə, kabinet, maşın, yaxşı ev və s. Bundan artıq nəyi olmalıdır ki? Qaldı ki o biri liderlərə, onlar da müxalifətdə özlərinə daimi iş yeri tapıblar. Bəs neyləsinlər? Əllərindən başqa heç bir iş gəlmir.
Məsələn, götürək elə Əli Kərimovu. Bu adamın əlindən satqınlıqdan və xəyanətdən başqa nə gəlir ki? Görmədinizmi, o vaxt bu uşağı götürüb qoydular dövlət katibi, nə həngamə çıxardı. O boyda Xalq Cəbhəsini necə parçaladı. Deyilənə görə, xasiyyəti də yaman pisdir, heç kimlə yola getmir. Bu xasiyyətinə görə, onu heç müxalifət düşərgəsində də "priznavat" eləmirlər. Başını oralarda güclə girləyir.
Etibar qədeş də daha tamam qurtarıb. Yəni, siyasi cəhətdən. İqtisadi cəhətdən isə, durumu fəna deyil. O qədər onu-bunu aldatdı, nala-mıxa döydü ki, indi bir köpəkoğlu ona yaxın durmur. O da işini başa düşüb partiya sədrliyindən əkildi və özünü AMİP-in lideri elan etdi.
Mister Rəsula gəldikdə isə, bu adam haqda siz məndən də çox bilirsiniz. Amerikada şellənən bu adam Azərbaycanda ara qarışdırmağa can atır. İqtidardan qurtardı, keçdi müxalifətə, ağzına gələni yağdırır okeanın o üzündən. Bəzi "badbaxtlar" da onu özlərinə lider seçmişdilər. İndi peşman olublar, amma gecdir.
Yerdə qalır bir neçə böyük iddiaya malik kiçik "lidercik" ki, onlar haqda da heç yazmağa belə dəyməz. Bu adamlar dərəni xəlvət hesab eliyib, ortalığa atılıblar. Amma heç bir "zad" yeyə bilməyiblər.
Deyəcəksiniz, nə oldu, bəs bu boyda müxalifət düşərgəsində bir əməlli adam yoxdumu, hamısını yıxıb sürüdün. Var! Niyə yoxdur? Əmma məsələ burasındadır ki, belələri indiyədək papaq altında idi. Gözləyirdilər ki, görək nə vaxt bu qocalar yorulub-usanıb, nə bilim utanıb meydanı tərk edəcəklər. Amma bu "qoca qurdlar" onlara imkan vermirdi.
İndi isə, müxalifət düşərgəsində yeni qüvvələr formalaşır, yeni liderlər ortaya çıxır. Bu qüvvələr artıq radikal müxalifətçiliyin heç bir effekt vermədiyini anlamışlar və bu səbəbdən də, konstruktiv mövqe sərgiləyərək öz siyasi mübarizələrini sivil yolla sürdürməyə çalışırlar.
Azərbaycanın ən yeni siyasi tarixində baş verən ictimai proseslər göstərir ki, müxalifətçilik məhz belə bir startegiya üzərində qurulmalıdır. Yalnız xalqın rəğbətini qazanmaqla, iqtidardan daha yaxşı inkişaf etdirmək yolları aramaqla insanların dəstəyini qazanmaq olar. Konstruktiv müxalifətin ideyası da elə budur. Gec də olsa, reallığı və düzgün yolu tapmaq təqdirəlayiqdir.