PDF Oxu

Müxalifət

  • 9

Müxalifətin seçki problemi

Müxalifətin seçki problemi
Bu ilin sonunda keçiriləcək bələdiyyə seçkiləri ölkə müxalifətinin, əsasən də, radikal qüvvələrin sıralarında çaxnaşmalar yaratmaqdadır. İldən-ilə müxalifətin reytinqi aşağı düşdüyündən və ictimaiyyətin dəstəyindən mərhum olduqlarından seçki ilində bu qüvvələrin fəaliyyət imitasiyasının konturlarını sezməmək mümkün deyil. Ölkə müxalifəti, onun liderləri artıq anlayıb və qəbul ediblər ki, hazırkı prezident və Onun partiyası əhalinin tam dəstəyini və etimadını qazandığından hər hansı bir seçkidə onunla rəqabət aparmaq və uğur qazanmaq şansı sıfıra bərabərdir.
Son vaxtlar bu və ya bu kimi etiraflar müxalif düşərgədən daha tez başlayıb. Ölkədə aparılan iqtisadi-sosial və demokratik islahatlar elə bir güclü inkişafa gətirib çıxarıb ki, müxalif düşərgə tamam arxa planda qalıb. Ölkənin aktiv əhalisi indi yalnız bir partiyanın- ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasını və onun lideri İlham Əliyevin ətrafında birləşib.
Bunu siyasi partiyaların üzvlük məsələlərinə nəzər salanda, aydın görmək olur. YAP-dan verilən məlumata görə, təkcə ötən il partiya sıralarına 40 minədək yeni üzv qəbul olunub. Bütün müxalifət partiyalarının real üzvləri birlikdə bu rəqəmin altında formalaşır. Ümumilikdə, YAP sıralarında yarım milyona yaxın insan təmsil olunur ki, bu da YAP-ın Qafqazda ən böyük siyasi təşkilat olduğunu göstərir.
Beləliklə, ötən seçki ilində müxalifətin durumu daha da ağırlaşıb və elektorat itkisi maksimuma çatıb. Bu səbəbdən, müxalifət uzun müddətdir ki, heç bir kütləvi aksiya təşkil edə bilmir. Dünya təcrübəsinə nəzər saldıqda, məlum olur ki, siyasi partiyalar daha çox seçki ilində aktiv fəaliyyət göstərir və həmin ildə fəaliyyətlərini daha da gücləndirir.
Azərbaycanda hazırda bunun tam əksi müşahidə olunur. Hələlik, müxalifətin seçki ərəfəsində vacib olan "kampaniyaya qatılaq, qatılmayaq" sualı ilə bağlı birmənalı cavab aydın deyil. 2008-ci ildə keçirilmiş prezident seçkilərindən sonra müxalifət bütün qüvvəsini bələdiyyə seçkilərinə yönəltmək əvəzinə, başqa hər cür işlərlə məşğuldur.
İndi də ortalığa Azərbaycan Xalq Cəbhəsinin bərpa edilməsi ideyası atılıb. Bütün cəbhələrdə ağır məğlubiyyətə uğrayan radikal müxalifət son çarə olaraq bu məsələdən yapışıb və bütün ümidlərini ona bağlayıb.
Azərbaycanda baş verən iqtisadi yüksəliş, əhalinin sosial müdafiəsinin güclənməsi, işsizliyin aradan qaldırılması və s. amillər ona gətirib çıxarıb ki, xalq ötən dəfə səs verib seçdiyi partiyanı yenidən dəstəkləyəcək. Bunu ölkədə müxtəlif yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilən sorğuların nəticələri təsdiqləyir.
Hazırda müxalifət düşərgəsində yaranmış mövcud vəziyyəti nəzərdən keçirdikdə, aydın olur ki, siyasi partiya və bloklarının heç birinin seçkidə YAP-a rəqib olacaq gücdə namizədləri və siyasi reytinqləri yoxdur.
Bu səbəbdən də, seçki prosesi müxalifət və onların liderləri üçün ancaq gündəmdə qalmaq və özünü reklam etmək imkanı qazanmaqdan başqa heç nəyə xidmət etməyəcək. Bunu artıq düşərgə təmsilçiləri dəfələrlə qeyd ediblər.
Ümumiyyətlə, son illər boş-bekar qalan müxalifət liderləri yalnız öz iş yerlərini qorumaqla məşğul olublar. Bu seçkidən sonra isə, onlar tamamilə işsiz qala bilər. Amma məncə, narahatlığa heç bir əsas yoxdur.
Ölkədə hər il yüz mindən artıq yeni iş yeri açılır və siyasətbazlar öz ambisiyalarından əl çəkərək, cəmiyyətə faydalı işlə məşğul olmaq istəsələr məşğulluq xidmətləri onları normal əməkhaqqı müqabilində müxtəlif işlərlə təmin edə bilər.
Xalq arasında tamam rüsvay olmaqdansa, öz halal zəhməti ilə başıuca yaşamaq daha yaxşı deyilmi? Bu haqda ayıq başla düşünməyə dəyər.

Digər xəbərlər