Etibar Məmmədov AMİP-ə sədr tapa bilməyib
Azərbaycan müxalifətinin üzərindəki qara buludlar hələ də görünməkdədir. Bunun səbəbi isə elə onların özləridir. Özlərinə quyu qazan "bəy"lər indi də həmin o dərin quyudan çıxa bilməyiblər.
Müsavat başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, "MBH" lideri Lalə Hacıyeva, ALP-nin sədr əvəzi Əvəz Temirxan artıq böyük uçurumun astanasındadırlar. Bununla da onların siyasi erası tamamilə yekunlaşacaq. Onsuz da onlar heç vaxt siyasi fəaliyyətlə məşğul olmayıblar. Onların fəaliyyəti-fəaliyyətsizlikdən ibarətdir. Bunun da nəticəsində xalq onlara etimad göstərməyib. Bu etimadsızlıq, eləcə də xarici qrantlardan məhrum olmaları radikal müxalifət "bəylər"ini yaman məyus edib. Bu məyusluq onları elə bir vəziyyətə salıb ki, İ.Qəmbərov qəlyanını yerə qoymur. Bir tərəfdən də, krizis Xalq Cəbhəsini bölüb-parçalayan Ə.Kərimova bərk təsir edib. Hətta o, partiyadaşlarını təhqir etməkdən belə çəkinmir.
Vəziyyətin anormal şəkildə davam etdiyi partiya isə, heç şübhəsiz ki, AMİP-dir. Adıçəkilən partiya neçə müddətdir ki, sədr problemini həll edə bilmir. Etibar Məmmədov partiya sədrliyindən istefa verdikdən sonra hələ də AMİP-ə sədr tapılmayıb. Artıq formal olaraq, partiya lideri olan E.Məmmədov partiya işləri ilə məşğul olmur. Belə demək mümkünsə, AMİP qeyri-rəsmi olaraq, fəaliyyətini dondurub. Birincisi, bu partiya digər radikal müxalifət partiyaları kimi, "cırtdan" quruma çevrilib. İkincisi isə AMİP-in hələ də sədr problemini həll edə bilməməsi bu qurumun ciddiliyini şübhə altına alır. Deyilənə görə, artıq E.Məmmədov çıxış yolu kimi partiyanın fəaliyyətinin dayandırılmasında görür. E.Məmmədov AMİP-in işinə qarışmasa da, orada baş verən neqativ hadisələr onun adı ilə bağlıdır. Bütün bunları nəzərə alan E.Məmmədov özü kimi, lideri olduğu partiyanın da, siyasi fəaliyyətinə son qoymaq istəyir.
Beləliklə, AMİP siyasət aləminə əlvida deyəcək. Bununla belə, digər radikal partiyalar da yaxın zamanlarda tarixin arxivinə atılacaq.