PDF Oxu

Müxalifət

  • 8

YUXU

YUXU
II seriya-  "Strateji konsepsiya"
   
Srağagünkü yuxudan sonra radikal müxalifət düşərgəsində bəzi ilginc olaylar baş verdiyindən, dünən də həmin yuxunun davamını görmüşəm və yüksək müsaidənizlə sizə danışmaq istəyirəm. Yadımdan çıxmamış bir daha nəzərinizə ərz etmək istəyirəm ki, mən adətən, "serialnı" yuxular görürəm və ona görə də ölkənin ictimai-siyasi həyatında baş verənlərdən elə yuxudaca operativ və obyektiv şəkildə agah oluram.
Dünən gecə yatmazdan öncə qlobal iqtisadi, sosial, ekoloji və s. böhranlar haqda düşünməyə başladım ki, bəlkə bu "üzlərini mürdəşir yumuş" milli siyasətbazların üzünü görməyim. Amma bu kələyim baş tutmadı və gecənin bir aləmində başladım qarmaqarışıq yuxular görməyə.
Öncədən deyim ki, bir-birinin ardınca radikal müxalifət partiyalarının qərargahlarında baş verənlər haqda görüntülər gəldi. Öncə yuxuma "Müsavat" partiyasının qərargahında baş verənlər girdi. Dünənki "qapalı iclas"dan qayıdan başqan partiya funksionerlərini yığıb məsləhətləşmə aparırdı.
Məsələ belə idi ki, "son vaxtlar siyasət meydanında uşaq-muşaq siyasətbazlar durub özlərini müxalifətin lideri kimi qələmə vermək iddiasında bulunurlar və bu mənfi tendensiyanın qarşısı daxili və xarici imkanlardan geniş istifadə edilməklə adekvat tədbirlər nəticəsində birdəfəlik və qəti şəkildə alınmalıdır".
Gördüm başqan yaman əsəbidir, bəlkə də siqareti tərgitməyindən peşmançılıq hissi keçirirdi. Çünki "ana müxalifət"in lideri olmaq prosesində qəlyanın da öz əvəzolunmaz yeri vardı və bu qəribə əşya bir çoxlarında onu əlində tutan şəxsin möhkəm və sarsılmaz iradəyə malik olması haqda təəssürat və cəmiyyətdə bu adamın "spesifik xüsusiyyətlərə malik lider" imicini yaradırdı.
Nə isə, sözüm onda deyil. Başqan eynəyini gözündən çıxarıb diqqətlə Vurğun Əyyuba və Rauf Arifoğluna baxaraq dedi: "Görürsünüzmü, necə ağır duruma düşmüşük, iş o yerə gəlib ki, uşaq-muşaq gəlib ana müxalifətin lideri olmaq fikrinə düşür və bunu mediada bəyan etmək cəsarətində bulunur?!  Sizə çox dedim, əl çəkin bu daxili intriqalardan, partiyanın nüfuzunu korlamayın, vəzifə davası döyməyin, amma siz az eşitdiniz.
Bir-birinizlə partiyada yüksək görəv uğrunda önəmsiz didişməyə sərf etdiyiniz vaxtı siyasi mübarizəyə həsr etsəydiniz, indi mən prezident idim, sizə də ürəyiniz istəyən vəzifəni vermişdim. İndi gedin küçələrdə "it döyün", ağlınız başınıza gəlsin.
Rauf bəy, sənə neçə dəfə demək olar ki, "Yeni Müsavat" qəzetini şəxsi kontora döndərmək olmaz, a qardaş, bu sənin ailəvi təsərrüfatın ha deyil. Ona görə də, "vozvratın" sayı-hesabı yoxdur.
Hələ bu vurğun vurmuşa baxın, başı çıxmayan yerə bədənini soxur. Əli kimi uşaq məni və partiyamızı rüsvayi-cahan eliyir, amma bu boyda funksioner ona bir tutarlı cavab vermir. Ayə, əlimizdə neçə qəzet var, niyə bu adamın satqınlıqlarını və xalqa xəyanətini ortaya qoymursan?
Nə isə, əsas tapşırıq ondan ibarətdir ki, bütün gücünüzü işə salıb, bütün mümkün vasitələrlə özlərini lider saymaq cəsarətində bulunan partiyacıqların rəhbər-fason şeylərini ifşa edərək cəmiyyətdə nüfuzlarını aşağı salmaq lazımdır. Yoxsa, sabah hər yerindən duran gələcək ki, bəs prezident seçkilərində müxalifətin vahid namizədi mən olmalıyam. Bəs mən burda köbələk-zadam?"
Yuxuda sağ böyrü üstə çevrildiyimdən, bir də gördüm AXCP (i)-nin qərargahındayam. Deməli, partiyanın rəhbərləri yığışıb dünənki qapalı iclasın nəticələrini müzakirə edirlər. Əli yoldaş mükəmməl bir nitq irad eləmək amacıyla yuxarı başda oturub və zəhmli nəzərlərini masa ətrafındakılara zilləyib, boğazını arıtlayır:
"Öhö, öhö, bayaq ABŞ səfirinin qəbulunda idim, dedi ki.., -salonda partiyadan satqınlıq edən birilərinin ola biləcəyini düşünüb sözünü yarımçıq kəsir- ... nə isə, bu, sonranın söhbətidir. Deməli belə, müxalifətin dünənki gizli toplantısında baş verən həngamədən sonra, məlum olur ki, bunların üzündə bir damcı su qalmayıb.
Bunun da səbəbi ondan ibarətdir ki, hökumət suyun qiymətini qaldırıb. Amma bugünkü iqtidar mətbuatı dünənki qalmaqalı başqa cür təqdim edir. Əsas da mənim Ermənistan müxalifətinə yardımla bağlı təklifimi məsxərəyə qoyublar və vətənə xəyanət adlandırıblar. Bu informasiyanı, görəsən, hansı parazit ötürüb?
Mən belə gördüm ki, bunlar bizi təkləmək istəyirlər. Hələ o adını "Klassik Xalq Cəhbəsi" qoyan patiyacığın sədrinə bax. Gəlib gül kimi partiyamıza dəstək verməkdənsə, gedib onun-bunun qapısına düşüb yalvarır ki, bəs yeni gic (yəqin ki, "güc" demək istəyirdi- E.B.) mərkəzi yaradırıq, gəl sən də bizə qoşul-filan.
Adama deyərlər, adə, a belə-filan, nə toy toğlusu kimi düşmüsən ortalığa, "Azadlığ"ın əleyhinə blok yaratmaq istəyirsən? Bəs deyirdin hazırkı situasiyada müxalifətin birliyinə bərk ehtiyac var, indi nə oldu?
Nə isə, qoy o, getsin işinin dalınca, əsas məsələ bu İsadı. A qardaş, bunun üzündə heç bir damcı su yoxdu. Keçən dəfə yardım etdik ki, prezident seçilsin, amma nə oldu? Xalqın çoxu heç buna səs vermədi. Cığallıq edib camaatı bir-birinə qırdırdığına görə, cəmiyyətdə müxalifətin bir qram reytinqi qalmadı. Biz də "çujoy poxmel" getdik.
İndi gəlib təzədən lider olmaq istəyir. O gün mənə Qərbdəki himayədarlarımızdan mesaj gəlib ki, bəs biz analitik sorğu keçirmişik, cəmiyyətdə ən çox reytinqi olan sənsən, liderliyi heçcə kimə vermə. Deyirlər ki, nə qədər dram, ee... dollar lazımdır "çerez" Gürcüstan göndərərik. İndi bu İsa-Musa, Etibar-metibar, Lalə-malə, Sərdar-mərdar gəlib mənim qabağımda at oynatmaq istəyir.
Tak şto, bundan sonra başlayırsınız nəzarətimizdə olan qəzetlərdə o biri partiyacıqları rüsvay etməyə. Müstəqil mediaya da bunların əleyhinə kompramat materaillar ötürün. Bilmirəm, istəyirsiniz şantaj edin, istəyirsiniz böhtan atın, istəyirsiniz xəyanətlərini "sübutalnı-dakumentalnı" qoyun ortaya, elə eləyin ki, hamısı başa düşsün ki, cəmiyyətdə bir lider var, o da şəxsən mən özüməm! Üstəlik, Qərb də məni dəstəkləyir"...
Həə, əziz oxucular, Əli bəy elə bunu demişdi ki, salonda ağız deyəni qulaq eşitməyən bur durum yarandı. Funksionerlər başladı ki, "bəs Qərb bizi dəstəkləyirsə, nədən səni yox, İsa bəyi "həftə səkkiz, mən doqquz" xaricə dəvət edirlər"?
Birinci müavin isə quşu lap gözündən vurdu: "Bu Qərbə heç ümidli olmaq olmaz, adamı dar ayaqda qoyub qaçırlar. Rusiya Gürcüstana hərbi müdaxilə edəndə, Saakaşviliyə quru sözdən başqa heç bir yardım etmədilər. İndi biz ondan artıq zadıqmı?"
Nə isə... yuxumun bu yerində yenə qarmaqarışıqlıq oldu, bir də gözümü açanda, daha doğrusu, yumanda gördüm ki,...
   
İkinci seriyanın sonu

Digər xəbərlər