PDF Oxu

Müxalifət

  • 10

YUXU

YUXU

III seriya-"Kontr-ataka"

Srağagünkü yuxudan sonra radikal müxalifət düşərgəsinin digər qütblərində də bəzi ilginc olaylar baş verdiyindən dünən də həmin yuxunun davamını görmüşəm və yüksək müsaidənizlə sizə danışmaq istəyirəm. Yadımdan çıxmamış bir daha nəzərinizə ərz etmək istəyirəm ki, bəndəniz adətən "serialnı" yuxular görür və ona görə də ölkənin ictimai-siyasi həyatında baş verənlərdən elə yuxudaca operativ və ardıcıl şəkildə agah olur.
Həə, əziz oxucular, öncəki yuxum AXCP (i)-nin qərargahında baş verən həngamələrdən sonra yarımçıq kəsilmişdi. Budəfəki yuxumda digər partiyalara baş çəkdim. Beləliklə, dünən gecə gözümü yumanda gördüm ki, düz ADP-nin qərargahındayam. Məxfi iclas gedir. Yenə eyni mənzərə, eyni söhbətlər. Sərdar yoldaş başına 5-3 həmfikirini yığıb başlayıb ki, bəs Rəsul getsin işinin dalınca, daha bizim ona "kasayisimiz" yoxdu. Lazım olsa, bizə də Rusiyadan yardım edəcəklər.
Müəllim partiyanın strateji taktikasını bir neçə cümlədə tam aydınlığı ilə ortaya qoydu: "Bizim əsas məqsədimiz ana müxalifət adını ələ keçirmək, cəmiyyətdə mənim vahid lider imicimi yaratmaq və rəqiblərimizi çökdürmək. Qorxmayın, Qərb bizi dəstəkləyir. Gördünüz, o boyda Rəsulun dizini necə yerə qoyduq? Elə bilirdi partiya bunun "şotuna" nüfuz qazanıb"...
Müavinlər rus "samaqon"undan süzüb toqquşduraraq bir-birinə baxıb qımışdılar. Birinci müavin bir az "qırmızı adam" olduğundan müəllimin üzünəcə nə desə yaxşıdır: "Sərdar bəy, bunlar Rəsul deyillər, ondan da bicdirlər. Üstəlik, Rəsulun Amerikadan əli bura çatmırdı deyə, partiyanı əlindən ala bildik. Əslində, özü də bizim əlimizdən boğaza yığılmışdı. Bunlara belə taktika tətbiq edə bilmərik. İşi başa düşüb birləşərlər, bizi məhv edərlər".
O biri müavin isə başqa məsələyə diqqət çəkdi: "Sərdar bəy, sizin bütün müxalifətin vahid lideri imicinizi necə yaradaq? Müxalifət mətbuatı bunların əlində, xaricilər bunlarla işləyir. Guya Rəsulu başımızdan elədik, xeyir tapdıq, yenə də hərdənbir tulapayı göndərirdi, xırıd eləyirdik. Bizə Moskvadan bir qara qəpik də göndərmirlər. Elə ortalıqda qalmışıq. Mənim ağlım bu işdən bir şey kəsmir".
Sərdar bəy, dünənki iclasda "bosslar"ın yanında deyə bilmədiklərini indi həmfikirlərinə deməklə işini boşaltdı: "Qardaş, bunlar bütün günü demokratiya-demokratiya bağırmırlar? Bəs bizim partiyanın adı nədir, bozbaş deyil ki, demokrat partiyasıdır də. Elə demokratiya sevənsiniz, gəlin bu ad altında birləşək. Mən sədr olaram, sizi də müavin təyin edərəm".
Lider bunu demişdi ki, salonda bir həngamə başladı ki, gəl görəsən. Müavinlər qəzəblənmiş şəkildə etiraz etdilər ki,"bəs burada balqabağıq? Biz bu partiyaya can qoymuşuq, indi bir neçə "moşennik" gəlib hazırın naziri olacaq?". Partiyada yaranmış qruplaşmaların üzvləri də müavinləri dəstəklədi, söhbət yox ki, hərə öz qrupunun başçısını. Beləliklə də, ADP yetkililərinin məxfi toplantısı döndü kolxoz bazarına...
Yuxuda o üz-bu üzə çevrildiyimdən gəlib düşdüm AMİP-in qərargahına. Balaca bir otaq və 5 nəfər oturub xarici pivə (reklam olmasın deyə adını yazmadım) içə-içə diqqətlə keçmiş "Lefortovo məhbusu"na qulaq asır. Etibar yoldaş alovlu nitqində sensasion açıqlama verir: "İndicə digər müxalifət partiyalarındakı mötəbər agentlərimizdən aldığım operativ və məxfi məlumata görə, bizimlə eyni vaxtda onlar da hərəsi öz qərargahlarında yığıncaq keçirib, dünənki həngamənin nəticələrini müzakirə edirlər.
Hələlik, bu qərara gəliblər ki, rəqiblərini ləkələməklə özlərini müxalifətin lideri kimi cəmiyyətə sırısınlar. Amma bu, baş tutmayacaq, biz bəyəm burda balıq tuturuq? Biz özümüz bu sahədə peşəkar ekspert səviyyəsinə çatmışıq. Ey gidi dünya, gör kim kimə nə etmək istəyir. "Duxunuz" çatırdı, o vaxt meydanlarda gəlib mənə bir şey edəydiniz, görün xalqı necə üstünüzə tökürdüm. Yaxşı deyiblər də, dərə xəlvət olanda tülkü bəy olur..." Elə bu anda Etibar yoldaşın mobil telefonu səslənir: "səhər saat yeddidə, qırmızı nolyeddidə..." .
Lider tez telefonu götürüb deyir: "Bəli..." Telefondan gələn səs çox güclü olduğundan hamı eşidir:" Eşit, özüm ölüm, hazırda 3 müxalifət qəzetində sənin xalqa xəyanətin haqda "daskonalnı" materiallar hazırlanır, qərdeşimsən, yadından çıxmasın, sabah alıb oxuyarsan..."
Bu sözləri eşidən kimi, Etibar yoldaşın halı xarablaşır, dodaqaltı mızıldanır: "görəsən, yenə hansı faktları bunlara ötürüblər, mən batdım". Milli İstiqlalçı masa ətrafındakı "...daşlarına" baxıb deyir: "Mən ölüm, bunlar tamam qudurublar. Məndə bunların xəyanətləri haqda yüzlərlə fakt var, amma birini də mətbuata ötürmürəm, amma bunlar... O vaxt hakimiyyətə gələndə, mənə Allahın bir baş nazir vəzifəsini də çox gördülər, mən də elə haqq eləyib bunları keçi qiymətinə satdım..."
Otaqda pıç-pıç başladı ki, özü orda-burda deyir ki, bunları haqq eləyib satmışam, sonra da deyir bunu hansı parazit onlara çatdırır. Birinci müavin belə bir təklif irəli sürdü ki, bu işdə partiyanın üzv olduğu Beynəlxalq Demokrat İttifaqının yardımından istifadə edək.
Etibar qədeş, bunun qarşılığında dedi: "Qaqulya, elə bilirsən, onlar bizim qara qaşımıza-gözümüzə aşıq olublar. Bizim vasitəmizlə, ölkənin bəzi dairələrinə təsir göstərmək istəyirdilər, o da gördülər ki, bizim cəmiyyətə və dövlət strukturuna təsir imkanlarımız sıfıra bərabərdir, daha bizi "priznavat" eləmirlər".
Sədr bu sözlərinin ritorik olduğunu anlayıb susdu, axı bu, heç kimə sirr deyildi. Yerdən təklif gəlmədiyindən, qədeş özü çıxış yolu göstərməyə məcbur oldu: "Mən təklif edirəm ki, diqqəti öz üzərimizdən yayındırmaq üçün, mən sədrlikdən istefa verib, partiyanın lideri kimi qalıb, sizi də ortalıqda görünməyin. Qoyun partiya bir qədər başçısız qalsın. Bizi yox hesab etsinlər, biz də gizlicə güc toplayıb hücuma keçərik".
Bu anda otaqda bir hay-küy yarandı ki, sözlə deyiləsi deyil. Nə isə, belə başa düşdüm ki, funksionerlər deyir ki, "bəs onsuz da bir fəaliyyətmiz yoxdur, indi də tamam kənara çəkilsək, bizə bir qəpik verməzlər, küçədə acından öləsi ha deyilik. Üstəlik, sən yaxanı kənara çəkib "udar" altına bizi niyə qoyursan?"
Bu eşidə bildiyinm son sözlər idi, çünki haray-həşirdən diksinib yuxudan ayılmışdım. Görüm növbəti yuxumda hansı partiyalarda nə baş verəcək, sonra sizə danışaram...

III seriyanın sonu

Digər xəbərlər