Müsavatdan növbəti istefalar
Müsavat daxilində uzun sürən münaqişələr artıq özünü bir çox məsələlərdə göstərməkdədir. Belə ki, ya mövsümü ilə əlaqədar olaraq partiyanın işində müəyyən durğunluq yaransa da, funksionerlər artıq 10 ildən çox zaman çərçivəsində Müsavatda "yay mövsümü"nün olduğunu bildirirlər.
Hər bir siyasi və ictimai təşkilatın cəmiyyətin formalaşmasında rolunun önəminə toxunan müsavatçılar artıq lazımsız bir "əşya" kimi qiymətləndirilən partiyanın fəaliyyətinə xitam verilməsinin zəruriliyini də gizlətmirlər. Çünki Azərbaycan cəmiyyəti 16 ildən artıq bir zaman çərçivəsində ictimai-siyasi proseslərdə çoxlu sayda qurumun fəaliyyətinə bələd olub. Ona görə də, indi istənilən halda hər hansı bir qurumun özünəməxsus performans göstərməsi nəsə bir yenilik deyil. Əslində, onun dövlətin və xalqın inkişafında rolu önəmli olmalıdır. Amma bu gün özünü müxalifət adlandıran partiyaların heç birinin fəaliyyəti nə qənaətbəxş, nə də ki, normaldır. Bu sıradan Müsavat partiyası daxilində olub keçənlərə və bundan sonra da olacaqlara nəzər saldıqda, bu qurumun nə dərəcədə çirkab içində olduğunu müəyyənləşdirmək olur. Eyni zamanda, müxalifətin "ana müxalifət" kimi qələmə verilən Müsavat indi nə günlərə qaldı. Bir zamanlar İsa Qəmbərova "sitayiş" edənlər indi onun üzünə tüpürməyə belə hazırdırlar. Çünki bu şəxs Müsavatın ikinci dəfə siyasi səhnəyə gəldiyi gündən partiyanın nizamını öz istəyinə uyğun formada istiqamətləndirir. Elə bu səbəbdən də, müsavatçılar istəsələr də, istəməsələr də, reallıq bunu deyir. İ.Qəmbərov özü-özünə söz verib ki, prezident olmayınca, o, siyasətdən getməyəcək. Onun isə prezident olması isə dəvənənin quyruğunun yerə dəyməsi kimi bir şeydir. Amma nə olsun? Bu "kişi" inadından dönmür ki, dönmür. Maraqlı bir məqam isə, ondan ibarətdir ki, 6 ay bundan öncə Müsavat divanının iclasında İ.Qəmbərovun sədrlikdən uzaqlaşdırılaraq, ancaq lider kimi fəaliyyətini davam etdirməsi təklif edilib. Öz növbəsində isə, İsa "bəy" buna, təbii ki, razı olmayıb. O, elə bilir ki, Müsavat başqanlığından getdiyi gün onun prezident olmaq arzusu da puç olacaq. Bu yazıq bəndə başa düşə bilmir ki, onun qatarı çoxdan gedib və həmin qatar artıq geri dönməkdədir. Ona görə də, üzüsulu onun bu iştahadan əl çəkməsi daha münasib olardı. Əks təqdirdə, başqan elə başqan kimi də, dünyadan köçəcək. Partiyada isə onun bu istəyinə qarşı çıxanların sayı durmadan artmaqdadır. Bəziləri Müsavat daxilində İ.Qəmbərova qarşı olan qüvvələrlə əməkdaşlıq etsələr də, əksəriyyət çıxış yolunu buranı tərk etməkdə görür. Məhz belə olan halda isə Müsavatın tərkibində bir-birinə qarşı dayanmış bir neçə qüvvə formalaşır ki, onlar da istənilən vaxt üzə çıxıb özlərini göstərəcəklər. Elə həmin vaxtda, nəinki Müsavat daxilində, ümumi müxalifət düşərgəsində böyük partlayış baş verəcək. Çünki hazırda bir-birinə diş qıcayanlar zəruri bir situasiya axtarırlar ki, məqsədlərinə nail olsunlar.
Müsavatı parçalamaq istəyənlərdən isə üzdə tək "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunu görmək olmaz. Burada həmçinin, Müsavat icra aparatının rəhbəri Arif Hacıyev də dişini qıcayıb dayanıbdı ki, lazımi məqamda öz sözünü desin. Dağılmaqda olan bir partiya daxilində bu qədər intriqaların olması isə burada bir nəfər də olsun sıravi müsvatçının qalmamasına şərait yaradıb. Ona görə də, bu gün Müsvat partiyası, demək olar ki, bir sədr və papkasından ibarətdir. Yerdə qalan şəxslər isə özlərini heç bu quruma aid etmirlər. Proseslərin gedişində isə hərtərfəli uduzan şəxs İsa "bəy"dir. O, heç bir vəchlə istəyindən dönmədiyi kimi, müsvatçılar da ona qarşı olan iddialarından dönməyəcəklərini dilə gətirirlər.
Ümumi müxalifətin mənzərəsində qara ləkələrdən biri olan Müsavat partiyası, sözün əsil mənasında, fəaliyyətinin son finalındadır. Bundan sonra, çətin ki, bu partiyadan normal bir qurum olsun. İstərsə də bundan sonra partiyaya R.Arifoğlu yox, A.Hacıyev gəlsin, onlar da öz maraqları naminə iş görüb gedəcəklər. Bütün bunlar isə müxalifət düşərgəsində bir zərrəcik olsa da, əslində, burada nə kimi halların baş verməsinə işarədir.