“Əli Kərimov, İsa Qəmbərov və digərləri qəbahətli yoldadırlar”
- Zəminə xanım, "ACP" funksionerləri partiyanın iflic vəziyyətə düşməsində sizi ittiham edirlər...
- Əgər doğrudan da, belə düşünürlərsə, deməli, Zəminə xanım gücdür. Onda mən deyirəmsə, o da olsun və hər şey də bitib-tükənsin.
- Hazırkı vəziyyətdə müxalifət partiyaların fəaliyyətini necə dəyərləndirirsiniz?
- Siyasi duruma baxanda, çox təəssüf edirəm ki, Azərbaycanda müxalifət yoxdur. Cəbhəçilər demişkən, elə bil ki, düşərgəni dondurublar. Bu da müxalifətin səhv addımlarının nəticəsidir. O nöqteyi-nəzərdən, hesab edirəm ki, yeniləşmə lazımdır. Azərbaycan müxalifətində yeniləşmə olmayana qədər bu durğunluq davam edəcək.
- Cəbhəçilərdən misal gətirdiniz. Bu, onlara olan simpatiyadan irəli gəldi?
- Mən təəssüf hissi ilə bunu sitat gətirdim. Çünki onlar həmişə belə fikir səsləndirirdilər ki, siyasi fəaliyyətimizi dondururuq. Demək istəyirəm ki, həmin vəziyyət hökm sürür.
- Demək istəyirsiniz ki, cəbhəçilər tamamilə siyasi fəaliyyətlərini dondurublar?
- Fakt göz qabağındadır. Ona görə də zaman-zaman etdiyimiz səhvlərdən nəticə çıxarmalıyıq. Demək istədiyim odur ki, Azərbaycan müxalifətinin siyasi fəaliyyəti yox dərəcəsindədir.
- Bu səhvlərin kökü nədən qaynaqlanır?
- İndiki müxalifət 1992-ci ildə hakimiyyətdə idi. Həmin hakimiyyəti normal olaraq qoruyub-saxlaya bilmədi. Yəni, hakimiyyətə gəlmək şərt deyil. Onu qoruyub-saxlamaq ikiqat məsuliyyət tələb edir. Bundan nəticə çıxarmayan, 1993-cü ildə adlarını "ana müxalifət" elan adlandırdılar. Bu mənada, Azərbaycan müxalifəti kökündən yanlış addım atdığı üçün bu vəziyyətə gəlib çıxdı. Müxalifət yanlışlıq üzərində qurulub.
- Müxalifətin yanlışlıq üzərində qurulmasına səbəb nə idi?
- Gücsüzlük. Özlərinin gücü olmadığı halda daha böyük iddia ilə çıxış etdilər. Onu da, təbii ki, həyata keçirə bilməyəndə nəticə belə olmalıydı.
- Pənah Hüseynov bildirib ki, bütün müxalifət partiyaları AXC ətrafında birləşməlidir. Bu, nə dərəcədə real görünür?
- AXC-ni yaratmaq ideyası absurddur. Çünki ayrılaraq hərə özünə bir partiya yaradıb, bir şey edə bilmədisə, birləşəndən sonra nə edəcək? Məntiqsiz ideyadır. Düz yol tuta bilməyən, adını siyasətçi qoyanlar çalışmaq, vuruşmaq əvəzinə, xarici qüvvələrin maraqlarından çıxış edir. Bunu gizlətmək üçün cəbhə yaratmaq lazım deyil. Bu ideya ətrafında birləşənləri ciddi siyasətçi hesab etmirəm.
- Sizin deməyinizdən belə çıxır ki, Əli Kərimov, İsa Qəmbərov və digərləri ciddi siyasətçi deyillər?
- Belə fikrə düşən insanları adının çəkilməsi mənim üçün fərq etməz. Mən həmişə sözümü obyektiv və dürüst deyənəm. Bir neçə müxalifət partiya nümayəndələrinin bu ideya ilə bağlı yığışması çoxluq deməkdir? Bu addım tamamilə yanlış addımdır. Deyərdim ki, qəbahətli yoldadırlar. İki-üç adamın işsizlikdən bezib bir yerə yığışaraq, nə isə müzakirə etməsi, özlərinə təsəlli verməsi hansısa ideyanın həyata keçməsi deyil.
- Bir məsələni də etiraf etmək lazımdır ki, təmsil olunduğunuz "ACP" yarandığı gündən ortalığa hansısa bir mövqe qoymayıb?
- Mən bu sözü dəfələrələ demişəm ki, "ACP" yarandığı gündən yanlış yaranıbdır. Belə demək mümkündürsə, anormal doğulub. Yəni, partiya yarandı və yarandığı gündən orada problemlər başladı. Fəaliyyətində qüsurlar olduğu üçün nə onun qeydiyyatı, nə qərərgahı, nə maliyyə büdcəsi, nə də partiyanı formalaşdıra biləcək rəhbərliyi var. Sadaladığım səbəblər "ACP"-nin partiya kimi formalaşmasına mane olub. Bu gün də mən partiyadan heç nə gözləmirəm. Ali Məclisin iclasında bir neçə nəfərin çıxıb bu qüsurları sadalayaraq, partiya nizamnaməsində göstərildiyi kimi, fəaliyyətinə xitam verilməsinin tərəfində olacaq.
- Dediniz ki, partiya anormal doğuldu...
- Bilirsiniz, necə olursa-olsun, bu partiya yaranmalıydı.
- Partiyanın yaranmasına nə ehtiyac var idi ki?
- Partiya yarananda, elan etmir ki, mən niyə yaranıram? Partiyanın fəaliyyəti üçün düzgün rəhbərlik seçilməli idi. Həmin rəhbərliyin anormal olması, təbii ki, partiyanın da inkişafı anormallığa meyilləndirdi.
- Deməli, Akif Şahbazov, Nizami Məmmədov kimilər partiyanın fəaliyyətini iflic etdilər?
- Məsələ burasındadır ki, partiyada A.Şahbazovla bir yerdə olanlar onun kadrlarıdır. Çünki hər kəs özünün qabiliyyətinə, düşüncəsinə, ideyasına uyğun komanda qurur. Ona görə də, mən yalnız rəhbərliyi günahlandırıram. A.Şahbazovun partiyaya sədr gəlməsi çox yanlış idi. Partiya sədri kimi, siyasətçi kimi yeni yaranmış partiya üçün onun fəaliyyəti yararsız idi.
- A.Şahbazov özü istefa verdi, yoxsa...
- Uzunmüddətli çağrışlarımdan sonra o özündə güc tapıb sədr postundan getdi. Ali Məclisdən sonra partiyanı görmürəm.
- Deyirsiniz ki, Ali Məclis qərar versin ki, partiya buraxılsın?
- Bəli, mən elə düşünürəm.
- Partiya funksionerlərindən bəziləri etiraf edir ki, Zəminə xanım partiyanın sədri olmaq iddiasındadır...
- Həmin bədbəxtlərin gözü vəzifədən başqa heç nə görmür. Hansısa vəzifəyə iddialısansa, həmin vəzifənin icrasını bəri başdan görməlisən. Müxalifət düşərgəsində vəzifə iddiası xəstəlikdir. Onları da qınamıram.
- Rəsul Quliyevin partiyada gedən proseslərdən xəbəri varmı?
- Xəbəri var. Mətbuat vasitəsilə Akif bəyin istefasına münasibət bildirib. Amma Ali Məclisdə nə olacağı barədə R.Quliyevdən heç nə soruşmamışam. İnanmıram ki, Ali Məclisin iclasında partiya lideri hansısa yanlış fikir söyləsin.