Müxalifət xilas yolu axtarır
Bələdiyyə seçkiləri yaxınlaşdıqca müxalifət daxilində müəyyən tərpənişlər hiss edilməkdədir. Bu düşərgədə müxtəlif formatlı birlik və əməkdaşlıq modelləri yaradılır, seçki bloklarının qurulması istiqamətində separat danışıqlar intensivləşir. Hazırda elə bir vəziyyətdir ki, siyasi səhnədə qalmaq istəyən partiyalar zorən birlik yaratmağa məhkumdurlar. Çünki heç bir partiyanın təkbaşına mübarizə aparmaq üçün kifayət qədər elektoratı, maliyyəsi və təşkilati imkanları yoxdur. Nəinki bir partiya, hətta bir blokda birləşmiş bir neçə partiya belə ciddi güc mərkəzinə çevrilə bilmir. Anlaşılan odur ki, prezident və parlament seçkilərini uduzan müxalifət, özünə təsəlli vermək üçün heç olmasa, bələdiyyə seçkilərində müəyyən yer qazanmaq istəyir.
Müxalifətin hazırkı durumu bələdiyyə seçkilərindən uğurlu çıxmağa əl yeri qoymur. Düşərgə parçalanıb, vahid komandaya, vahid seçki platformasına malik deyil. Parçalanmalar bəs deyilmiş kimi, qütblər arasında mətbuat savaşı bu gün də davam edir. "Azadlıq" təmsilçiləri Müsavatı söyür, Müsavat isə blokun sosial bazası olmayan partiyaları ələ salır. "Cırtdan" partiyalar isə adekvat reaksiya olaraq böyük rəqiblərini təhqirlərə qonaq edir.
Müsavat öz əvvəlki şöhrətini qaytarmaq üçün ortaya yeni bir ideya - Azərbaycan Xalq Cəbhəsinin bərpa edilməsi formulunu atıb. Siyasi müşahidəçilərin fikrincə, bu təşəbbüs cəmiyyətdə müxalifətin (əslində isə, Müsavatın) imicini bərpa etməyə yönəlib. Yəni, müxalifət parçalanma yaradan qüvvə imicindən qurtulmaq niyyətindədir.
Başqa bir məqsəd Müsavatı tamam dağılmasının qarşısını almaqdır. Partiya strateqlərinin bir niyyəti də Müsavatı uğursuzluq zolağından qoparmaq və müxalifətdə ikinci qüvvə mərkəzinin yaranmasını əngəlləməkdir. Amma partiya başbilənləri buna nail ola bilmədilər.
ADP-nin sədri Sərdar Cəlaloğlunun dediyi kimi, bu ideyanı ortaya atanlar yenidən gündəmə gəlmək fikrindədirlər və əsas məqsəd də müxalifətin birləşməsi yox, özlərinin xal qazanmasıdır.
Uzun illər Müsavatın da, AXCP (i)-nin də kənara atdığı "KXCP" öz ətrafında yaratdığı "DUİ"-ni böyütdü. Artıq bu partiyanın ətrafında 20-yə yaxın "cırtdan" partiya birləşib. Lakin bu, sayca böyümədir, keyfiyyəcə və güc artımı baxımından böyümə deyil. Bu səbəbdən də "DUİ"-nin bələdiyyə seçkilərində uğur qazanacağını söyləmək olmaz.
Məsələ burasındadır ki, "DUİ"-də toplaşan partiyaların əksəriyyəti digər bloklara yaxın buraxılmayan zəif partiyalardır. Lakin "DUİ"-də bu partiyalar gölgədə qaldığından, təkid olunarsa yeni bloka daxil olacaqlarını ehtimal etmək olar. İsa Qəmbərov da, məhz bu amili əsas götürüb öz ətrafına yeni partiyalar yığmağa çalışır.
AXC-nin bərpası ideyası bəzi partiyalar tərəfindən dəstəklənsə də, bu məsələdə daha çox Müsavat strateqləri canfəşanlıq edirlər. Bir müddətdir ki, mətbuata "AXCP (i) və Müsavat liderləri görüşdü", "Partiya sədrləri məxfi danışıqlar apardı" tipli məlumatlar ötürülür. Siyasi analitiklər hesab edir ki, bütün bunlarda məqsəd cəmiyyətə və Azərbaycanla maraqlanan beynəlxalq qurumlara bir mesajı ötürməkdir: "Əsil müxalifət bizik".
Cəmiyyətə, narazı elektorata isə "müxalifətin birliyi bu iki liderin razılaşmasından asılıdır" ismarıcı verilir. Amma bu, olduqca bəsit yanaşma və taktikadır. Cəmiyyət bu cür bayağı taktiki addımlardan bezib. Artıq iki partiya sədrinin harada və hansısa məqsədlə görüşməsi qətiyyən heç kimi maraqlandırmır.
Bir tərəfdən də müxalifətin "ideya generatoru" Pənah Hüseynov müxalifət qəzetlərinin gündəmini yeni bayağı ideyalarla doldurmaqla məşğuldur. Amma son zamanlar onun da heç bir təklifi qəbul olunmur. Bu səbəbdən müxalif düşərgədə birlik və əməkdaşlıq sevdaları baş tutmur.
Son vaxtlar YAP-ın və onun lideri İlham Əliyevin nüfuzunun daha da artması düşərgəni çaxnaşaya salıb. Azərbaycandakı mövcud siyasi situasiyanı və potensial namizədlərin reytinqini beynəlxalq təşkilatlar və xarici diplomatlar da etiraf edəndən sonra müxalifət ölü toyuğa dönüb. Radikalların isə səsi də kəsilib. İndi onlar əvvəlki kimi danışmağa söz tapmır, xalqın həll olunmamış problemlərinin olduğunu söyləyə bilmirlər.
Beləliklə, müxalifət cəbhəsində artıq ağ bayraq qaldırılmaq üzrədir. Düşdüyü biabırçı vəziyyətdən çıxmaq üçün müxalifət yeni simalarını üzrə çıxarmalı, dəfələrlə iflasa uğramış taktikalardan imtina etməlidir. Yoxsa bu düşərgədə qarşıdurmalar daha böyük müstəvidə davam edəcək. Təbii ki, əgər bir-birini "yeyib" qurtarmasalar.