“Yeni Müsavat” partiyası təsis edilir
Müsavat daxilində birinin sözü, o birinin boğazından keçmədiyi üçün, demək olar ki, it yiyəsini tanımır. Ona görə də, Müsavatda olanlardan baş çıxarmağın özü elə baş ağrısıdır. Bir də, unutmaq olmaz ki, heç vaxt subardinasiya və etikanı gözləməyi bacarmayan müxalifətçilər daima bir-birini qırmaqla məşğul olublar.
Sadə dillə desək, müxalifət düşəgəsində söz davası düşəndə ağız deyəni qulaq eşitmir. Nəhayət, Müsavat partiyası daxilində olanlar da eyni mənzərənin və eyni ssenarinin sırasında həllini tapmalı oldu. Ötən həftə Müsavatın Divan iclasında da bir çox problemlərin yenidən qaldırılması və açıq şəkildə səslənən ittihamlar bir daha sübut etdi ki, buradakı vəziyyətin düzələcəyi müşkül işdir. Çünki ilk növbədə, bunların normal müstəvidə fəaliyyət göstərməsi üçün özlərinin başında ağıl olmalıdır. Amma görünür ki, belə getsə, bu barədə konkret bir şey demək olmaz. Müxalifətdən ağıllı bir iş gözləmək və ağıllı bir addım atacaqlarına inanmaq qızmar yay günündə qar arzulamaq kimi bir şeydir. Müxalifət kimi üzdəniraq və başı xarabları da elə düşdükləri mühit cəzalandırır.
Bütün bunlara rəğmən, demək olar ki, müxalifət düşərgəsində olanlardan və olacaqlardan kiminsə sorumlu olmasını və günahkar axtarmaq yersizdir. Elə səbəbkar da, baiskar da özləridir. Əgər bir partiya yoldaşı bir-birinin ətini it kimi yeməyə hazırdırsa, daha bundan nə gözləmək olar? Artıq cəmiyyətimizdə onların bu cür davranışlarına və hərəkətlərinə bir növ alışqan olublar. Çünki istənilən bir formada müxalifət qondarma yeni performansının arxasında hansısa, gizlin bir marağın dayandığı bəllidir. Bu mənada, da onların əməllərindən və işlərindən kiminsə baş açması qeyri-mümkündür. 16 ilə yaxındır ki, müxalifət düşərgəsində var-gəl edən Müsavat partiyasının da düşdüyü aqibət eyni ssenarinin məntiqi davamıdır. Partiya təsis edildiyi gündən partiyaya ata malı kimi baxan İsa Qəmbərov kimsə ilə buranı paylaşmağın qeyri-mümkün olduğunu dəfələrlə sübut edib. Müsavat partiyasının daxilində özünə kök salmış qüvvələr isə yoldaş Qəmbərovun bu iddiasına qarşı çıxırlar. Onlar təklif edirlər ki, partiyanın işini asanlaşdırmaq üçün yeni qüvvələr rəhbərliyə gətirilsin və daha çox gənclərə yer verilsin. Məhz bu baxımdan da, İ.Qəmbərovdan narazı olanlar daha çox bir qrup şəklində öz mübarizələrini aparmağa başlayıblar. Onu da qeyd edək ki, artıq uzun müddətdir ki, Müsavat daxilində bu məcrada didişmə gedir. Amma bu günə qədər kimsənin bunun sonunun nə ilə bitəcəyini söyləməməsi və hali olmaması vəziyyəti bir qədər də gərginləşdirmişdir. Bir həqiqəti də vurğulayaq ki, Müsavat daxilində İ.Qəmbərova qarşı ən böyük əngəli "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu yaradıb və yaradırdı. İndi isə R.Arifoğlu İ.Qəmbərov üçün əməlli-başlı problemə çevrilib. Çünki dəfələrlə partiya daxilində ona qarşı ayrı-seçkiliyin olduğunu və bunun, birmənalı olaraq, başqan Qəmbərov tərəfindən edildiyini bildirən R.Arifoğlu əks-təqdirdə tərəfdarları ilə birlikdə qurumdan ayırılacağını və ayrıca "Yeni Müsavat" partiyası yaradacağanı bildirmişdir. İndi isə artıq sözdə deyilənlər əməldə İ.Qəmbərovun qarşısında bir problem kimi qoyulub. Artıq heç bir çıxış yolu qalmayan yoldaş Qəmbərov Raufun təkliflərinə "hə" deməklə vəziyyətdən çıxmağa çalışır. Bunun qarşılığında isə R.Arifoğlu daha kəskin və iddialı görünür. Çünki onu belə bir addım atmağa məhz İsanın özü vadar edib. İş ki, bu yerə gəlib çatıb, indi Müsavatın bir çox fəalları R.Arifoğlunun tərəfinə keçməklə mümkün qədər prosesdən az ziyan çəkmək istəyirlər. Eyni zamanda, güc-bəla ilə fəaliyyətini dayandırmamış qurumun rayon təşkilatları da etiraz əlaməti olaraq partiyadan ayrılıcaqları barədə mərkəzə xəbərlər göndəriblər. Daxildə də vəziyyət gözləniləndən də ağır olaraq, qalmaqdadır. Belə getsə, Müsavat ömürünün növbəti baharında siyasi arenadan birdəfəlik silinəcək. Bunun üçün isə tam əsas və situasiya yetişib.