Müsavat başqanının xaricdən dəstək axtarışı fiaskoya uğradı
Bələdiyyə seçkilərinə müəyyən qədər vaxt qalmasına baxmayaraq, müxalifət liderlərini canına yenidən vicvicə düşüb. Xüsusilə Müsavat başqanı İsa Qəmbərov partiya daxilindəki situasiyadan elə təşfişə düşüb ki, artıq payızda keçiriləcək növbəti bələdiyyə seçkilərinə qədər özünü "qorumağa" çalışır.
Başqanın bütün addımları və səyləri də, məhz buna yönəlib. Təki heç olmasa bələdiyyə seçkilərinə qədər Müsavatdakı əleyhdarlarını birtəhər neytrallaşdıra və ya sakitləşdirə bilsin. Əgər nəzərə alsaq ki, başqanın radikal müxalifətdəki rəqibləri, xüsusilə, Müsavat başqanını qarabaqara izləyən AXCP (i) sədri Əli Kərimov artıq onun öz partiyasının daxilində şəbəkə yaradıb və İ.Qəmbərovu daxildən "vurmağa" çalışır.
Çıxılmaz vəziyyətə düşən başqan artıq Müsavatdakı dayaqlarını tamamilə itirib və indi ona dəstək verəcək partiya yetkililərini çıraqla axtarmaq olar. Vurğun Əyyubov, Niyazi İbrahim, İbrahim İbrahimli və digər keçmiş başqan tərəfdarları R.Arifoğluna hücum etməsələr də, heç də başqanın yanında yer almırlar. Partiyadakı mənbənin məlumatında deyilir ki, artıq R.Arifoğlu başqanın bütün "səngərlərini" aradan qaldıraraq, ona qarşı müqavimət yarada biləcək funksionerləri sıradan çıxarır, bir çoxlarını isə özünə cəlb edir. Sözsüz ki, burada əsas məqam, ilk növbədə, başqanın tamamilə hörmətdən düşməsi və bu azmış kimi, neçə illərdir ki, onunla addımlayan insanları bir anda güdaza verməsi ilə əlaqədardır. Hamı - elə dünənə qədər başqanın tərəfdarı kimi çıxış edən əksər partiya funksionerləri də yaxşı anladılar ki, daha başqanın iflası sürətlənib və onun yaxın vaxtda tamamilə siyasi meyitə çevrilməsi qaçılmazdır. Bütün bunları aydın şəkildə təhlil edən başqan isə seçkiöncəsi vəziyyətini yaxşılaşdırmaq, qrant əldə edib köhnə tərəfdaşlarını pul hesabına geri qaytarmaq üçün beynəlxalq təşkilatlara üz tutub.
Müsavatdakı funksionerlərdən birinin məlumatına əsasən, başqan 2008-ci ildəki kimi yenidən xarici kanallara üz tutaraq, yeni "müştəri ovu"na çıxıb. Belə ki, başqan Böyük Britaniya və ABŞ-dakı fondlarla əlaqə yaradaraq görüşlər keçirmək və "danışıqlar" aparmaq üçün onlara müraciət göndərsə də qarşı tərəf buna rədd cavabı verib. Hətta başqanın Almaniyada və Fransada yaşayan qohumları da bu işdə aciz qalıblar. Çünki Avropanın əksər seçki fondları radikal müxalifətlə, xüsusilə, Müsavat başqanı ilə əməkdaşlıqdan qəti olaraq imtina etmişlər. Hətta Avratlantika Mərkəzinin rəhbəri, Müsavat Məclisinin sədri Sülhəddin Əkbər öz tanış-bilişlərini işə qoşsa da, heç nə hasil olmayıb.
Baş verən proseslər göstərir ki, artıq Müsavat başqanına əksər beynəlxalq qurumlar və qrant təşkilatları "qırmızı işıq" yandırıb. Başqan isə qrantsız qalıb.