IV seriya-"Siyasi doktrina"
Dünənki yuxudan sonra radikal müxalifət düşərgəsində bəzi ilginc olaylar baş verdiyindən dünən də həmin yuxunun davamını görmüşəm və yüksək müsaidənizlə sizə danışmaq istəyirəm. Yadımdan çıxmamış bir daha nəzərinizə ərz etmək istəyirəm ki, bəndəniz, adətən, "serilanı" yuxular görür və ona görə də ölkənin ictimai-siyasi həyatında baş verənlərdən elə yuxudaca operativ və ardıcıl şəkildə agah olur.
Nə isə... Dünən gecə yatmamışdan öncə qlobal mənəvi böhran haqda düşünməyə başladım ki, bəlkə bu "Yuxu" serilına baxmaq əzabından qurtulam. Amma bu kələyim baş tutmadı və gecənin bir aləmində başladım qarışıq yuxular görməyə. Əcaib sifətlər, səs-küylü mübahisələr və s.
Yuxunun şirin və yumşaq yerində bir də gördüm liberalların qərargahından "canlı yayım" gedir. Müxalifətin gizli toplantısından dönən Lalə xanım ədəb-ərkanla oturub dəyirmi masanın arxasında, masa ətrafındakıları fikirlərini dinləyir. Əvəz bəy deyir: "Hörmətli liderimiz Lalə xanım. Bunların sözünə inanmayın. Bunlar bizim başımızı piyləyib aldatmaq isyərilər, amma keçəl suya getməz.
Millət radikallıqdan bezib, liberal staretiyanın ən optimal mübarizə üsulu olduğunu anlayıb, belə bur durumda biz taktikamızı dəyişsək, məhv olarıq. Radikallar artıq tükənib, tezliklə bir-birilərini qırıb qurtaracaqlar, o zaman meydanda yalnız biz qalacağıq. Onların ətrafına yığılmış vicdanlı və vətənpərvər insanlar da bizə qoşulacaqlar".
Lalə xanım Əvəz bəyi süzüb deyir: "Oğul bala, bunların davasının nə zaman bitəcəyini gözləsək, özümüz batıb gedərik. Bu proses qurtaran deyil. Bunlar üzdə dost, arxada düşməndirlər. Qoca qurdlarla biz bir yerə ola bilmərik. Bizi diri-diri yeyərlər. Bizim də təkbaşına mübarizə aparmaq gücümüz yoxdur.
Bunlar məhv olanda arxalarındakı dediyin o vicdanlı adamlar da acıqla gedib YAP-a qoşulacaqlar. Yaxşısı budur ki, seçkiyə təkbaşına gedək. Uduzsaq da, yenə YAP-a uduzarıq, bunlara yox!"
Müzakirələr zamanı belə bir təkliflər də gəldi ki, Avropa dairələri ilə ciddi danışmaq lazımdır. Funksionerlərin biri beləcə də dedi: "Qardaş bunlar neçə illərdir, Azərbaycanda liberal dəyərləri yaymaq istəmirlər? Bəs biz nə edirik, balıq tuturuq? Zəhmət çəksinlər, bizə yardım etsinlər, yoxsa o millətçilərlə kommunistlər ölkəni özlərinə oxşadacaqlar".
Baş liberal bir ona baxdı, bir digərlərinə və dedi: "Uşaqlar, Qərbin və Şərqin yardımını almaq üçün vətəni və xalqı satmaq lazımdır. Yoxsa, radikallara və ya solçulara o qədər pulu elə-beləmi verirlər?! Üstəlik, satılası bir şey də qalmayıb. Hamısını onlar satıblar. Bizim bir yolumuz var ki, konstruktiv müxalifət kimi mübarizəmizi davam etdirək, bu seçkidə olmasa da, gələn seçkidə bir şey edə bilərik".
Yerdən səslər gəldi ki, bəs gələn seçkiyədək "ya xan ölər, ya eşşək", neyləyək, onsuz da başqa yolumuz yoxdur, nə təhər məsləhətdi elə eləyək. Bir-iki nəfər etiraz edən də tapıldı ki, bəs seçkidə 1 fazi səs toplamaqdansa, kənarda durmaq yaxşıdır. Otaqda səs-küy getdikcə artmağa başladı...
...Arada qara fon gəldi, bir də baxdım ki, "klassiklər"in qərargahındayam. Ağa partiya funksionerlərini yığıb qapalı iclas keçirir. Stolun üstündə çaydan və "iris" konfetindən başqa bir şey yoxdur. Sükutu Mirmahmud ağa özü pozdu: "Dünən müxalifətin gizli toplantısında hamısının iç üzü açıldı. Bunlar daha ağsaqqal-qarasaqqal tanımırlar. Qardaş İranda bir qayda var, qanun var, böyük duran yerdə kiçiyin həddi nədir söz danışa.
Amma burası Azərbaycandır. Bir para uşaq-muşaq çıxıb ortaya ki, müxalifət birləşsin, lideri də mən olum. A kişilər, Elçibəyin vaxtında bunlar belə eləyə bilərdilərmi? İndi mən onu varisi olaraq yumşaq siyasət xəttini davam etdirirəm deyə başıma çıxası deyillər ki? Sizə vaxtında dedim, partiyaya normal adamlar toplayın. Siz də gedib harda molla, seyid var, yığdınız buraya, bu da axırı. A qardaş, bura yasxana ha deyil, biz bu xalqın yeganə ümidiyik.
Ağa mətləbə keçməyin zamanının çatdığını anlayıb bir salavat çevirib dedi: "İnşallah, yaxında bunların fatihəsini özüm verəcəm. Bəsdir bu İsaya, Əliyə meydan verdik. Nə isə, yaxşısı budur özümüz bir ittifaq yaradaq, bizə yaxın partiyaları ora yığaq. O zaman bizim necə bir güc mərkəzi olduğumuzu anlayarlar".
Bu yerdə Zəlimxan bəy yedən söz atdı ki, "ağa, bəs o dediyin partiyaların hərəsi bir, ya iki adamdan ibarətdir, onlarla biz nə edə bilərik ki?" Borçalı ziyalısının dediyini digərləri təsdiq etdi. Ağa onları süzüb dedi: "Qərdeşimsən, sənə kim dedi ki, onlar partiyadırlar? Bizə, sadəcə, say lazımdır. Mətbuatda bəyan edəcəyik ki, bəs 20 partiya birləşib yeni ittifaq yaradıblar. Jurnalistlər tökülüb gələcəklər, müsahibə, açıqlama-filan. Bir müddət gündəmi ələ keçirəcəyikmi? Bu bəs edər, sonrasına sonra baxarıq".
Bu zaman otaqdan bəzi suallar gəldi ki, "bəs seçkidə bunların nə xeyrini görəcəyik, heç bir elektoratı olmayan "partiyalar" heç 1 faiz də nəticə göstərməyəndən sonra nə xeyri var?
Otağı siqaret tüstüsü bürüsə də, kənara səs çıxmasın deyə pəncərəni açdırmayan klassik lider boğazını arıtlayıb cavab verdi: "A bala, seçkidə tutaq ki, bizim ittifaq 1 fazi də səs yığa bilmədi- xub. O zaman beynəlxalq təşkilatlara haray çəkəcəyik ki, bəs saxtakarlıq olub, yoxsa, necə ola bilər ki, 20 partiya birlikdə 1 fazi səs yığa bilməyə. Gördünüzmü, taktika və strategiya nə deməkdir?! Bir az baş işlətmək lazımdır.
Lazım olsa, İrandan, ərəb ölkələrindən molla qardaşlarımız yardım edəcəklər. Onsuz da, bu ölkələr Azərbaycanı casuslarla doldurub, yoxsa hər il ziyarətə-filana havayı yerəmi o qədər adam aparırlar, dini məktəblərə boş-boşunamı tələbə yığırlar?"
Yerdən səs gəldi ki, dövlət imkan verərmi ki, bunlar bir şey etsinlər. "Hamısı nəzarətdədir. Görmürsünüz, MTN-in əlindən bir dənə də mafiya, cinayətkar dəstə və qanunsuz dini icma "mıqq" eləyə bilmir. Belələrini partiyaya cəlb etsək, özümüz də "çujoy poxmel" gedərik"-kimi fikirlər səsləndi.
Bunun qarşılığında Mirəlinin oğlu qaytıdı ki, qorxmayın, uzaqbaşı qaçarıq islam ölkələrindən birinə, mollalıq edib yaxşı pul qazanarıq. Onsuz da bu ölkədə bir şey edə bilmirik. Gördünüzmü, Rəsul nə təhər aradan çıxdı. Bizim ayağımız ondan gödək deyil ki?
Bu sözlərdən sonra dindən bir şey anlamayan, ərəb-fars dilini bilməyən funksionerlər bağırdı ki, "bəs biz orada acından ölərik, sənə nə var, sən bu işi bilirsən"...
Yenə yuxumda dünənki gizli toplantıda olduğu fason xaos yarandı. Bundan sonra bir neçə partiyanın yığıncağından da səsli görüntülər gəldi, amma başınızı ağrıdıb hamısını danışmaq istəmirəm. Onsuz da bunların nə işlər çevirdiklərini siz məndən yaxşı bilirsiniz.
Yuxudan ayılanda başım ağrıyırdı, fikirləşdim ki, ayə, cəmiyyət işini-gücünü buraxıb bunların didişmələrini izləmir, bəs mənə nə düşüb ki, qızıl kimi vaxtımı boş və mənasız şeylərə sərf edim. Ona görə də, bu qərara gəldim ki, daha belə yuxulara baxmayım. Amma deyir sən saydığını say...
Son