Radikal düşərgə tamamilə tükənmək üzrədir. Düşərgədə baş verən parçalanmalar artmaqdadır. Belə ki, "ACP" daxilində baş verən proseslər bu partiyanın tamamilə dağılmasına gətirib çıxardı. "ACP"-də atamanlıq edən liderin müşaviri Zəminə Dünyamalıyeva axır ki, öz arzusuna çatdı. Partiyanın əvvəlki sədri Akif Şahbazovu siyasi düşərgədən didərgin saldı. Partiyadaxili qalmaqal yaradan liderin müşaviri güya okeanın o tayında olan Rəsul Quliyevi də saymır. O, indi də sədr əvəzi Vaqif Mahmudovu qaralayıb. Sədr əvəzi bildirib ki, Z.Dünyamalıyeva hansısa maraqlara və ya elə liderin "siyasi xəttinə" xidmət göstərir: "Əgər belə olmasaydı, o, partiyada bu cür parçalanma yaratmazdı. Bəlkə də özü sədr postuna yiyələnmək istəyir. Belədirsə, bunu açıq şəkildə büruzə versin. A.Şahbazovu didərgin salan Z.Dünyamalıyeva indi də mənimlə kəllə-kəlləyə gəlmək istəyir. Belə getsə və o öz inadından dönməsə, mən də ona qarşı anti-kampaniyaya başlayacam".
V.Mahmudov onu da bildirib ki, partiyanın maddi durumu ilə maraqlanmayan partiya lideri müşavirinin sözü ilə oturub-durur. Onun Z.Dünyamalıyevanın işlərindən xəbərsiz olduğu qeyri-mümkündür: "Çünki belə olmasaydı, o, A.Şahbazovun partiyadan getməsinə mane olardı. Belə getsə, partiya üzvləri R.Quliyevin liderliyindən imtina edəcəklər".
Partiyada baş verən anormallıq partiya üzvlərinin digər patiyalara üz tutmasına səbəb olub. Partiyanın sədr müavini Nizami Məmmədov ADP-yə qayıtmağı palanlaşdırır. Bildirib ki, əgər müavin kimi qəbul edilsə, həmin partiyaya qayıdacaq: "Qadın dedi-qodusuna qulaq asıb, onun sözü ilə oturub-duran R.Quliyevin yanında qalmaqdansa, Sərdar Cəlaloğlunun yanına qayıtmaq daha sərfəlidir. Bilərsən ki, kimə və nəyə xidmət göstərirsən. Onsuz da partiya tamamilə məhv olub gedir. Adının mətbuatda hallanamısının qarşısını almaq, olub- keçənlərin unudulması üçün R.Quliyev partiyanın dağıdılmasını istəyir. Deyəsən, buna da nail olub".