Müxalif düşərgədə yeni çatlar yaranıb
Radikal metodlardan əl çəkə bilməyən müxalifət düşərgəsində kimin nə məzhəbə qulluq etdiyini söyləmək olduqca çətindir. Çünki bu düşərgədə anti-Azərbaycan meyilli qüvvələrlə əməkdaşlıqda olmuş quruplar fəaliyyət göstərib, bu gün də onların hər hansı bir formada ortaya çıxmasına şərait yaradılır.
Məhz bu prinsiplə öz şəxsi maraqlarını gerçəkləşdirməyə çalışan qüvvələr müxalifətin anormallığından yararlanmağa çalışır. Onların bu niyyətinin baş tutması üçün isə radikal düşərgə təmsilçiləri həmişə böyük fəallıq nümayiş etdiriblər. Proseslərin gedişi və 16 ilə yaxın bir zaman çərçivəsində müxalifətin əsil simasının gün kimi aydın olması göstərdi ki, bu qütbə toplaşmış insanlar sadə təklif verib adi iş görmək qabiliyyətindən çox uzaqdadırlar. Əgər belə olmasaydı, onlar da digər vətəndaşlarımız kimi özləri üçün münasib iş tapıb insan kimi yaşayardılar. Yoxsa Əli Kərimov, İsa Qəmbərov, Eldar Namazov və başqaları kimi üzü tüpürcəkli yaşamağın nə adı və mənası var?
Müxalifətin yuxarıda sadaladığımız adi və prinsiplərdən uzaq olması onların məhz istənilən formada maraqlar müstəvisində kiminləsə də, kompromisə girməsinə zəmin yaratmış olur. Çünki istənilən anda az qala xarici təşkilatların onlara verdikləri sifarişləri iyrənc işlər müqabilində gözlərini də çıxarmağa hazır olan müxalifətçilərdən nə desən gözləmək olar. Bütün bunları bir kənara qoyub onların normal vətəndaş, siyasətçi və partiya sədri kimi beş dəqiqə bir arada müəyyən məsələ ətrafında fikir mübadiləsi aparması müşküldür. O ki qaldı onlardan sağlam və məntiqli bir iş gözləmək?! Ona görə də, artıq cəmiyyət onların hansı yuvanın quşu olduqlarını çox gözəl bilir. Amma nədənsə müxalifət 16 ildir ki, sifətinə qara çəkib bütün olub-keçənləri kənara atmaqla, öz bildiyini etməkdədir. Onsuz da, heç nə əldə edə bilməyəcəyinə əmin olan müxalifət istənilən antimilli təşkilatla əməkdaşlıqda maraqlıdır.