Müxalifət daxilində yenidən qarşıdurma yaranıb
Müxalifət daxilindəki qarşıdurmalar hələ də davam etməkdədir. Bu qarşıdurmaların səbəbkarı, sözsüz ki, həmişəki kimi radikal düşərgəyə rəhbərlik edən AXCP (i) sədri Əli Kərimov, Müsavat başqanı İsa Qəmbərov, "MBH" lideri Lalə Hacıyeva, ALP-nin sədr əvəzi Əvəz Temirxandır.
Hər seçki öncəsi bu "bəy"lərin qarşıdurmaları daha da böyüyür. Yəni, hər biri düşərgənin (daha doğrusu, iflic düşərgənin) bosu olmaq istəyir. Bu isə müxalifət daxilində "vətəndaş müharibəsi"nə səbəb olur. Ancaq bisavad "ağa"ların hələ də müharibəsi bitmək bilmir və ancaq biri-birilərini ittiham edirlər. Necə deyərlər, "kor kora kor deməsə, bağrı çatlayar". Ümumiyyətlə, radikal düşərgənin-müxalifətin sağlam əqidəyə, düşüncəyə, siyasi savada malik liderlərə ehtiyacı var. Çünki İsa "bəy", Ə. Kərimov və b. artıq pas atıb. Əslində onlar heç zaman fəaliyyət göstərməyiblər, ancaq kabinetdə oturub, üzdə dost dedikləri "bəy" həmkarlarının əleyhinə çalışmaqla məşğuldur. Əgər onlar normal fəaliyyət göstərsəydilər, bu fəaliyyətin nəticəsi də bilinərdi. Bütün bunlar, onu deməyə əsas verir ki, Azərbaycanda müxalifət yoxdur, sadəcə, özünü müxalifət hesab edən bir qrup insan var.
Qarşıdurmalardan biri Lalə Hacıyevanın vassalına çevrilən və hələ də ALP-nin sədr əvəzi olan Ə. Temirxanla Müsavat funksioneri Rauf Arifoğlu arasında gedən qarşıdurmadır. Belə ki, A. Raufoğlu rəhbərlik etdiyi qəzetdə "Azadlıq" blokuna qarşı, eləcə də, bu blokda təmsil olunan ALP-nin sədr əvəzinin əleyhinə kompaniya aparır,yəni yazılar dərc etdirir. Qarşı tərəf isə bunu böhtan adlandırır. "Mən belə getsə həm R. Arifoğlunu, həm də onun qardaşını məhkəməyə verəcəyəm. Onlar ancaq mənə şər-böhtan atmaqla məşğuldur"-deyə Ə.Temirxan bildirib. Görəsən, biri-birini məhkəməyə verən müxalifət hansı birlikdən danışır. Onlar birləşərək, hansı formada hakimiyyətə yiyələnmək istəyirlər? Burdan aydın görünür ki, onların, yəni radikal "bəy"lərin "birlik" və "iqtidara gəlmək" istəkləri heç vaxt reallaşmayacaq. Məhz ötən əsrin 90-cı illərinin əvvələrində də onlar biri-biri ilə mübarizə aparırdılar. Bunun da nəticəsində həm torpaqlarımız işğal olundu, həm də xalq "bəy"lərdən üz çevirdi.
Digər bir qarşıdurma isə AMİP lideri Etibar Məmmədovla "ANİF" prezidenti Eldar Namazov arasındadır. Belə ki, E. Namazov yeni siyasi partiya yaradaraq, AMİP-i də ora birləşdirməsi E.Məmmədovun narazılığına səbəb olub. "AMİP mənimdir və mən razı olmaram ki, kimsə onu öz mülkiyyətinə çevirsin. Bunu həm Lalə Hacıyeva, həm də E. Namazov bilsin"-deyə AMİP lideri vurğulayıb.
Beləliklə, neçə illərdir yola gedə bilməyən "bəy"lərin nə istədiklərini heç özləri də bilmirlər. Gərək, Müsvat başqanı, "Yurd" şefi papaqlarını qarşılarına qoyub, yaxşı-yaxşı fikirləşsinlər.