PDF Oxu

Müxalifət

  • 8

Radikal liderlər siyasi iflasa doğru

Radikal liderlər siyasi iflasa doğru
Seçkilərə qalan vaxt azaldıqca müxalifət düşərgəsində çaxnaşma və vurnuxmalar, həmişə olduğu kimi, şiddətlənir. Real olaraq heç bir iş görə bilməyən ənənəvi müxalifət funksionerləri ancaq müxtəlif ideya və təkliflər irəli sürməklə məşğuldurlar. Müxalifətin "ideya generatoru" Pənah Hüseynov da ekstravaqant və ziddiyyətli açıqlamalarını davam etdirir. Müsavat deputat qrupunun üzvü hələ ötən ilin sonunda verdiyi açıqlamasında, 2009-cu il bələdiyyə seçkilərinin ənənəvi müxalifət və onun liderləri üçün son şans olduğunu bəyan etmişdi. Millət vəkili onların adlarını çəkir. Onun siyahısında Müsavat başqanı İsa Qəmbərov, ALP lideri Lalə Hacıyeva, AMİP lideri Etibar Məmmədov, "ACP" lideri Rəsul Quliyev və AXCP (i) sədri Əli Kərimovun adları var.
Müxalif düşərgədə liderlərə qarşı ən çox ittihamlarla çıxış edən və onlara öz "dəyərli" məsləhətlərini verən P.Hüseynov, bu adamların qarşısında çıxış yolu da qoyur: liderlərin yeganə çıxış yolu seçkilərdə birlik nümayiş etdirmək. Siyasi müşahidəçilər bu tezisin Müsavat mətbəxində hazırlandığını bəyan edirlər. Belə düşünməyə kifayət qədər əsaslar da var. Ona görə ki, bu tezislər təxminən Müsavat başqanı İsa Qəmbərovun tezislərinə oxşayır. Ötən il başqan da prezident seçkilərinə münasibət açıqlayarkən müxalifətin vahid namizəd deyil, vahid elektorat uğrunda mübarizə aparmasını vacib saymışdı. Bu da təəccüb doğurmur. Çünki əslində, başqan yaxşı bilir ki, o, şansını 2003-cü ildə qeyb edib bir daha müxalifətin vahid namizədinə çevrilə bilməz.
Təbii ki, bunu P.Hüseynov da yaxşı bilir, ona görə də, hazırkı siyasi müttəfiqinin maraqlarından çıxış edir. "İdeya generatoru"na məlumdur ki, "ACP" lideri Rəsul Quliyevlə, AMİP lideri Etibar Məmmədovun məğlubiyyətlə barışıb siyasi səhnədən getməyə hazırlaşdıqları yaxın günlərin məsələsidir. Əli Kərimov, Lalə Hacıyeva kimi liderlərin isə müxalifətin vahid namizədinə çevriləcəyi inandırıcı deyil. Bu siyasətçilər özlərinin siyasi reytinqlərini yaxşı bildiklərindən, bu seçkilərdə də boykot taktikasına əl atıblar.
P.Hüseynov, əslində, düz deyir. Həqiqətən də, 2008-ci il prezident seçkiləri İsa Qəmbərov üçün son şans oldu. Seçkilərə qatılıb məğlub olan İ.Qəmbərovun siyasi səhnədən çəkilməkdən başqa yolu qalmayacağı uşağa da aydındır. Yerli və xarici ekspertlər də müxalifətin məğlubiyyətini proqnozlaşdırdılar. Açıq-aşkar bəyan etdilər ki, YAP-ın və onun lideri İlham Əliyevin bu qədər uğurlarının fonunda müxalifətin seçkilərdə nəyəsə ümid etməsi anlaşılan deyil.
Bu kontekstdə "Azadlıq" liderlərini seçkiləri boykotdan danışmağa vadar edən təkcə vahid namizəd məsələsinin həll edilməməsi deyil, həm də seçkilərdə iştirakın perspektivsizliyini dərk etmələri idi. Müsavat başqanını seçkilərə göndərən partiyadaxili qruplaşma liderləri də İsa Qəmbərovun rüsvayçı məğlubiyyətə uğrayacağını gözəl bildiklərindən İsadan sonrakı dövr üçün partiyaya sədrlik imkanlarını artırmağa çalışırdılar. Başqan da seçkidə iştirak edib məğlub olacağını və siyasətdən gedəcəyini bilirdi. Amma onun başqa yolu yox idi. Ona görə də, əvvəlki seçkidə olduğu kimi, boş arzularla yaşayan Müsavat müxalifət düşərgəsində nüfuzunu tamam itirməmək və "ana müxalifət lideri" statusunu kimsəyə verməmək üçün qarşıdakı bələdiyyə seçkilərində iştirak etməyi məqsədəuyğun sayır. Müsavat funksionerlərindən Nurəddin İbadov, Zaur Şəbiyev, Kamran Səlimzadə və başqalarının bizimlə söhbəti zamanı yuxarıda deyilən fikirlərlə tam razı olduqlarını bildiriblər. Qeyd etdilər ki, artıq partiya elektoratı başqandan üz döndərər, xarici qrantlar əldən çıxar və başqanın siyasətdən rüsvayçı şəkildə getməsinin tam yetişən vaxtıdır. Ona görə də, üzüsulu ikən siyasi səhnəni tərk etməlidir.
Bir sözlə, müxalifətin düşdüyü vəziyyəti hamı kimi P.Hüseynov da görür və anlayır. Amma müxalifət liderlərini ittiham edərkən, o özünü o sıraya aid etmir. P.Hüseynov seçkidə siyasətdən gedəcək liderlərin əvəzinə ümumi düşərgəyə "ağsaqqallıq" etmək iddiasındadır. Belə hesab edir ki, növbəti seçkidə bütün düşərgənin vahid namizədi kimi ortaya çıxsın. Bu da ac toyuğun yuxuda darı görməsi kimi, real yox, ancaq virtual yaşantı ola bilər.

Digər xəbərlər