Rəhbərsiz qalan AMİP dağılır
AMİP lideri Etibar Məmmədovun son günlərdə keçirdiyi həyəcan və tökdüyü tər hər halda onun ömründən 10 il alıb. Nəticəsi olmayan, mənasız işlərin arxasınca dayanmadan qaçmaq və sonda məğlub olmaq müxalifətçilərin köhnə peşəsidir. Yeniləşən dünyada və günü-gündən müasirləşən, inkişaf edən Azərbaycanda bu bədbəxtlərin, illərdir ki, heç bir xüsusiyyətləri, peşələri, məqsədləri, düşüncələri dəyişməyib.
AMİP-ə yenidən rəhbərlik etmək istəyinə düşən və bununla bağlı səmərəsiz addımlar atan partiyanın keçmiş rəhbəri bunun bəhrəsini görmədiyi üçün sədrlik istəyindən əl çəkib. Hazırda isə o, partiyanın keçmiş funksionerlərinin Nazim İmanovun və ya İlqar Məmmədovun AMİP-ə sədrlik etməyini istəyir. Lakin onların partiya rəhbərliyinə gəlib-gəlməyəcəkləri bəlli deyil.
Ümumiyyətlə, AMİP-in daxilində yaşanan qalmaqallı proseslərin və kənardan partiyaya edilən müdaxilələrin sonda böyük bir partlayış törədəcəyi və bu partiya məhv olacağı artıq məlumdur. Məlum olan həm də AMİP-də həmkarların bir-birlərinə düşmən kəsilməsidir. Bu düşmənçilik partiyaya rəhbərlik üstündə mübarizə aparanların həm özləri, həm də tərəfdarları arasında gedir. Onlar həqiqətən də gülünc vəziyyətə düşüblər. Ona görə ki, bir zamanlar eyni amal, eyni məqsədə xidmət edirik, deyən bu müxalifətçilərin iç üzü açılıb və onların xalqın mənafeyi üçün deyil, şəxsi istəkləri üçün çalışdıqları açıq-aşkar görünür. Niyyəti çirkin olan bu insanların yürütdükləri siyasətdəki məqsədlərin görünməyən tərəfi qalmayıb. Haqq gec-tez hər kəsi niyyətinə və əməlinə görə mükafatlandırır. Azərbaycanda isə müxalifətçilərin mükafatı yalnız cəzadır. Bu cəza isə artıq onlara həm haqq-ədalət, həm də xalq tərəfindən verilib. Rəhbərsiz qalan AMİP-çilər isə yaxşı olardı ki, özlərinə rəhbər axtarmasınlar, elə bu partiyanın dağılması məsləhətdir. Lakin təəssüfləndirici hal odur ki, AMİP-çilər, müsavatçılar, AXCP (i)-çilər, ALP-çilər və digər müxalifətçilər heç vaxt məsləhətlərə qulaq asmayıblar. Unutmaq olmaz ki, məsləhətli don gen olar. Sonda isə müxalifətçilərə veriləcək ən mühüm sual budur ki, heç bir iş bacarmadıqları halda niyə məsləhətlərə qulaq asmırlar? Axı bacarıqlı insanların, böyüklərin sözünə qulaq asmaq faydalıdır. Böyüyünü tanımayan böyüməz.