PDF Oxu

Müxalifət

  • 10

Müxalifət bələdiyyə seçkilərinə də didişmələrlə gedir

Müxalifət bələdiyyə seçkilərinə də didişmələrlə gedir
Qarşıdakı  bələdiyyə seçkilərinin vaxtı yaxınlaşdıqca radikal müxalifət partiyalarının bir-birinə qarşı mübarizə aparmaları daha da ciddi hal almaqdadır. Onların əksəriyyəti öz ətraflarına siyasi qurumlar cəmləşdirərək, düşərgədəki rəqiblərinə hətta "xoruz səsi eşidilməyən" sözlər deməklə, bir-birilərini alçatmaqdan həzz alırlar. Onsuz da neçə illərdir ki, radikal düşərgədə elementar siyasi əxlaq qaydalarını ayaqları altına atmış və bir-birlərini ailə-məişət zəminində ittiham edən müxalifət rəhbərlərindən, nəsə başqa bir addım gözləmək də sadəlövhlük olardı. 
Bizə yaxın mənbənin verdiyi məlumatına görə, "düşmən dost" olan Müsavat başqanı İsa Qəmbərovla "Yurd" şefi Əli Kərimov arasında danışıqlar aparılır. Lakin bir həqiqətdir ki, bu iki radikal müxalifət partiyası arasında əməkdaşlıq mümkünsüzdür. Yaranmış vəziyyəti daha aydın görmək üçün istər prezident, istərsə də, referendum ərəfəsində müxalifətin ümumi panoramasına nəzər yetirmək kifayətdir. Belə ki, düşərgədaxili inteqrasiya, daha doğrusu, müxalifət parityalarının qarşıdakı növbəti bələdiyyə seçkilərində əməkdaşlıq məsələsi, demək olar ki, dalana dirənib. Müsavat öz ətrafına beş "cırtdan" siyasi partiyanı və bir qeyri-hökumət təşkilatını cəmləməklə digər müxalifət partiyalarında özünə qarşı əks-reaksiya yaradıb. Demək olar ki, "MBH", AMİP və AXCP (i) kimi partiyalar Müsavatın əleyhinə olmazın ittihamlar səsləndirərək, onu ənənəvi şəkildə düşərgədə parçalanma yaratmaqda və müxalifəti qarşıdakı mərhələdə qəsdən məğlubiyyətə sürükləməkdə ittiham edir.
ADP sədri Sərdar Cəlaloğlu müxalifət düşərgəsində olan partiyaların əməkdaşlıqdan danışmaları mümkünsüz olduğunu vurğulayıb. Onun sözlərinə görə, ölkədə keçirilən bütün seçkilər ərəfəsi düşərgədə "birlik" və yaxud da, "əməkdaşlıq" ideyasını ortaya atmaqla, yaddaşlarda qalmaq istəyirlər. Ancaq bu "priyom" heç də uğurlu deyil. Çünki bu günə kimi hazırkı situasiyada müxalifət partiyalarının arxasınca gedəcək bir nəfər də olsun adam tapmaq mümkün deyil.
S.Cəlaloğlu müxalifətin siyasi iflasdan heç cürə qurtulmaq bilmədiyini də vurğulayıb. Onun sözlərinə görə, partiyaların daxilində hazırkı sədrlərə qarşı elə bir nifrət etalonu yaranıb ki, daha onu heç nə ilə ört-basdır etmək mümkün deyil. Xüsusilə, əvvəllər öz "monolitliyi" ilə öyünən Müsavat, AXCP (i) və AMİP kimi partiyalar indi daxili didişmələrin bir növ əlində oyuncağa çevrilib.
ADP sədri hər üç partiya daxilində ciddi təlatüm olduğunu deyib. Onun dediyinə görə, növbəti parlament seçkilərinə qədər  bu partiyalarda elə bir parçalanma prosesi olacaq ki, iddiaların toqquşması nəticəsində onlar siyasi meydandan birdəfəlik silinəcək.  "Azadlıq" blokunun seçkiləri boykot etmək fikirlərinə münasibət bildirən S.Cəlaloğlu vurğulayıb ki, ADP heç bir müxalifət partiya sədrlərinin mənasız çağırışlarına qatılmır.  Partiyanın yeni strateji kursunun konstruktiv müxalifətçilik olduğunu deyən ADP sədri, hesab edir ki, konstruktivlik yalnız müxalifətin müxalifətə münasibətində deyil, müxalifətin iqtidara münasibətində də özünü göstərməlidir. Onun sözlərinə görə, ADP rəhbərliyinə daxil olan şəxslər hesab edirlər ki, konstruktiv müxalifət yalnız iqtidarla küçələrdə vuruşmaq, döyüşmək formasını deyil, həm də əməkdaşlıq formasını ortaya qoymalıdır: "Dağlıq Qarabağ məsələsində bütün beynəlxalq təşkilatlar Ermənistanla Azərbaycanı əməkdaşlıq etməyə çağırır. İqtidar-müxalifət münasibətlərində də yalnız qarşıdurma, mübahisə deyil, qarşılıqlı uzlaşma ilə münasibətlər qurmaq lazımdır. Bu, nə mənim, nə də başqasının kəşfidir. Dünyanın hər yerində belədir ki, iqtidar və müxalifət partiyaları bir çox hallarda koalisiya yaradıb, yeni qüvvə kimi cəmiyyətdə müəyyən dəyişikliklər etməyə nail olub. Əsas məqsədimiz Azərbaycanda münasibətləri yeni müstəviyə çıxarmaq, siyasi situasiyanı dəyişdirməkdir. Ona görə də, yolumuzu aydın və düzgün olaraq müəyyən etmişik. ADP müstəqil partiya olduğu üçün müstəqil xətt yürüdür".
Bu açıqlamadan aydın olduğu kimi, artıq müxalifət düşərgəsində normal təfəkkürə malik insanların səsləri gəlir. Belə ki, destruktiv müxalifətdən fərqli olaraq, belə qüvvələr milli mənafelərin və dövlət maraqlarının əleyhinə getmirlər. Amma bu, radikal düşərgədə heç də birmənalı qarşılanmır. Radikallar belə siyasətçiləri satqınlıqda və əsil müxalifət olmamaqda ittiham edirlər.
Beləliklə də, göründüyü kimi, qarşıdakı bələdiyyə seçkisində məğlubiyyətə uğrayacağına yüz faiz əmin olan radikallar müxtəlif bəhanələr və böhtanlarla ölkədə siyasi qarışıqlıq yaratmağa çalışırlar. Məhz bu səbəbdən də, müxalif düşərgədə mübarizə müxalifət-iqtidar müstəvisindən, müxalifət-müxalifət müstəvisinə keçib. Ona görə də, radikalların çıxış yolu onların siyasi səhnədən birdəfəlik silinməsindədir.

Digər xəbərlər