Müxalifət uğursuz liderlərdən qurtulmalıdır
Son vaxtlar radikal düşərgədə "bağlı sandıqlar"ın açılması daha da genişlənib. Artıq 5 ildən artıqdır ki, düşərgə ideoloqları müxalifətin perspektivi ilə bağlı bir dənə də olsun nikbin fikir səsləndirməyiblər. Bu da həqiqətdir ki, düşərgədə ümidsizlik sindromu 2003-cü il prezident seçkilərindən sonra yarandı və seçkidə müxalifətin parçalanmamış ən iri partiyası olan Müsavat ətrafına topladığı partiylarla birgə uduzdu və nüfuzunu itirdi. Həmçinin, sıravi müxalifətçilərin illərlə "qəhrəman", "lider" kimi tanıdığı adamlar barəsində uydrulmuş miflər bir gecənin içində sabun köpüyü kimi partladı.
Bu gün müxalifət elə həddə qədər kiçilib ki, istər 2005-ci il parlament seçkilərində, istərsə də 2008-ci il prezident seçkilərində düşərgənin bütün qütbləri birləşsə də, əvvəlki enerjini, qüvvəni bərpa etmək mümkün olmadı.
Nəticədə bu gün müxalifətçilər uğursuz liderlərdən qurtulmaq üçün istefa verdiklərini bildirilər. Xüsusilə, onu da vurğulayırlar ki, bir neçə mandatdan ötrü bir-birini söyən sabiq müttəfiqləri bir daha tanımış olduq. Bəlli oldu ki, bu liderlərin mübarizəsi mitinq tribunalarında deyilən "parlaq gələcək", "xalqın rifahı uğrunda" deyil, öz mənafeləri naminədir. Bu, dəfələrlə sınaqdan çıxmış məsələdir və sübuta ehtiyacı yoxdur. Maraqlı cəhət isə ondadır ki, ənənəvi müxalifət liderlərinin tənqidi elə düşərgənin öz içindən, liderlərə yaxın şəxslər tərəfindən səslənir. Belə ki, bir müddət öncə ənənəvi müxalifət liderlərini uzun illər ayrı-ayrı partiyalara qarşı Müsavat başqanı İsa Qəmbərovla birgə "projelər" həyata keçirmiş "AXP" sədri Pənah Hüseynov sərt tənqid etməyə başladı. Lakin bu gün isə müxalifətin "ideya vericisi", hər seçkini bir partiyanın üzərində quran P.Hüseynov müxalifətin köhnəlməsindən, yararsızlığından ürək dolusu danışır. P.Hüseynovu da qınamırıq. Axı Milli Məclisin ezamiyyətdə olduğu bir vaxtda harada hay-küy salmalıdır? Deputat açıq-aşkar bəyan edir ki, o, təkbaşına müxalifət liderlərindən daha artıq fəaldır və daha çox iş görə bilir. Onu da qeyd edək ki, P.Hüseynov bu məqamı tez-tez səsləndirir və açıq-aydın bildirir ki, o, hansısa millət vəkili və ya QHT rəhbəri siyasi strukturları olan partiyalardan daha çox iş görə bilər. Qəribəsi odur ki, bu fikri ABŞ-da mühacir həyatı yaşayan "Açıq Cəmiyyət Partiyası"nın lideri Rəsul Quliyev də səsləndirir. Eks-spikerin fikirləri bəlkə də, müxalifət liderləri haqqında son illər səslənən ən ağır ittihamlardır: "İndiki liderlərin nə vaxtsa prezident və ya nazir olacağına inanmıram. Əminəm ki, yaxın iki-üç ilə siyasi arenaya yeni şəxslər çıxacaq. Daha savadlı, öz maraqlarını ikinci plana keçirməyi bacaran, dünya siyasətindən başı çıxan və sair keyfiyyətlərə malik, xarici ölkələrdə təhsil almış yeni nəslin arasından çıxanlar xalqın gələcəyi uğrunda əsil mübarizə aparacaqlar".
Göründüyü kimi, "ACP" sədri R.Quliyev onu demək istəyir ki, müxalifət liderləri öz xoşuna deyillər, yaxın vaxtlarda siyasi arenanın tərk edib gedəcəklər, müasir siyasətdən baş çıxarmayan həmin liderlərin yerini isə gənclər, xaricdə təhsil almış mütəxəssislər tutacaq. Bu fikir yuxarıda söylənildiyi kimi, yeni deyil. Amma təəccüb doğuran odur ki, düşərgə mətbuatı bu cür çıxışları beşiyindəcə boğur, həmin fikir sahibini "satqın" çıxarırdılar. Ancaq indi vəziyyət dəyişdiyindən bu cür çıxışlara funksionerlər artıq cavab verirlər. Görünür, artıq sıravi müxalifətçilər də bu həqiqəti dərk etməyə başlayıblar. Çünki funksionerlər yaxşı bilirlər ki, əsil həqiqəti söyləyib, real durumu anladıb, özünəvurğun liderlərdən uzaqlaşmağın zamanıdır.