PDF Oxu

Müxalifət

  • 8

Rəsul Quliyevin zərərsizləşdirilməsi məsələsi gündəmə gətirilib

Rəsul Quliyevin zərərsizləşdirilməsi məsələsi gündəmə gətirilib
Aparılan araşdırmalar onu təsdiq edir ki, siyasi uğursuzluqların kökündə siyasətçinin düşünülməmiş, yarıtmaz siyasət aparması dayanır. Bunun real təsdiqini müxalifət düşərgəsində təmsil olunan partiya sədrlərinin timsalında görmək olar. Bəlli olar ki, siyasi fəaliyyətləri ərzində çirkin texnologiyalara əsaslanan siyasət yeritmələri, nəticə etibarilə, partiyaların dağılmasına gətirib çıxarıb. AXCP (i)-nin 2000-ci il 18 avqust ayından sonra daha bir neçə yerə parçalanması, ADP-nin Ədalətə, daha sonra isə "ACP"-yə bölünməsi, Müsavatdan, AMİP-dən, eləcə də, "KAXCP"-dən bir neçə partiyanın meydana gəlməsi liderlərin yaramaz siyasətinin nəticəsi olmuşdur.
Ən maraqlı və diqqətçəkən məqam ondan ibarətdir ki, müxalifət liderləri səhvlərini təkrarlamaqda davam etməkdədirlər. Bu isə, onu deməyə əsas verir ki, onlar üçün şərt partiyanın keyfiyyət göstəriciləri səviyyəsində fəaliyyət göstərməsi deyil. Əsas amil onların özlərinin siyasətdə qalmasıdır.
Bütün rayon təşkilatları AXCP (i) kimi buraxılsa və ya fəaliyyətlərini dayandırıb, yalnız mərkəzdə özəkləri qalsa da, bundan narahatlıq keçirmirlər. Çünki paytaxtda ofislərinin qalması elə onlar üçün siyasətdə qalmaq deməkdir. Paytaxtda qalıb siyasi fəaliyyət göstərmək isə, yerli və xarici qüvvələrdən maddi tələbatlarını ödəmək üçün kifayət edir. Amma proseslərin inkişafı bir nüansı ortaya çıxarır ki, yerlərdən olan parçalanmalar, nəhayət, mərkəzə də adlayacaq. Daha doğrusu, artıq qara buludlar bəzi partiyaların başlarının üstünü almaqdadır. Misal kimi, ADP, AXCP (i), Müsavat və "ACP"-də yaşananları göstərmək olar. Xüsusilə də, "ACP"-də baş verən qalmaqallı proseslər daha qabarıq və diqqətçəkəndir. Çünki partiyanın kollegial orqanlarının buraxılması, funksionerlərin bəzilərinin, əsasən də, təşkilatın sədri Akif Şahbazovun istefa verməsi bu partiyanın sabahının olmayacağını göstərir. Düzdür, "ACP" lideri Rəsul Quliyev Azərbaycanda varlığını nümayiş etdirmək üçün partiyanın dağılmasının qarşısını almağa çalışır. Hətta yayılan məlumatlara görə, R.Quliyev bu məqsədlə partiyaya böyük məbləğdə pul ayırmağa hazır olduğunu bildirib.
Məlumatlı mənbənin "Səs"in müxbirinə dediyinə görə, R.Quliyev partiyanın yenidən qurulması üçün Zəminə Dünyamalıyevaya, ilkin olaraq, 58 min dollar pul çatdırıb. Z.Dünyamalıyeva həmin vəsait hesabına digər müxalifət partiyalarından istefa verənləri "ACP"-yə cəlb etməyə çalışacaq. Mənbəmizin verdiyi digər məlumata görə, Z.Dünyamalıyeva partiyanın yenidən qurulması üçün yeni təşkilat komitəsinin yaradılması işinə başlayıb. Amma bu fəallıq "ACP" sədrinin səlahiyyətlərini icra edən Vaqif Mahmudovun narazılığına səbəb olub. V.Mahmudov Z.Dünyamalıyevanın fəaliyyətini özbaşınalıq kimi qiymətləndirərək, məsələnin siyasi şuranın iclasına çıxarılacağını söyləyib. Onu da qeyd edib ki, siyasi şuranın toplantısını keçirmək mümkün olmayacağı təqdirdə, 3 nəfərin imzası ilə Z.Dünyamalıyevanın "ACP"-dən qovulmasına nail olacaq.
V.Mahmudovun kəskin fikirlər söyləməsi, ona dəlalət edir ki, Z.Dünyamalıyevanın timsalında "ACP"-də qalan son dayaqlar da sıradan çıxarılacaq. Əgər "ACP" sədrinin səlahiyyətlərini icra edən şəxs istəyinə nail ola bilməyəcəyi təqdirdə, R.Quliyevin özünün zərərsizləşdirilməsi məsələsi ortaya çıxacaq. Bu isə "ACP"-nin tamamilə dağılaraq, tarixin arxivinə atılmasını yekunlaşdıracaq.

Digər xəbərlər