Xalq arasında öz imicini korlayan və reytinqini tamamilə itirən radikal müxalifət partiyaları, artıq bir-biri ilə siyasi mübarizəyə və təbliğat şousuna başlayıb. İndi söhbət kimin müxalifət olmasından gedir. Bir neçə aydır ki, rəqib müxalif partiya və bloklar arasında başlayan "kimdir müxalifət" savaşı səngimək bilmir. Radikal partiyaların hər biri yalnız özlərinin müxalifət adlandırıla biləcəyini iddia edir və digərlərini müxalifətin birliyini pozan satqın və ikiüzlü adlandırırlar.
Bütün bu soyuq savaş dövrü ümummilli məsələlər və yeni strategiya üzərində işləmək əvəzinə bununla məşğul olublar. Bunlara bir deyən yoxdur ki, a vətəndaşlar, siz axı niyə narahat olursunuz, xalq kimin kim olduğunu yaxşı bilir. İkinci bir tərəfdən də, guya özünüzü müxalifət kimi təqdim etməklə xalqın hörmətinimi qazanacaqsınız?
Bu haqda düşünəndə, ortaya maraqlı versiyalar çıxır. Deməli, bu əsil müxalifət adı uğrunda savaşanlar yaxşı bilirlər ki, xalqımız radikal müxalifətə nifrət edir və bunu son bir neçə seçkidə əyani surətdə nümayiş etdirib. Bu zaman ortaya maraqlı bir sual çıxır- əcəba o zaman bu radikallar nədən böylə ediyorlar? Bir azacıq düşünəndə bunu bulmaq o qədər də zor deyil. Deməli, məsələ bundadır ki, ölkədə əsil müxalifət kimi tanınmağın bir elə faydası olmadığına görə, bu ada iddia etmək ancaq özünü xarici ağalara göstərmək üçündür. Yəni, qısa və sadə desək və ya Mirmahmud Fəttayevin təbiri ilə izhar etsək, dava para davasıdır.
Məlum olduğu kimi, əcnəbi ağalar o qüvvələrə qrant deyilən çirkli para verirlər ki, onlar ümummilli mənafelərə, dövlətçiliyə və milli maraqlara müxalifətdə olsunlar. Belə olan təqdirdə, bu paranı qazanmaq üçün özünü başqa nə cür təqdim etmək gərəkir ki?
Qardaş, kim nə deyir desin, bu pul məsələsi çox keçilməz məsələdir. Yəni, bəzilərinin pul əl çirkidir-filan deyib xalqı aldatmağına baxmayın. Puldan da gözəl nemət ola bilər? Axı bütün nemətləri də elə həmin bu pulla əldə edirlər. Düzdü, burada bir qədər fərq var,- halal pulla haram pulun fərqi məsələsini deyirəm- amma eyb etməz.
Yəni, ərz etmək istəyirəm ki, bizim radikallar üçün fərq etməz. Onlara hakimiyyət lazımdır. Hakimiyyətə gəlmək üçün də pul lazımdır. Pul əldə etmək üçün də satılmaq lazımdır. Satılmaq üçün də əvvəl müxalifətçi kimi tanınmaq lazımdır.
Yoxsa o "babuşkalı" əcnəbilər adama bir qara qəpik də verməzlər! Bax, indi özünüz düşünün, bu zavallı radikallar nə etsinlər? Axı düzgün yolla o qədər pulu haradan qazanmaq olar?
Bu qrant məsələsi sizə adi bir iş kimi gəlməsin. Bu, çox cəlbedici bir şeydir. Bir vaxtlar can-ciyər olan hüquq müdafiəçiləri ilə radikal müxalifət liderləri bəs nəyə görə bir-biri ilə qanlı-bıçaq oldular?
Təsəvvür edin ki, məsələn, 100 min dolları qazanmaq üçün adam gərək illərlə çalışıb-vuruşa. Amma bunun alternativ variantı da var. Məsələn, başlayırsan bir neçə ay mətbuatda hökumət və dövlət rəhbərlərini söyüb-təhqir etməyə. Axırda biri cana yığılıb səni məhkəməyə verəndə, bir hay-həşir salırsan ki, gəl görəsən. Bütün xarici təşkilatlara bir donos yazıb göndərirsən ki, bəs məni siyasi məhbus kimi həbs etmək istəyirlər, amandı qoymayın. Bundan sonrası qorxulu deyil, əcnəbi ağalar (onların arasında ermənilər də az deyil) elə bu cür adamlar axtarırlar ki, beş-on manat qrant verib ölkədə özlərinə sərf edən şərait yaratsınlar.
Düzdü, hələlik, buna nail olmayıblar, yəni verdikləri pul batmış hesab olunur. Nədən ki, Ermənistandan fərqli olaraq Azərbaycanda möhkəm dövlət sistemi var və hələm-hələm hoqqabazlar burda anarxiya yaratmaq xəyallarını gerçəkləşdirə bilməzlər.
Elə bir neçə il öncə baş vermiş rüsvayçı olayı xatırlamaq kifayət edər. Ruslan Bəşirli həngaməsini deyirəm. Əli Kərimovun ən yaxın arkadaşı Tbilisidə başından və yaşından yekə danışa-danışa ölkənin və millətin mənafeyini 5-10 min dollara satmaq istərkən ifşa edilmişdi.
Mənə elə gəlir ki, bu radikal müxalifətin, xüsusilə də, Əli Kərimovun xalqa və dövlətə nə birinci, nə də sonuncu xəyanətidir. O zamankı "qüdrətləri" olmadığından, indi Əli bəy və onun ətrafında quyruq bulayanlar araqarışdırma taktikası seçiblər. Fərqi yoxdur, əsas məsələ odur ki, ölkədə ictimai-siyasi vəziyyət gərginləşsin.
Bir sözlə, bu yazının məqsədi ondan ibarətdir ki, müxalifət adı uğrunda başlayan elan olunmamış savaşın mahiyyəti və məqsədi haqda düşündüklərimi sizlərə çatdırım.
Xeyli düşünəndən sonra bu qənaətə gəldim ki, Azərbaycanda əsil müxalifət olmamaq da olar, əsas məsələ özünü müxalifət kimi təqdim etməkdir. O zaman arzuladığın qrantlara (erməni pulu ilə olsa da eyb etməz, Gürcüstanda dollara dəyişmək problem deyil) qovuşa bilərsən.
Qaldı ki xalqın rəyinə, bu rəy yuxarıda son bir neçə seçkidə tamamilə və rəsmən ifadə olunub. Bundan əlavə, qeyd edildiyi kimi, xəyanətkarları xalqın rəyi yox, xarici ağaların rəyi maraqlandırır. Başqa sözlə, pulu kim verir, onun musiqisi çalınır.
Bu faktdan da çıxış edib dəqiq proqnoz vermək olar ki, sivil yolla hakimiyyətə gələ bilməyən (və ya cəsarət edib seçkilərdə iştirak bilməyən) müxalifət liderləri heç cür lider ola bilməzlər. Bunu özləri də bilir və son vaxtlar edilən etiraflar dediyimi təsdiqləyir. Sadəcə, bütün bu hay-küy ad və para davasıdır, vəssalam.