PDF Oxu

Müxalifət

  • 7

Əli Kərimov İsa Qəmbərovu müxalifətin problemi hesab edir

Əli Kərimov İsa Qəmbərovu müxalifətin problemi hesab edir
Müxalifət partiya liderləri arasında yazılmamış bir qanun mövcuddur: imkan düşsə, şərait yaransa, rəqibinə zərbə endirmək və onu sıradan çıxarmaq.
Bu cür mübarizə üsulu gərgin və kəskin xarakter daşıdığından, partiyalar ciddi itkilərə məruz qalıb. O mənada ki, partiya funksionerləri bir-birini mətbuat səhifələrində şərəf və ləyaqətlərinə toxunan təhqirlər səsləndirdiklərindən, böyük qalmaqallar yaranıb. Nəticədə bəzi zəif iradəli müxalifət funksionerləri siyasətdən getməyə məcbur olublar.
Maraqlı və diqqət çəkən məqam ondan ibarətdir ki, bu günlərə qədər partiyalardan yalnız sıravilər və ya kollegial strukturlarda təmsil olunanlar istefa verirdilərsə, artıq sıralara partiya sədrləri də qoşulmağa başlayıb.
Proseslərin inkişafına əsasən, demək olar ki, yaxın vaxtlarda ya Müsavat başqanı İsa Qəmbərov, ya da AXCP (i) sədri Əli Kərimov siyasətdən getməyə məcbur olacaqlar. Çünki Ə.Kərimov - İ.Qəmbərov qarşıdurması artıq son dərəcə gərginləşərək, kritik xarakter alıb. Demək olar ki, hər gün mətbuat səhifələrin də Ə.Kərimovla İ.Qəmbərovun bir-birini söyüb, təhqir edən ifadələrinə rast gəlinir. Hətta vəziyyət o həddə gəlib çatıb ki, tərəflərin xaricdəki "boss"ları da onların mübarizəsinə dəstək göstərirlər. Belə ki, ötən gün Böyük Britaniyada İ.Qəmbərova maddi və mənəvi dəstək göstərən "Elss" təşkilatı internet saytlarının birinə yerləşdirdiyi informasiyalarda AXCP (i) sədri Ə.Kərimovun müxalifətçi kimi fəaliyyətini pisləyən məlumat yerləşdirib. Məlumatda Ə.Kərimov əqidəsinə və qəbul etdiyi prinsiplərə xəyanət etməkdə günahlandırılır: "Ə.Kərimov üçün siyasi əqidə və ideya birliyi yoxdur. Onun üçün əsas puldur. Bir də ki, mənəvi dəstək".
Məlumatda o da qeyd olunur ki, Azərbaycan müxalifətinin təşkilatlanmasına, cəmiyyətdə güc mərkəzinə çevrilməsinə problemi Ə.Kərimov yaradır. Ə.Kərimova qarşı eyni ittihamlarla "Yeni Müsavat" və "Müxalifət" qəzetləri də səsləndirir. Rauf Arifoğlu köşə yazısında Ə.Kərimovu satqın və xəyanətkar adlandırıb: "Ə.Kərimovdan qurtulsaq, müxalifət güc mərkəzinə çevrilər. Müxalifət cəmiyyətdə aparıcı qüvvə kimi tanınar".
Ə.Kərimovun dayaz, məntiqsiz mövqeyini müdafiə edən "Azadlıq" və "Bizim Yol" qəzetləri də İ.Qəmbərovu təhqir edən, şəxsiyyətini alçaldan yazılar dərc edir.
Bir sözlə, Ə.Kərimovla İ.Qəmbərov meydanda bir-birini didib parçalayırlar. Bu isə, yaxın vaxtlarda tərəflərdən birini sıradan çıxacağından xəbər verir. Çünki güzəşt olmayan mübarizədə tərəflərdən birinin məhv olması labüddür. Kimin siyasi arenanı tərk edəcəyini isə zaman göstərəcək.

Digər xəbərlər